Zelenski müharibənin üçüncü ayını dəyərləndirdi: "Rusiyanın raket ehtiyatı tükənib"

  • 09:47 - 25 May

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynaya təcavüzünün Krımdan başladığını və sonda Rusiya ordusunun bu bölgədən geri çəkilməli olacağını bildirib.

Avropa.info xəbər verir ki, Zelenski "Telegram" hesabında paylaşdığı videomüraciətində Rusiya ilə Ukrayna arasında fevralın 24-də başlayan müharibənin üçüncü ayını dəyərləndirib. 

Müharibənin 90-cı günündə Ukrayna ordusunun Rusiyaya qarşı öz ölkəsini müdafiə etməyə davam etdiyini və üç aylıq dövrün çox çətin olduğunu qeyd edən Zelenski, "Bunlar rus işğalçılarının üç aylıq hərbi cinayətləridir. Hücumların, dağıntıların, blokadaların üç ayıdır”, deyib. 

Müharibənin davam etdiyi 90 gün ərzində ümumilikdə 15 227 Ukrayna əsgəri, polisi və digər rəsmisinin dövlət qəhrəmanı mükafatına layiq görüldüyü barədə məlumatı paylaşan Zelenski işğal altındakı torpaqları xilas etmək üçün mübarizəni davam etdirdiklərini qeyd edərək, bildirib ki, Ukraynanın 1016 yaşayış məntəqəsi işğaldan azad edilib.

Zelenski Ukrayna xalqının bu prosesdə canları bahasına torpaqlarını müdafiə etdiyinə diqqət çəkib.

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Ukraynada “xüsusi hərbi əməliyyatı” qəsdən ləngitməyə çalışdıqları barədə açıqlamasına reaksiya verən Zelenski, Rusiyanın 3 aylıq müddətdə uğursuzluğa düçar olduğunu və indi də “bəhanələr axtarmağa çalışdıqlarını” iddia edərək sözlərini belə davam etdirib: 

"Təxminən 30 minə yaxın rus əsgəri öldü. 200-dən çox təyyarə vuruldu. Minlərlə rus tankı, zirehli texnikası və digər texnikası məhv edildi. Rusiyanın raket sursatları demək olar ki, tükənib. Və bunu yalanlarla ört-basdır etmək istəyirlər ki, döyüşmürlər. Bütün gücləri ilə? Bu kədərlidir, vaxt gələcək və bunu özləri də etiraf edəcəklər”. 

Rusiyanın Donbasda uğur qazana bilməyəcəyini yaxşı bildiyini, lakin buna baxmayaraq, o yeri tamamilə işğal etmək üçün bütün gücünü səfərbər etdiyini müdafiə edən Zelenski, "İndi Donbasda vəziyyət son dərəcə ağırdır. Demək olar ki, Rusiyanın qalan hərbi gücü ora keçib” deyib. 

Vladimir Zelenski həmçinin bəyan edib ki, Ukraynaya lazımi maliyyə dəstəyi vermək və Rusiyaya qarşı daha geniş sanksiyalar tətbiq etmək üçün dünya liderləri ilə görüşləri davam etdirir. 

Rusiyanın Ukraynaya işğalına Krımdan başladığını qeyd edən Zelenski deyib: 

"Rusların işğalı məhz Krımdan başladı. Bu, Rusiya dövlətinin Ukrayna ilə bağlı səhvləri siyahısındakı birinci maddə deyildi, lakin Rusiyanın özü üçün ölümcül səhv olan birinci idi. Məhz bundan sonra Rusiyanın daha az ölümcül səhvləri görünməyə başladı və bütün bunlar onu zəiflədəcək. Və təbii ki, işğalçılar Krımı tərk etməli olacaqlar." 

Rusların müvəqqəti işğal etdiyi Mariupol, Xerson və digər şəhərlərdən geri çəkilməli olacaqlarını qeyd edən Zelenski, “Qətiyyən o yerlərin sahibi olmayacaqlar” deyib. 


Oxunma sayı: 2465

Oxşar yazılar