Azərbaycanın yeganə fransızdilli “Le Carrefour” qəzetinin 15 yaşı tamam olur

  • 11:35 - 14 May

Azərbaycanda fransız dilində nəşr olunan yeganə mətbu orqan “Le Carrefour” (Yol qovşağı) qəzeti Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 14 may 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Bu mətbu orqan ölkəmizdə ilk və yeganə frankofon (fransızdilli) qəzetdir. “Le Carrefour” qəzeti fransız dilində yeganə mətbu orqan olaraq Azərbaycan Mətbuat Şurasının üzvlüyünə qəbul edilib.

Qəzetin yaradılmasında əsas məqsəd Azərbaycan-Fransa, eyni zamanda fransızdilli ölkələr arasında əlaqələrin inkişafına töhfə vermək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, fransızdilli oxuculara ölkəmizi tanıtmaq və xalqımızın milli və mənəvi dəyərlərinin, həmçinin mədəni irsinin təbliğidir. Qəzet özünün ilk sayından Qarabağ həqiqətlərini, ermənilərin tarixi-əzəli torpaqlarımıza qarşı ərazi iddialarının əsassız olduğunu, işğalçılıq niyyətlərini, torpaqlarımızın işğalını, xalqımıza qarşı törədilən faciələri fransız dilində oxuculara çatdırıb.

 Avropa.info xəbər verir ki, “Le Carrefour” qəzeti Azərbaycan və Fransa, eyni zamanda fransızdilli ölkələr arasında mədəni, iqtisadi, elmi əlaqələri inkişaf etdirmək, fransızlari və ümumilikdə, əcnəbiləri ölkəmizdə baş verən sosial-ictimai, mədəni, iqtisadi hadisələr barədə məlumatlandırmaq, onlara öz dillərində informasiya verməklə Azərbaycanı Fransada və fransızdilli ölkələrdə tanıtmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etmək missiyasını öz üzərinə götürüb. 

Fransızdilli “Le Carrefour” qəzeti Azərbaycan mediasında fransızlara və fransızdilli oxuculara ünvanlanan tək nəşrdir. “Le Carrefour” qəzeti sosial şəbəkələrdə də təmsil olunur. Qəzetin Twitter, Facebook, Instagram səhifələri var.

Qəzetin əsas ideyası və fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin öz çıxışlarında dəfələrlə səsləndirdiyi xarici media resursları ilə media sahəsində daha sıx əlaqələrin yaradılması və Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün xarici media məkanına daha çox çıxış imkanının əldə olunması istiqamətinə yönəlib. Qəzetin 110 ölkənin mediasını birləşdirən və baş ofisi Parisdə yerləşən Beynəlxalq Fransızdilli Mətbuat Birliyi (L’Union İnternationale de la Presse Francophone-UPF) və Fransanın TV5 kanalı ilə (TV5Monde), o cümlədən Beynəlxalq Frankofoniya Təşkilatı (L’Organisation İnternationale de la Francophonie-OİF), Frankofoniya Universitetləri Agentliyinin (L’Agence universitaire de la Francophonie-AUF) Mərkəzi və Şərqi Avropa üzrə ofisi və digər fransızdilli beynəlxalq təşkilatlar ilə əlaqələri var. Fransada bu qəzeti Azərbaycanın yeganə frankofon qəzeti kimi tanıyırlar. Qəzet fransızdilli əcnəbilərin hər zaman böyük marağına səbəb olub, Fransa rəsmiləri ölkəmizə səfər edərkən eksklüziv açıqlamaları məhz bu qəzetə veriblər.

Fransa Xarici İşlər və beynəlxalq inkişaf nazirinin müavini Florans Mangən 2017-ci ildə Bakıya səfəri zamanı eksklüziv olaraq Azərbaycan mediasına yeganə müsahibəsini məhz “Le Carrefour” qəzetinə verib.

İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpən 2008-ci ildə Azərbaycana səfəri zamanı ölkənin frankofon nəşri “Le Carrefour” qəzetinin mövcudluğunu böyük maraqla qarşılayıb.

Fransanın TV5Monde kanalında yayımlanan, geniş tamaşaçı kütləsinə malik “Destination Francophonie” (İstiqamət Frankofoniya) verilişinin aparıcısı milyonlarla izləyicisi olan sosial şəbəkədəki rəsmi səhifəsində “Le Carrefour” qəzeti haqqında paylaşım edərək,  “Azərbaycanın yeganə frankofon qəzetini kəşf edin” sözlərini yazaraq, ölkəmizdə belə bir nəşrin olmasını vurğulayıb.

“Le Carrefour” qəzetinin təşəbbüsü və təşkilatçılığı ilə 2008 və 2012-ci illərdə “Azərbaycanda xaricidilli KİV-in durumu: problemlər və inkişaf perspektivləri” mövzusunda Azərbaycan Mətbuat Şurası ilə əməkdaşlıqda dəyirmi masalar təşkil edilib. Eyni zamanda, 2016-cı ilin yanvar ayında qəzetin təşəbbüsü ilə Jurnalist Qadınlar Assosiasiyası ilə birgə Azərbaycanın ilk şəhid qadın jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın anım günü ilə əlaqədar tədbir təşkil olunub.

2016-cı ildə “Le Carrefour” qəzetinin təşəbbüsü ilə “Azərbaycanın xaricidilli KİV-i beynəlxalq müstəvidə” mövzusunda konfrans keçirilib.

2017-ci ildə Fransanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Azərbaycanda keçirilən “Frankofoniya həftələri” çərçivəsində Fransız Mədəniyyət Mərkəzində “Le Carrefour” qəzetinin təqdimatı keçirilib. Tədbirdə Fransanın ölkəmizdəki səfiri, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatları, aparıcı media nümayəndələri, mətbu orqanların baş redaktorları iştirak ediblər.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün qorunması uğrunda apardığı 44 günlük müharibədə, xalqımızı Zəfərə aparan şanlı günlərdə də Azərbaycanın yeganə fransızdilli “Le Carrefour” qəzeti sosial şəbəkələrdə Azərbaycan həqiqətlərinin yayılması, fransızdilli auditoriyaya çatdırılması üçün səylərini artırıb. Ermənistan tərəfindən ölkəmizə qarşı hərbi cinayətlərin törədilməsini, erməni vəhşiliyini əks etdirən fotoların müşayiətilə paylaşımlar edilib. Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər şəhərlərində dinc əhalinin, o cümlədən uşaq və qadınların Ermənistanın raket hücumuna məruz qalması nəticəsində qətlə yetirilməsini əks etdirən fotolar və məlumatlar “Le Carrefour” qəzeti adından Fransanın nüfuzlu və tanınmış media orqanlarına, o cümlədən Le Monde, Le Figaro, Le Point, France24, Courrier international, La Liberation və digər bir sıra qəzetlərə göndərilib. Fransa Senatının ermənilərin lehinə qətnamənin qəbulu ilə bağlı canlı yayım vasitəsilə iclası zamanı “Le Carrefour” qəzeti adından fransız ad-familiyası adı altında gizlənərək ölkəmizə qarşı mövqe sərgiləyən ermənilər və digər ermənipərəst istifadəçilərə tutarlı cavablar verilib.

Qəzetin təsisçisi, fransızdilli jurnalist Zeynab Kazımovanın Fransa mediasında Qarabağ həqiqətləri, Azərbaycanın Zəfər qələbəsi, Şuşa bəyannaməsi, Qarabağ atları, Azərbaycan xalçaları, 30 ilə yaxın erməni işğalında qalan Qarabağda bütün şəhər və kəndlərin, infrastruktun, o cümlədən Ağdamın ermənilər tərəfindən dağıdılması, Ermənistanın mina xəritələrinin Azərbaycana verməməsi nəticəsində mülki əhalinin mina partlamasında həyatını itirməsi və digər məsələlərlə bağlı məqalələri dərc olunub. O, xidməti fəaliyyətini yerinə yetirərkən həlak olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) operatoru Sirac Abışovla bağlı “Le Carrefour” qəzeti adından fransızdilli həmkarlarına müraciət edib. 

Hazırda qəzet maliyyə çətinliyi ilə bağlı nəşrini dayandırıb.


Oxunma sayı: 1409

Oxşar yazılar