
Bütün dünyanın gözü Putində! Savaşı bitirəcək, yoxsa total müharibəyə başlayacaq? (ŞƏRH)
- 20:42 - 08 May
Bütün dünya sabah Rusiyanın 9 May Qələbə Günü mərasimlərində verəcəyi mesajlara yönəlib.
Avropa.info xəbər verir ki, faşizmin məğlub edilməsinə həsr olunmuş mərasimlərdə Vladimir Putinin nə deyəcəyi maraqla gözlənilir.
Bəzi ekspertlərin fikrincə, Rusiya Ukrayna müharibəsində məyus olub. Gözlədiyi qısa və asan qələbəni qazana bilməyib və ukraynalıların böyük müqaviməti ilə qarşılaşıb. Bildirilir ki, Putinin qarşısında iki seçim var. İddialara görə, Putin mayın 9-da paytaxt Moskvadakı çıxışında “qələbəni elan edəcək”. O, bir müddət Donbasın bir hissəsinə nəzarət edən, Kiyevdən çəkilən və Mariupol üzərində nəzarəti ələ keçirən Rusiya ordusunun qələbəsini açıqlayacaq. Və bu, müharibəni bitirəcək.
Vladimir Putin qarşısında başqa bir variant isə müharibəni bütün Ukraynaya yaymaqdır. Bu məsələ ilə bağlı ictimai təzyiqlər çoxdur. “Müharibəyə son” etirazları rekord sayda həbslərlə səngisə də, Rusiya televiziyası Ukraynanın suverenliyinə məhəl qoymadan verlişlər təqdim edir. Hətta Putini nüvə silahından istifadəyə çağıranlar da var.

Rusiya iqtisadiyyatı sanksiyalar və dünyada artan iqtisadi böhran səbəbindən çətin günlər yaşayır. “Rusiya Ukraynada uğur qazana bilmədi” şərhləri də Putinə təzyiqi artırır. Rusiya prezidentinin Ukraynaya qarşı “total müharibə” variantına üstünlük verəcəyi, hətta milli səfərbərlik elan edəcəyi iddia edilir. İddianı Böyük Britaniyanın müdafiə naziri Ben Uolles də səsləndirib.
Moskva bu bəyanatları tez bir zamanda təkzib etdi. Kremlin sözçüsü Dmitri Peskov iddiaları “cəfəngiyyat” adlandırıb. "Bunun baş verməsi ehtimalı azdır" deyib.
Bununla belə, Rusiya uzun müddət idi ki, Ukraynaya hücum edəcəyi ilə bağlı Qərbin kəşfiyyat məlumatlarını təkzib edirdi. Lakin, fevralın 24-də müharibəyə başladı.
Mayın 9-da Moskvanın necə bir yol tutacağı maraqla gözlənilərkən, hər iki variantın bütün dünyaya təsir edəcəyi ilə bağlı şərhlər verilir
AVROPA.info -nun ekspert qrupu