ABŞ telekanalından Səlçuk Bayraktarla özəl REPORTAJ - "Bayraktar"lar Ukraynanın müdafiəsində kilid rol oynayır: "Adına mahnılar qoşulur..." (FOTO)

  • 22:02 - 08 Aprel

Rusiya ilə Ukrayna arasında müharibə 40 gündən çoxdur davam edir. Savaşın diqqət çəkən məqamlarından biri olan "Bayraktar TB2" PUA-lar bütün dünyanın gündəmindədir. Qarabağdakı uğurları ilə adından söz etdirən Türkiyə istehsalı olan PUA-lar indi də Ukraynada görəvdədir. Xeyli sayda rus zirehli texnikası, tankları "Bayraktar"lar tərəfindən məhv edilib. 

Avropa.info xəbər verir ki, döyüş bölgəsindəki uğurlarına görə adına ukraynalılar tərəfindən mahnıların qoşulduğu "Bayraktar TB2" PUA-lar ABŞ mediasının da diqqətini çəkib. CNN İnternational telekanalı Türkiyə PUA-larının uğurlarından danışmaq üçün Səlçuk Bayraktardan müsahibə alıb.

CNN-dən Jomana Karadsheh tərəfindən hazırlanan xəbərdə "Bayraktar TB-2"-lərin Rusiya qüvvələrinə qarşı göstərdiyi performans səbəbiylə rus əsgərlərinin irəliləyişinin ləngidiyi diqqətə çatdırılıb. PUA-ların Ukraynanın Rusiya işğalına qarşı müdafiəsində əsas rol oynadığı bildirilən xəbərdə ukraynalıların "Bayraktar"ın şəninə təriflər yağdırdığı qeyd olunub.

"TB-2"-lərin Liviya və Qarabağdakı performansları ilə tanındığı qeyd edilərək, onların Ukraynada Rusiya müdafiə sistemlərinə və qoşunlarına qarşı uğurlu müdaxilələri ilə bütün dünyada məşhurlaşdıqları bildirilib.

Səlcuq Bayraktar Karadshehə verdiyi açıqlamada "TB-2"-lərin əsas sinif taktiki Pilotsuz Uçuş Aparatı olduğunu və ondan gözlənilənləri həyata keçirdiyini bildirib. 

"PUA-lar üzərinə düşəni edir. "Bayraktar TB-2"-lərin Ukraynadakı uğurlu qrafikinə gəlincə isə insanların həyatını xilas etməklə öyünmək istəmirəm, insanlar öz həyatlarını riskə ataraq vətənlərini qanunsuz işğala qarşı qoruyurlar. Bu, cəsur Ukrayna xalqının və rəhbərliyinin işidir. Əlbəttə ki, sizə texnologiya, bilik, yüksək texnologiya və yerli müdafiə qabiliyyəti lazımdır. İnsanların həyatının təhlükə altında olduğu, hətta uşaqların və mülki şəxslərin öldüyü bir yerdə bunu hər hansısa texnologiya ilə müqayisə etmək istəmirəm."

"Bayraktar"ların ukraynalılar arasında bu qədər məşhur və simvolik hala gəlməsini də dəyərləndirən Səlcuq Bayraktar, "Məncə, TB-2 müqavimətin simvollarından biridir və onlara ümid verir", deyib.

Avropa.info


Oxunma sayı: 23618

Oxşar yazılar