Ukraynadan Rusiyaya mühüm MESAJ: "Türkiyə məsələsində israrlıyıq"

  • 11:16 - 02 Mart

Rusiyanın işğal cəhdinin 7-ci gününə girdiyi bir vaxtda tərəflər arasında ilk diplomatik təmas Belarusun Qomel vilayətində keçirilən görüşlə edilib.

Avropa.info xəbər verir ki, Qomeldə keçirilən kritik danışıqlara da qatılan 6 nəfərlik nümayəndə heyətinin arasında olan Ukraynanın deputatı və Təmas Qrupu Nümayəndə heyətinin rəhbərinin müavini Rüstəm Umarov ilk təmasın vacib olduğunu və nümayəndə heyətinin ümumi fikir mübadiləsi apardığını bildirib. 

"Tərəflərin tələbləri məsələsində əsas xətləri aydındır. Hazırda yol xəritəsini müəyyənləşdirməyə və danışıqları növbəti mərhələyə keçirməyə çalışırıq. Danışıq yolu bu dağıntının qarşısını almaq üçün ən rasional həll yoludur. Biz ölümləri və qanı dayandırmaq üçün masa arxasındayıq”, - deyə o bildirib. 

Rusiya nümayəndə heyəti ilə ilk görüşün keçirildiyi Belarusun Rusiya lehinə müharibəyə cəlb edildiyini xatırladan Umarov, "Növbəti masanın neytral ölkədə qurulmasını istəyirik. Çoxlu ölkə və variant var, amma biz bunun İstanbulda, Ankarada və ya başqa bir türk şəhərində olmasında israr edirik. Türkiyənin dayandığı yer etibarı ilə bu zəmin həm Rusiya, həm də Ukrayna üçün ən sağlam seçim olardı”, deyib. 

Hər iki nümayəndə heyətinin bir sıra tələblərinin olduğunu bildirən Umarov deyib ki, hazırda gizli saxlanmalı olan bəzi şeylər müzakirə olunub: "Davam edən bombardmanların dayandırılması, mülki əhalinin ölümlərinin dayandırılması və şəhərlərin dağıdılmasının qarşısının alınması üçün diplomatiyaya daha çox şans verilməlidir. Hər şeyə rəğmən, Ukrayna tərəfi sülh tərəfdarıdır, konstruktivdir və nikbin olmağa davam edəcək”. 

Bu gün Rusiya və Ukrayna nümayəndələri arasında ikinci görüş keçiriləcək.


Oxunma sayı: 2751

Oxşar yazılar