Nazarbayev 8 milyard dolları ABŞ-a qaçırdı : Eks-prezidentinin biznes imperiyası ABŞ vasitəsilə idarə olunur - SENSASİON HESABAT

  • 00:40 - 21 Fevral

Beynəlxalq Jurnalist  Araşdırmaları Bürosu (TBIJ) Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin fəaliyyəti dövründə 8 milyard dollara yaxın  topladığı  sərvəti saxlamaq və nəzarət etmək üçün Böyük Britaniyadan istifadə etdiyi barədə hesabat yayıb.

Təşkilatın hesabatından belə çıxır ki, 2020-ci ildə Böyük Britaniyada Nazarbayev adına özəl fondlar tərəfindən idarə olunan, rəsmi olaraq xeyriyyə, sosial və vətənpərvərlik layihələri  həyata keçirən “Jusan Technologies” holdinqi yaradılıb. 

TBIJ-nin məlumatına görə, üç fond, o cümlədən Nursultan Nazarbayev Fondu 2020-ci ildə yaradılmış  Jusan Technologies holdinqinə nəzarət edir.

Qazaxıstanda aşırdılan heykəllər, Azərbaycanda da ola bilər - Azərbaycan  Xalq Hərəkatı

2021-ci ilin oktyabrında jurnalistlərin əldə etdiyi sənədlər göstərir ki,  “Jusan Technologies”in  səhmləri Qazaxıstanın güc elitasının nümayəndələrinə və Birləşmiş Ərəb Əmirliklərinin hakim dairələri ilə əlaqəli şirkətlərə məxsusdur.

2021-ci ilin oktyabr ayına olan məlumata görə, “Jusan Technologies”in ümumi aktivləri ABŞ Xəzinədarlığı istiqrazları, Qazaxıstan və Qırğızıstanın dövlət istiqrazları və 3 milyard dollardan çox nağd pul daxil olmaqla 7,8 milyard dollar təşkil edir.

TBIJ-in məlumatına görə, holdinqin aktivlərinə əsasən, Qazaxıstanda, həmçinin Lüksemburq, Böyük Britaniya, BƏƏ və ABŞ-da yerləşən banklar, telekommunikasiya şirkətləri və pərakəndə satış şirkətləri daxildir. Sənədlərdən görünür ki, “Jusan Technologies” in xalis aktivləri 2020-ci ilin sonunda 1,6 milyard dollar, xalis mənfəəti isə 550 milyon dollardan çox olub.

“Jusan Technologies”in strukturunda ən  böyük  biznes Qazaxıstanın banklarından biri olan “First Heartland Jusan Bank”a məxsusdur.  Bu bankın sədr müavini, keçmiş baş nazirin müavini və 2015-ci ilə qədər Nazarbayevin  köməkçisi Yerbol Orınbayev “Jusan Technologies” in direktoru olub və bu şirkətdə 4,6% paya sahib olub.

Jurnalistlər Nazarbayevin qardaşı oğlunun qızı ilə evlənmiş oliqarx, Qazaxıstanın Suveren Fonduna rəhbərlik etmiş Qalimjan Yesenovun da adını çəkirlər. TBIJ-in məlumatına görə,  onun da  “Jusan Technologies”də ciddi payı olub.  

Araşdırma çərçivəsində jurnalistlər Londonda  Nazarbayev Fondunun maraqlarını təmsil edən “Boies Schiller Flexner” hüquq firması ilə əlaqə saxlayıblar. Onlar 2021-ci ilin sonunda “Jusan Technologies”in sahibinin dəyişdiyini bildiriblər. Məlum olub ki, “Jusan Technologies” in yeni sahibi ABŞ-da yaradılan  “Jysan Holdings LCC”-dir. Amma izi itirmək mümkün olmayıb, çünki ABŞ holdinqinin sahibinin  Nazarbayev Fondunun rəhbəri Aslan Sarinjipovun olduğu üzə çıxıb.   O, 2013-2016-cı illərdə Qazaxıstanın təhsil və elm naziri olub.

Beləliklə, jurnalistlər qeyd edirlər ki, hazırda Qazaxıstanın eks-prezidentinin biznes imperiyası ABŞ vasitəsilə idarə olunur.

Bu yaxınlarda Leyboristlər Partiyasından olan deputat Marqaret Hodc iddia edib ki, Nazarbayev xeyriyyə fondlarından “Jusan Technologies” vasitəsilə ona məxsus aktivlərə “gizli şəkildə nəzarət etmək” üçün istifadə edib. Onun sözlərinə görə, Böyük Britaniya şübhəli yollarla əldə edilən sərvətlərə göz yumur və Qazaxıstan elitasının bir sıra nümayəndələri Nazarbayev rejimi dövründə varlanıblar.

"Britaniya sərhədlərini, daşınmaz əmlak bazarını, maliyyə strukturlarını Qazaxıstanın hakim sinfinə açaraq, onlara qanunsuz yolla əldə edilmiş vəsaitləri yuyub xərcləməyə imkan verib", - deputat Marqaret Hodc parlamentdə deyib.

Parlamentarinin sözlərinə görə, Britaniya hakimiyyəti bu cür qanun pozuntularının qarşısını almaq üçün ölkədə qüvvədə olan qanunları tətbiq etmir.

Bu xəbərlər fonunda məlum olub ki, Britaniya hakimiyyəti yaxın vaxtlarda ölkə iqtisadiyyatına investisiya yatırılması müqabilində yaşayış icazəsi almaq sistemini ləğv etmək niyyətindədir.

Yerli KİV-in məlumatına görə, hakimiyyət uzun müddətdir ki, bu sxemdən “cinayətkar elementlər, habelə Rusiya, Çin, Qazaxıstan kimi ölkələrin çox zəngin vətəndaşları tərəfindən sui-istifadə olunduğundan narahatdır.   

musavat.com


Oxunma sayı: 23321

Oxşar yazılar