Ermənilərin Qaradağlı kəndində törətdiyi qətliamdan 30 il ötür

  • 09:59 - 17 Fevral

Bu gün Qaradağlı faciəsinin ildönümüdür.

Faciədən 30 il ötür.

Xocavənd rayonunun Qaradağlı kəndi erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparıb. Kənd 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, erməni işğalçıları dinc əhaliyə qarşı soyqırımı həyata keçirib. 30 il əvvəl burada törədilən qətliam, kənd sakinlərinə verilən işgəncələr 200 ilə yaxın müddətdə erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı, Azərbaycan türklərinə bəslədikləri nifrətin nəticəsi idi.

Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə yerləşir. 1988-ci ildə Dağlıq Qarabağda erməni separatçılarının baş qaldırdığı vaxt Xocavənd rayonunun Qaradağlı kəndinin də faciəli günləri başladı. Kəndin sakinləri böyüyüb boya-başa çatdıqları doğma yurdun hər qarışı, hər daşı uğrunda mübarizəyə qalxdı, onlarla kənd sakini ermənilərə qarşı qeyri-bərabər döyüşlərdə şəhid olub.

1990-cı il noyabrın 24-də 3 nəfər kənd sakini Xocavənd-Xankəndi yolunun 6-cı kilometrliyində erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirilib. 1991-ci il yanvarın 9-da kəndə gələn UAZ markalı avtomaşın ermənilər tərəfindən atəşə tutulub, 1 nəfər öldürülüb, 4 nəfər yaralanıb. Onlardan 2-si sonralar aldığı yaralardan dünyasını dəyişib.

Ermənilər 1991-ci il martın 8-də kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetiriblər. Həmin il iyunun 28-də kəndin yanındakı fermada 6 sakin - 3 kişi və 3 qadın diri-diri yandırılıb. 1991-ci il sentyabrın 8-də Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu Xocavənd-Xankəndi yolunun 5-6-cı kilometrliyində erməni quldurları tərəfindən atəşə tutulub. Avtobusdakı 40 nəfərə yaxın sərnişindən 2 kişi, 6 qadın həlak olub. 1992-ci il yanvarın 8-də kəndin yaxınlığında daha bir azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, 100-ə yaxın qoyun ermənilər tərəfindən qənimət kimi aparılıb.

1991-ci il dekabrın 19-da Xocavənd kəndi, 1992-ci il fevralın 12-də isə Şuşanın Malıbəyli kəndi işğal edilərək yandırılıb. Növbəti hədəf Qaradağlı idi. Kənddə vəziyyət getdikcə çətinləşir, faciənin törədiləcəyi gün yaxınlaşırdı.

1992-ci il fevralın 14-də erməni quldurları xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalan Qaradağlı kəndinə hücuma keçdilər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə apardı. Döyüşlərdə biri qadın olmaqla, 14 nəfər həlak oldu. Silah-sursatı tükənən soydaşlarımız sonda ermənilər tərəfindən əsir götürüldülər və onların növbəti məşəqqətləri başlandı.

Kəndin Bəylik bağı adlanan ərazisində 23 sakin erməni cəlladları tərəfindən güllələndi, əksəriyyəti yaralı halda diri-diri silos quyusunda basdırıldı. Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülərək güllələndi. İki nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürüldü. Girovluqda olan 8 kənd sakinini ermənilər əzab və işgəncələr verərək amansızlıqla qətlə yetirdilər. Dörd nəfər müxtəlif vaxtlarda şəhid oldu. Beş nəfərin taleyi bu günə qədər məlum deyil.

Qaradağlı soyqırımı zamanı şahidlərin xatirələri

İlqar Hüseynov Qaradağlı müsibətini görmüş kənd sakiblərindən biridir. O, ailə üzvlərilə birlikdə 1992-ci ilin fevral ayında ermənilərə girov düşüb. İlqar Hüseynov iki ay erməni girovluğunda qalarkən olmazın müsibətlərə düçar olub. İlqar Hüseynovun dediklərindən:

"Qaradağlı camaatı arasında elə bir ailə yoxdur ki, erməni vəhşiliyindən öz nəsibini almasın. Kəndimiz 1992-ci ilin fevral ayında işğal olunub. Amma hələ 1991-ci ilin sentyabrında ermənilər Qaradağlı camaatına divan tutmuşdu. Sentyabr ayının 8-də ermənilər Ağdam-Qaradağlı avtobusunu atəşə tutmuşdular. 8 nəfər yerindəcə həlak olmuş, 10-dan artıq günahsız insan ağır yaralanmışdı.
1992-ci il fevral ayının 15-də ermənilər Qaradağlını dörd bir yandan atəşə tutdular. Evlərin əksəriyyəti alova bürünmüşdü. Atışma iki gün davam etdi. Kənddə qalan 118 nəfərdən 25-i həlak olmuşdu. Dörd nəfər isə ağır yaralıydı. Gecə yaralıları da götürüb yola düzəldik. Aramızda 10 qadın və iki uşaq vardı. Ermənilər bizi təqib edirdilər. Patronumuz qurtardığı üçün onlara müqavimət göstərə bilmirdik.

Ermənilər hamını əsir götürdülər. Kişiləri qadınlardan və uşaqlardan ayırdılar və bizi ayrı-ayrı maşınlara mindirdilər. Bizi erməni qəbiristanlığına gətirdilər. Dedilər ki, 9 nəfər könüllü aşağı düşsün. Heç kim yerindən tərpənmədi. Bundan qəzəblənən erməni quldurları avtomatla maşına atəş açdılar. 10-15 nəfər yerindəcə öldü. Təxminən 20 nəfər isə ağır yaralandı. Vəziyyətin ağır olduğunu görən kənd sakinlərindən biri qaçmaq istədi. Onun bu hərəkti erməniləri daha da qəzəbləndirdi. Onlar bizi yenidən atəşə tutdular. Ölənlərin sayı 32 nəfərə yüksəldi. Sonra bizi Xankəndinə apardılar. Bizi iki ay Xankəndi həbsxanasında saxladılar.

Həbsxananın pəncərələri yox idi. Hər gün qar yağırdı. Şaxta insanın iliyinə işləyirdi. Girovların hamısını dizə qədər suyun içində saxlayırdılar. Bizə üç gündə bir dəfə əl boyda qara çörək verirdilər.

Ermənilər bizi gündə ən azı beş-altı dəfə döyür, müxtəlif işgəncələr verirdilər. Bir neçə nəfər işgəncələrə dözmədiyi üçün elə həbsxanadaca dünyasını dəyişdi. Armaturla vurub səkkiz nəfərin qabırğalarını qırmış, ayaqlarını sındırmışdılar. İki nəfəri isə divara çırpıb beynini partlatmışdılar. Onlar təkcə kişilərə deyil, qadınlara və uşaqlara da bu cür dəhşətli işgəncələr verirdilər. İki ay sonra Qızıl Xaç Cəmiyyətinin köməkliyi ilə bizi azad etdilər. Mənimlə birlikdə girovluqda olmuş bir neçə nəfər azadlığa çıxından sonra dünyasını dəyişdi. Həmin vaxtdan 19 il keçsə də, ermənilərin verdiyi işgəncələrin ağrısı hələ də canımdan çıxmayıb.

Hüseynova Həqiqətin dediklərindən:

" Erməni silahlıları bizi mühasirəyə almışdılar. Gözümüz nələr görmədi? - Kəndçimiz Eldarı gözümüzün qabağında ağacnan öldürdülər. - Ağacnan, döyə-döyə. Kənddə yolun, asfaltın qırağında "Pir" deyilən yerdə öldürdülər onu. Töküldülər, ağacnan döyüb öldürdülər. Sonra da mənim gəlinimin atasını öldürdülər. Heç bilmədim nə ilə vurdular amma kişinin başı iki yerə paralandı. Sonra da qoydular maşının altına əzib tanınmaz hala saldılar. Cəmiyyət (Ningi) kəndi yanında Zahid adlı kəndçimizi öldürdülər. Qardaşı qışqırmaq istəyəndə əlimi tutdum ağzına ki, səsi eşidilməsin. Əlimi qan çıxana qədər dişləmişdi. Vaqif idi adı... Allah ölənlərinizə rəhmət eləsin, həmin əzablara dözmədi öldü. "

Nofəl Əliyevin dediklərindən:

"Xankəndi türməsində əsir idik. Bir cavan kəndçimiz vardı - Vətən adında, onu gözümün qabağında öldürməyə apardılar. Türmədə bizə nəzarət edən ermənidən soruşdum ki, o uşağı hara apardılar? Dedi ki, apardılar qəbirstanlığımıza, qəbir üstündə başını kəsməyə... Belə vəhşiliklə öldürmüşdülər onu...
Bizi kameralarda beş-beş, altı-altı saxlayırdılar. Hər beş nəfər əsirə gündə bir parça çörək verirdilər, bir də balaca stəkanla bir su. O balaca stəkandakı su ilə sadəcə dodağımızı isladırdıq ki, ölməyək...

Bizə bütün günü işgəncə verirdilər. Ermənilər kimin qızıl dişləri var idisə onu zorla əsirlərin ağzından çıxarırdılar. Kim müqavimət göstərmək istəyirdisə döyüb öldürürdülər. Mənim də dişlərimi zorla çəkib çıxardılar.

Azərbaycan Milli Ordusunun qadın zabitlərindən biri olan Sabirə Mahmudova da soyqırım aktının şahidlərindən biridir. O, bu sözləri demişdir:

"Uzun müddətdir mühasirədə olan Qaradağlıya ərzaq daşıyan helikopter 12 yanvar 1992-ci ildə ermənilər tərəfindən vuruldu və kəndin əhalisi taleyin ümidinə buraxıldılar...Fevralın əvvəlində Erməni Silahlı Qüvvələri 366-cı motoatıcı alayın yardımı ilə Qardağlıya yenidən hücum etdilər. Əhali müqavimətə davam etdi. 15 yanvarda olan elan etmişdilər ki, son damla qanlarına qədər döyüşəcəklər...1991-ci ilin yayından uşaqlar, yaşlılar və qadınlar kənddən helikopterlər vasitəsi ilə evakuasiya edilmişdilər. Təxminən kənddə oğlanlarına, ərlərinə baxmaq və əsgərlərə yeməy hazırlamaq üçün 11 qadın qalmışdı...14 fevralda ermənilər kəndə yenidən hücum etdilər...Mən hələ də silah səslərini və günahsız insanların qışqırıqlarını eşidə bilirəm...

Beləliklə, 1992-ci il fevralın 17-də Qaradağlı kəndi erməni silahlıları tərəfindən işğal olunaraq yandırıldı. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladları öldürülənləri və yaralıları bir yerdə təsərrüfat quyusuna töküb, üzərini torpaqlayıblar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Əsir götürülənlərdən 10-u qadın, 2-si məktəbli olub. Azad olunanlardan 18 nəfəri aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi idi. Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə başçısını itirib, 146 uşaq yetim qalıb. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.

Qaradağlı faciəsinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə "Soyqırımı: Qaradağlı", "Soyqırımı Qaradağlı: davam edir..." və "Qaradağlı, mübarizə" sənədli filmləri çəkilib, "Qaradağlı soyqırımı şahidlərin dili ilə" adlı kitab hazırlanıb. Bundan başqa, şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Yeni Qaradağlı, Yeni Xocavənd qəsəbələrində və Nərgiztəpə ərazisində abidə kompleksləri ucaldılıb.


Oxunma sayı: 8130

Oxşar yazılar