Türkiyə Parlamentinin Xarici Əlaqələr Komissiyası Şuşa Bəyannaməsini təsdiq etdi

  • 14:08 - 03 Fevral

Türkiyə Parlamentinin Xarici Əlaqələr Komissiyası Azərbaycan Respublikası ilə Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsini təsdiq edib. 

Avropa.info xəbər verir ki, komissiyanın iclası Ədalət və İnkişaf Partiyasının İstanbuldan olan millət vəkili Akif Çağatay Kılıçın sədrliyi ilə Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıranın iştirakı ilə keçirilib. 

Görüşdə çıxış edən Kıran Qafqazın strateji əhəmiyyətini vurğulayaraq, bu regionda baş verənlərin Türkiyə və Azərbaycanın maraqları ilə sıx bağlı olduğunu qeyd edib. 

Onun sözlərinə görə, hər iki ölkə “Bir millət, iki dövlət” prinsipi ruhunda fəaliyyət göstərir və bu yanaşma digər ölkələri ruhlandıran nümunəyə çevrilib. 

“Türkiyə Azərbaycanla əlaqələrin yüksək səviyyədə saxlanmasına böyük əhəmiyyət verir. Azərbaycanın Türkiyəyə sərmayələri 20 milyard dolları, Türkiyənin Azərbaycana sərmayələri isə 12 milyard dolları ötüb. Biz hərbi və digər sahələrdə müxtəlif müqavilələr imzaladıq, birgə hərbi təlimlərin miqyasını genişləndirdik. Türkiyə Azərbaycanla münasibətlərini tarixi və hüquqi məsuliyyət hesab edir”, - Kıran bildirib. 

Millət vəkillərinin suallarını cavablandıran Türkiyə XİN rəhbərinin müavini Qarabağda 132 kvadrat kilometr ərazinin minalardan təmizləndiyini və bu istiqamətdə səylərin davam etdiriləcəyini bildirib. 

Kıran bildirib ki, Qarabağda 9 müxtəlif şirkət fəaliyyətini davam etdirir, bölgənin yenidən qurulması və dirçəldilməsi üçün hər cür səy göstərilir. 

Müzakirələrin sonunda Türkiyə parlamentinin xarici əlaqələr komissiyası Azərbaycan Respublikası ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa bəyannaməsini təsdiq edib.


Oxunma sayı: 4236

Oxşar yazılar