BAKI - “BADKUBE” DEYİL: Paytaxtımızın adının etimologiyası ilə bağlı maraqlı FAKTLAR

  • 14:52 - 30 Dekabr

44 gün davam etmiş Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə xaricdə fəaliyyət göstərən bəzi saytlar Azərbaycan Respublikasının paytaxtı  Bakı şəhərinin adını  qəribə bir inadla  “Badkube” şəklində tirajlamaqda, BMT-nin tam hüquqlu rəsmi üzvü olan dövlətimizin adınıtəhrif edərək yazmaqdadır. Bu yazıda Bakı sözünün etimoloji təhlilinə və dil məsələlərinə işıq tutmağa çalışacağıq.

Xronoloji ardıcıllığa görə, Bakı haqqında yazılı qaynaqlarda təsbit olunmuş ilk məlumat Böyük Hun imperatoru Atillanın zamanında ( 434-453-cü illər) diplomatik  görəvlə onu ziyarət etmiş romalı diplomat Priskosa ( 410?- 472) aiddir. Priskosun qələminə məxsus olan 8 cildlik Bizans tarixində Bakı şəhərinin adı “Baki” şəklində xatırlanmışdır. “Ərəblərin Herodot”u ləqəbi ilətanınan  orta əsr ərəb tarixçisi Əli bin Hüseyn Məsudinin— علی بن حسین مسعودی( 896?- 956) dünyaca məşhur olan “Murucu’z zəhəb— مروج الذهب” kitabında Bakı toponimi “Bakuh- باكوه “ şəklində verilmişdir ( Bax:١٩٧٥، ص.١٢٩ , بیروت, مروج الذهب ومعادن الجوهر ). Hicri qəməri tarixin 372-ci ilinə ( miladi tarixlə 983-cü il ) aid, yazarı bəlli olmayan “Hududu’l aləm— حدود العالم” əsərində  Bakı sözü “Baku— باكو” – şəklində göstərilmişdir. Əbu İshaq İstəxri ( ?- 957 ) “Məsalik u məmalik –مسالک و ممالک” və tanınmış səyyah Şəmsuddin Muqəddəsi (946- 991)  “Əhsənət təqasim fi mərifətə’l əqalim— احسن التقاسیم فی معرفة الاقالیم”  adlı əsərlərində Xəzərin önəmli limanı olan “Bakuyyə— باکویه” şəhərindən bəhs etmişlər.  Orta əsrin məşhur səyyahı, məmlüklər dönəminin ünlü tarixçisi İsmayıl Əbulfida – اسماعیل أبو الفداء(1273- 1331)  “Təqvimə’l buldan—تقویم البُلدان - əsərində paytaxtımızı “Bakuy-باكوی olaraq qeyd etmişdir ( Bax: ابن العماد الحنبلي، شذرات الذهب في أخبار من ذهب، بيروت،ص ٧١ 1979). MəşhurYaqut Həməvi -ياقوت الحموي - ( 1178- 1229 ) özünün mötəbər “Mucəmu’l buldan—معجم البلدان“ əsərində və  tanınmış səyyah və şair Həmdullah Müstövfi ( 1281- 1349) “Nuzhətu’l qulub- نزهةالقلوب “ adlı səyahətnaməsində Bakıdan “Bakuyyə” şəklində məlumat vermişlər. Ümumiyyətlə, Səfəvilərədək yazılı mənbələrdə uydurma “Badkube” toponiminə (astioniminə ) rast gəlmirik. “Badkube” sözü ilk dəfə I Şah Abbasın (1571- 1629) tarixçisi İsgəndər bəy Münşinin “Tarix-e aləmara-ye Abbasi”- تاریخ عالم آرای عباسی- kitabında işlədilmişdir. Guya, şəhər əksər vaxtlar güclü əsən küləyin təsirinə məruz qaldığı üçün bu yaşayış məntəqəsinə “badkube”— külək döyən” adı verilmişdir. “Bad” sözü  ( باد ) fars dilində “külək”, “kube”- كوبه – sözü isə həmin dildəki “kubidən və ya “kuftən” feilindən yaranmış sifətdir. “Kubidən- كوبیدن – “sərt şəkildə, şiddətli tərzdə bərkdən  vurmaq, çırpmaq” mənası ifadə edir. Məsələn: “xərmən kubidən- xırman döymək,  rah kubidən- yol döymək, mix kubidən- mıx vurmaq, pay kubidən- ayaq döymək, dər kubidən- qapı döymək” vs. 

Sual olunur: Əgər İsgəndər bəy Münşinin XVII əsrdə uydurduğu “Badkube” sözü doğrudursa, onda qədim səyyahlar o sözü işlətməmişlər; Azərbaycanın dahi şairi Əfzələddin Xaqani (1126- 1199)Şirvanşah Əbu’l Müzəffər Cəlaləddinə yazdığı qəsidəsində niyə uydurma “Badkube”sözünü deyil, “Baki” sözünün yazmışdır? Yoxsa Münşi onlardan çox bilirdi?

باکو بدعای خیرش امروز

ماند بسطام خاوران را

باکو به بقاش باج خواهد

خزران و ری و زره گران را

(Baku be dua-ye xeyrəş emruz

Mand Bistam-e xavəran ra.

Baku be bəqaş bac xahəd

Xəzəran o Rey o Zirehgəranra.

Bu gün onun ( Şirvanşahın ) xeyir-duası ilə Bakı şərqin Bistam şəhərinə bənzəyir. Bakı davamlı olaraq Xəzərilərdən, Reylilərdən və Zirehgəranlılardan- Dərbəndin şərqində vilayət adıdır- xərac istəyir.

(Bax:https://ganjoor.nət/khaghani/divankh/ghasidəkh/sh15)

Hindistanlı şair Şərifuddin Əhməd Muniri (1263- 1381) də özünün “Şərəfnamə” adlı əsərində Bakının adını çəkmişdir:

آمد آن خسرو خوبان جهان از باکو

میخورد خون جهانی و ندارد باک او

Aməd an xosrov-e xuban-e cəhan əz Baku

Mixorəd xun-e cəhani-yo nədarəd bak u.

Dünyanın yaraşıqlı şahı gəldi Bakıdan

Aləmin qanını içər; heç qorxu bilməz.

(Bax: https://stringfixər.com/ar/Makhdoom_Sharfuddin_Ahməd_Yahya_Manəri

XV əsr şairi Abdullah Hatifinin  ( 1454- 1521) də şeirlərində Bakı sözünə rast gəlmək mümkündür:

ز دربند باکو گذر کرد تیز

بدوران نمود آن اساس ستیز

Ze Dərbənd Baku gozər kərd tiz

Be douran nomud an əsas-e setiz

Sürətlə Dərbənddən keçdi Bakıya, 

Savaş dövranının əsasını qoydu.

Bakı şəhərinin adını “bəğ- بغ – Tanrı” sözüylə bağlayanlar da var. Hətta, Qız qalasının da atəşpərəstlərin  məbədi olduğunu vurğulamaqla  həmin fikri isbatlamağa çalışırlar. Bəziləri də həmin sözün “bak”/ “bag” şəklində olduğunu, “va/vu, van”  hissəciklərinin “şəhər”  mənası verdiyini ehtimal edirlər.  Bizim fikrimizcə, “Bakı” toponimi türk  mənşəlidir və bu söz şəhərin ərazisi ilə bağlıdır.

Məşhur Mahmud Kaşğari (1029- 1121 ) XI əsrə aid olan mötəbər “Divanu lüğati’t türk” əsərinin III cildinin 226-cı səhifəsində “Bakı/ Baku” sözünün əsl türk sözü olduğunu və anlamını “təpə, yoxuş, yüksəklik” şəklində açıqlanmışdır.

(Bax: https://drivə.googlə.com/filə/d/1Pm-awJ-9c254UUəPbzxD4LQchUWnXDxA/viəw)

Bakının coğrafi yerləşimi ilə sözün anlamı arasında  məntiqi uyum olduğu göz qabağındadır. XVII əsrə qədər dünyanın müxtəlif xalqlarından olan  məşhur səyyahların, tarixçilərin yazılarında “Baki/ Baku, Bakuy, Bakuyyə” şəkillərində qeyd olunan coğrafi adı XVII əsrdən sonra hansı məqsədləsə təhrif edərək “Badkube” şəklində yazmaq qaranlıq niyyətlərdən xəbər verir. Şəhərin əzəli adı Bakıdır, birmənalı olaraq da hər yerdə  Bakı şəklində də yazılmalıdır. Bu xüsusda bir hadisəni xatırlatmaq yerinə düşər. 

29 may 1453-cü ildə türklər Bizans imperiyasının varlığına son qoyaraq onun paytaxtını da  fəth etdilər, şəhərin adı İstanbul oldu. Uzun müddət— Türkiyə Cümhuriyyəti qurulanadək əhali İstanbul, İslambol dedi,  ziyalılar “Konstantiniyyə, Kostantantiniyə” yazdılar,  xarici ölkələrin diplomatik korpusu da ətalətlə və qəsdən “Konstantinopol” adını işlətdilər. Bu işi köklü şəkildə  ATATÜRKhəll etdi. Cümhuriyyətin ilk illərində bir gün Qazi Mustafa Kamal Paşa  Rabitə İşləri Nazirliyinin nazirinə əmr verir: “Sabahdan etibarən Türkiyə Cümhuriyyətinə daxil olan, üzərində “Konstantinopol” yazılan heç bir məktubu, bağlamanı, teleqramı adresinə təslim etmirsiniz.. Hamı bilsin: Türkiyədə “Konstantinopol” yoxdur!”  Bütün xarici nümayəndəliklər quzu-quzu o sözü işlətməkdən vaz keçdilər. 

Biriləri bizim ŞUŞAnın adını təhrifə çalışır, diğəri BAKImızın adına dil uzadır. Başqa birisi qəsdən Dövlətimizin adını düzgün yazmır, bəziləri Bayrağımızı yanlış asır. Sanki mübhəm ( əslində, məlum) mərkəzdən əmr alıblarmış kimi hərəkət edirlər. Ciddi şəkildə, hamılıqla bu cürhərəkətlərin qarşısı alınmalıdır. Yaşlı nəsil xatırlayar: 1968-ci ilədək “Neftçi” futbol komandasını SSRİ çempionatındakı oyunlarda rusca “Neftyannik”  adlandırırdılar. 1968-ci ildən komandanın adı rus dilində də “Neftçi” adlandırılmağa başladı. “Neftçi” adını həzm edə bilmirdilər. Hətta o dövrdə buna etiraz əlaməti olaraq SSRİ-nin Neft Hasilatı Sənayesi naziri vəzifəsində çalışan əslən bakılı V. D. Şaşin ( 1916- 1977) yekəxanalıqla  “Neftçi” adında komanda tanımıram”- deyərək “Neftçi” komandasına bütün maddi dəstəyi də tamamən kəsmişdi. Adamın hikkəsinə baxın ki,  neft sözünə artırılan “çi” şəkilcisinə təhəmmül edə bilməmiş, əsl simasını büruzə vermişdi. Halbuki, neft də özümüzün idi, komanda da. 

Bir keçmiş fərari futbolçu  youtube kanalında ağızdolusu, yastı-yastı Bakıda "бакинская нация" adlı xüsusi millətin mövcudluğundan danışır  və təbii ki, ən birinci, özünün etnik mənşəyini vurğulayaraq müxtəlif etnik mənsubiyyətlərin adlarını sadalayır, nədənsə əsl, köklü ev sahiblərinin milli mənsubiyyətini xatırlamağı “unudur”. Başqa birisi, Anatoli Karpova biabırcasına 5:0 uduzanda ona maddi, mənəvi, psixoloji dayaq olmuş bir millət haqqında nankorluqla “məni Bakıyla heç nə bağlamır, o şəhəri ancaq nifrətlə xatırlayıram” söyləməyə dili gəlir. Nə yazıq ki, ona canıyananlıq edənlər də az deyildir.

Müstəqillik illərində Bakıda doğulub ərsəyə  yetənlər də əgər indiki  küçələri hələ də “Çadrovi, Torqovi” Xrebtovi, Zavağzalni, Popereçnı, Basin, Montin, Şors, Kamo, Ketsxoveli, Poluxin, Zevin” vs adlarla adlandırırsa, o şəkildə tanıyırsa,  Böyük Zirəyə Nargin deyirsə, onda başqaları da, təbii ki, Bakıya “Badkube” söyləməyə özlərində cəsarət tapacaqlar. 

Milli düşüncəsi olan hər bir şəxs öz ana dilini yaxşı bilməyə borcludur. İslam Peyğəmbəri fəsahətli olması ilə qürur duymuş, islam aləmində bu gün Onun söylədiyi “Mən ərəbcənin ən açıq danışanıyam—أنَا أَفْصَحُ مَنْ نَطَق َبالضَّادِ” – ifadəsi  çox yayğındır (Bax: https://binbaz.org.sa/fatwas/20030 ). Roma imperatoru Yuli Sezar hər zaman Siserondan sonra latınca ən təsirli danışa bilməsi ilə öyünərmiş. 

SSRİ-nin dövlət himninin həmmüəllifi S. Mixalkov ( 1913-2009) etiraf etmişdi ki, o zaman “Krasnaya zvezda” qəzetinin ön cəbhədə müxbiri işlədiyi zaman SSRİ-nin dövlət himni üçün müsabiqə elan olunduğu xəbərini oxumuş və bəxtə-bəxt  o da bir şeir yazıb göndərmişdir. 1943-cü ilin dekabr ayının 12-də onu möcüzəvi bir şəkildə xüsusi təyyarə ilə Kremlə çağırmışlar. Orada onu qəbul edən İ. V. Stalinlə görüşmüş və görüş zamanı Sovet dövlətini başçısı himnin mətnindəki ilk bəndin üçüncü misranın qüsurlu olduğunu vətarixi yanlışlığa yol aça biləcəyini söyləmişdir. S. Mixalkov qeyd edir  ki, Elreqistanla mənim yazdığım ilkin mətndə həmin misra belə idi: “Да здравствует созданный народной волей”- Yaşasın xalqın iradəsi ilə…” İosif Stalin bu misranın belə şəkildə təshih etməyi məsləhət bilmişdir: “Да здравствует созданный волей народов - Yaşasın xalqların iradəsi ilə…”. S. Mixalkov yazır ki, İ.V. Stalin öz düzəlişini “Narodnaya volya” (1879- 1887-ci illərdə Rusiyada fəaliyyət göstərmiş terrorçu siyasi təşkilat) dövlət yaratmayıb sözləri ilə əsaslandırmış və bir gürcünün  rus dilini bu qədər təfərrüatlı şəkildə bilməsinə sarsılmışdı ( Bax: https://tms.ystu.ru/gimn===.htm).

Səlahiyyət sahibləri də, sıravi vətəndaşlar da həm dilimizin, həm adlarımızın, həm də adətlərimizin  təəssübüniü çəkməlidirlər.  Unutmaq olmaz ki, rus dilini nə zamansa Tolstoydan, ingilis dilini Şekspirdən, fransız dilini Balzakdan, alman dini Heynedən, italyancanı Dantedən, farscanı Rudəkidən, ərəbcəni Cahizdən daha yaxşı öyrənə bilsək də, o dillərdə danışanlar bizi yenə də AZƏRBAYCANlı olaraq tanıyacaq və ona görə də bizimlə rəftar edəcəklər. Dilimiz də, adlarımız da, adətlərimiz də bu gün VƏTƏN sərhədləridir, sınır xəttidir. Onların   toxunulmazlığı və xüsusi qayğı ilə qorunması bizim şərəf məsələmizdir. 

Ramazan SİRACOĞLU


Oxunma sayı: 33089

Oxşar yazılar