Ankara qeyri-qanuni miqrasiya ilə mübarizədə birgə addımlar atmağa çağırır - Çavuşoğlu

  • 16:16 - 21 Dekabr

Beş milyondan çox qaçqına ev sahibliyi etmiş bir ölkə kimi Türkiyə miqrasiya böhranı fonunda dövlətlərin üzləşdiyi problemlərdən hamıdan çox xəbərdardır. 

Avropa.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çərşənbə axşamı Budapeştdə Vışeqrad dördlüyünün (Çexiya, Slovakiya, Macarıstan və Polşa) xarici işlər nazirləri ilə müzakirələrdə iştirakdan gözləntilərini bölüşərkən deyib. 

Çavuşoğlu Macarıstanın xarici işlər naziri Peter Siyartoya Vişeqrad Qrupunun (V4) iclasında iştirak etmək üçün dəvətə görə təşəkkür edib. 

Türkiyə diplomatiyasının rəhbəri milyonlarla əhalisi qaçqın və məcburi köçkünə çevrilmiş Suriya və Əfqanıstanda baş verən humanitar böhranlara diqqət çəkib. 

“Bu ölkələrdəki vəziyyət ümumi narahatlıq doğurur. Əfqanıstanda baş verən son hadisələr yeni qaçqın dalğasının formalaşması ilə bağlı narahatlıqları artırır. Bu baxımdan BMT-nin həm Əfqanıstan sakinlərinə, həm də qonşu dövlətlərdəki əfqanlara yardım üçün müraciətinə cavab vermək çox vacibdir. Qeyri-qanuni miqrasiyaya qarşı mübarizə məsələsində birgə addımların atılması və yükün ədalətli bölüşdürülməsi çox vacibdir”, - deyə o vurğulayıb. 

Çavuşoğlunun sözlərinə görə, Türkiyə miqrasiyanın tənzimlənməsi, qaçqın və miqrantlara dəstək məsələlərində dəfələrlə öz mövqeyini bildirib. 

Türkiyə diplomatiyasının rəhbəri Belarus-Polşa sərhədindəki miqrasiya böhranına diqqət çəkib. 

“Şərqi Avropada baş verən son hadisələr zamanı Türkiyə müttəfiqlərinə, o cümlədən Polşaya açıq şəkildə dəstəyini ifadə edib. Gördüyü tədbirlərə görə milli aviadaşıyıcı Türk Hava Yollarının rəhbərliyinə təşəkkür etmək istəyirəm”, - Çavuşoğlu bildirib.


Oxunma sayı: 3840

Oxşar yazılar