"Türkiyə iqtisadiyyatı gücünü bütün dünyaya nümayiş etdirdi" – Nazir

  • 16:09 - 21 Dekabr

Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank prezident Rəcəb Tayyib Ərdoğanın bir gün əvvəl elan etdiyi iqtisadiyyata dəstək tədbirləri paketinə milli iqtisadiyyatın bütün sektorlarının müsbət reaksiya verdiyini açıqlayıb. 

Avropa.info-nun məlumatına görə, Ankarada Sənaye Nazirliyinin təşkil etdiyi dəyirmi masada çıxış edən Varank əmin edib ki, Türkiyədə kritik elm tutumlu texnologiyalar bazasının inkişafı istiqamətində kurs davam etdiriləcək. 

“Pandemiya dövründə Türkiyə iqtisadiyyatı sənaye gücünü bütün dünyaya nümayiş etdirdi. Türk firmaları sayəsində Asiya regionundan məhsul tədarükü ilə bağlı problem yaşayan bir çox şirkət böhrandan çıxa bildi. Hamısı tədarük zəncirinin vaxtında və səmərəliliyi, eləcə də məhsulların keyfiyyəti sayəsində”, - deyə türkiyəli nazir bildirib. 

Onun sözlərinə görə, pandemiya çoxqütblüliyə keçidi yaşayan dünya iqtisadiyyatının mərkəzlərini sıxışdırıb. 

“Prezident Ərdoğanın kursu sayəsində biz Türkiyənin qlobal iqtisadiyyatdakı mövqeyini gücləndirmək əzmindəyik. Müasir Türkiyə yüksək inkişaf tempinə və güclü sənayeyə malik ölkədir. Ölkəmizin iqtisadi imkanlarını yalnız valyuta məzənnələri əsasında qiymətləndirmək kökündən yanlış yanaşmadır. İnflyasiya problemi qlobal xarakter daşıyır. İqtisadiyyatın real sektorunun nümayəndələri Türkiyə iqtisadiyyatını qorumaq üçün prezident Ərdoğan tərəfindən elan edilən yeni tədbirlər paketini çox müsbət qarşıladılar”, - deyə Varank bildirib. 

Sənaye Nazirliyinin rəhbəri vurğulayıb ki, sabitliyin və iqtisadi proseslərin proqnozlaşdırılmasının təmin edilməsi məsələsində hökumətin mövqeyi dəyişməz olaraq qalır. 

O, Türkiyəyə sərmayə qoymaq istəyən investorların, eləcə də ixracatçıların bundan sonra da dövlət tərəfindən fəal şəkildə təşviq ediləcəyinə inandırıb.


Oxunma sayı: 3664

Oxşar yazılar