ÜST Yeni il şənliklərini təxirə salmağa çağırır

  • 12:06 - 21 Dekabr

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni omikron koronavirus ştammının sürətlə yayılmasına diqqət çəkərək Yeni il şənliklərinin təxirə salınmasına çağırıb. 

Avropa.info xəbər verir ki, bunu ÜST-nin baş direktoru Tedros Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə deyib. 

“Keçən ilin iyulunda keçirdiyimiz son görüşdə heç kim təxmin edə bilməzdi ki, təxminən 18 ay sonra biz hələ də pandemiyanın məngənəsində olacağıq. COVID-19 bu il 3,3 milyondan çox insanın ölümünə səbəb olub ki, bu da 2020-ci ildə İİV, malyariya və vərəmdən çoxdur", - deyə ÜST rəhbəri bildirib. 

Onun sözlərinə görə, Afrikada əsasən, omikron virusunun yaratdığı infeksiyalarda kəskin artım var: "Cəmi bir ay əvvəl Afrika 18 ayda ən az yoluxma halına sahib idi və keçən həftə qitə bir həftə ərzində yoluxma sayına görə dünyada dördüncü yerdə idi". 

O, xəbərdarlıq edib ki, tətillər zamanı artan sosial qarşılıqlı əlaqə, yoluxmaların sayının artmasına, səhiyyə sistemlərinin çökməsinə və daha çox ölümə səbəb olacaq. 

“Hamımız bu pandemiyadan təsirləndik. Hamımız dostlarımız və ailəmizlə vaxt keçirmək istəyirik. Biz hamımız normal həyata qayıtmaq istəyirik” deyən ÜST rəhbəri əlavə edib ki, bunun üçün çətin qərarlar qəbul etmək, bəzi hallarda planlaşdırılan tədbirləri ləğv etmək və ya təxirə salmaq lazımdır. 

“Ancaq bir hadisəni itirmək həyatınızı itirməkdən yaxşıdır. İndi qeyd edib sonra kədərlənməkdənsə, indi ləğv edib gec qeyd etmək daha yaxşıdır” - ÜST rəhbəri vurğulayıb və əlavə edib ki, heç kim 12 ay ərzində yenidən burada olmaq və əldən verilmiş fürsətlər və ya virusun yeni variantları haqqında danışmaq istəmir.


Oxunma sayı: 3961

Oxşar yazılar