Vyanada 40 min nəfər sərt karantin rejiminə görə etiraz aksiyasında iştirak edib

  • 11:40 - 21 Noyabr

Avstriya hökuməti noyabrın 22-də sərt karantin rejimi və ölkədə bütün əhali üçün peyvəndin icbari olacağına dair qərarını elan etdikdən sonra paytaxt Vyana və digər şəhərlərdə hökumətin qərarına qarşı etiraz aksiyaları keçirilib. 
 

Vyanadakı etiraz aksiyasına ümumilikdə 40 mindən artıq insan qatılıb. Bu aksiya iştirakçı sayına görə pandemiya başlayandan bəri ən çox insanın qatıldığı etiraz yürüşü olub. Ümumilikdə dinc şəraitdə keçən aksiyada maska öhdəliyinin şərtlərinin pozulması və polisə müqavimətə dair hallar da müşahidə olunub. 

Asayişin qorunması üçün 1300 polis gün ərzində şəhərin mərkəz hissəsinə cəlb olunub. Vyana Polis Direktorluğu insanları həm öz, həm də digərlərinin sağlamlığını qorumaq üçün insanların çox toplaşdığı məkanlardan və kütləvi tədbirlərdən çəkinməyə çağırıb. 

Aksiya iştirakçıları hökuməti pandemiyaya qarşı mübarizədə insanların azadlıqlarını məhdudlaşdıran qərarlar qəbul etməkdə ittiham edərək, media və əczaçılıq şirkətlərini əhaliyə qarşı yönəlmiş oyunun tərkib hissəsi kimi təqdim ediblər. “Ayaq üstə ölmək diz üstə yaşamaqdan yaxşıdır!“, “Hökumət soyqırımı planlayır“, “Mənim özümün bu hökumətdən mühafizə olunmağım lazımdır“, “Xalqı deyil, sərhədləri nəzarətdə saxlayın!” kimi şüarlarla küçələrə çıxan peyvənd əleyhdarları gələn ilin fevralından koronavirusa qarşı ümumi icbari peyvənd qaydalarını da tənqid ediblər.


Oxunma sayı: 2344

Oxşar yazılar