Türkiyə Bolqarıstana nota verdi - Səfir Xarici İşlər Nazirliyinə çağırıldı

  • 11:34 - 19 Noyabr

Bolqarıstanın Ankaradakı səfiri Türkiyənin Bolqarıstanda keçirilən prezident və parlament seçkilərinə və bu ölkənin daxili işlərinə müdaxiləsi ilə bağlı iddialarla əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Avropa.info bildirir ki, bu barədə "Anadolu" agentliyinə Türkiyə Xarici İşlər Nazirliyindəki diplomatik mənbələrdən məlumat verilib. 

“Türkiyə səfiri Ailin Sekizkök Bolqarıstan Xarici İşlər Nazirliyinə çağırıldıqdan sonra Türkiyə Xarici İşlər Nazirliyi Bolqarıstanın səfiri Hristov Çolakovu danışıqlara çağırıb”, - deyə mənbələr bildiriblər. 

Söhbət zamanı Türkiyə xarici işlər nazirinin müavini Faruk Kaymakçı səfirin diqqətinə çatdırıb ki, Ankara noyabrın 14-də ölkədə keçirilən prezident və parlament seçkiləri zamanı bolqar seçicilərin Türkiyə hakimiyyəti tərəfindən “yönləndirilməsi” ilə bağlı bütün iddiaları rədd edir. Kaymakçı Türkiyənin Bolqarıstanın daxili işlərinə qarışması ilə bağlı deyilənləri də həqiqətə uyğun olmayan adlandırıb. 

O vurğulayıb ki, Bolqarıstanda seçki prosesini asanlaşdırmaq üçün Türkiyə hərtərəfli əməkdaşlıq nümayiş etdirib və bolqar seçicilərə Türkiyə ərazisində səsvermə üçün lazımi şərait yaradıb. 

Mənbələrin məlumatına görə, səfirə Ankaranın Türkiyədə bolqar seçicilərin səsverməsinin Bolqarıstanın daxili siyasətində sui-istifadəyə məruz qalmayacağını gözlədiyini bildirən diplomatik nota təqdim edilib. 

Türkiyə tərəfi Türkiyənin Bolqarıstandakı səfirinin bu cür əsassız ittihamlarla əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılmasından çaşdığını bildirib. 

Türkiyə Xarici İşlər Nazirliyi Avropa Şurası və Aİ-nin üzvü olan Bolqarıstanın bu ölkə vətəndaşlarının Türkiyədə seçki hüquqlarından istifadə etməsinə reaksiyasını qəbuledilməz adlandırıb.


Oxunma sayı: 3169

Oxşar yazılar