Ərdoğandan türk dövlətlərinə əməkdaşlıq ÇAĞIRIŞI - "Real addımlar atılmalıdır, FETÖ və digər terror təşkilatlarına qarşı fəal mübarizə aparılmalıdır"

  • 17:17 - 12 Noyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının Türk Dövlətləri Təşkilatına dəyişdiriləcəyini açıqlayıb. 

Avropa.info xəbər verir ki, Türkiyə lideri cümə günü İstanbulda Türk Şurası liderlərinin VIII zirvə toplantısının açılışında çıxış edib. 

“Bu, təkcə təşkilatın adının dəyişdirilməsi ilə bağlı deyil. Dəyişikliklər real addımlarla göstərilməlidir. Ölkələrimiz əməkdaşlıq və regional proseslərlə bağlı məsələlərdə Türk Dövlətləri Təşkilatının vasitələrindən daha fəal istifadə etməlidirlər”, - Ərdoğan bildirib. 

Türkiyə lideri bu gün ölkəsi Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu alacaq Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun sammitində iştirakından məmnunluğunu ifadə edib. 

Türkiyə prezidenti həmçinin Türk Şurasına sədrliyi başa çatdırdığı müddətdə təşkilatın inkişafına verdiyi fəal töhfəyə görə Azərbaycana təşəkkürünü bildirib. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türkdilli dövlətlər arasında əməkdaşlıq üçün maneələrin aradan qaldırılmasına çağırıb. 

Ərdoğan təşkilata üzv ölkələr arasında ticarətin səviyyəsini qeyri-kafi adlandırıb. 

“Ölkələrimiz arasında ticarət dövriyyəsi 21 milyard dollara çatır ki, bu da dünyanın digər ölkələri ilə ticarət dövriyyəsinin cəmi 3 faizini təşkil edir. Türk Şurası ölkələri nəqliyyat əlaqələrini, kombinə edilmiş daşımaları inkişaf etdirməli, həmçinin Xəzərdən keçən “Media dəhlizi”ndən fəal istifadə etməlidirlər. Naxçıvandan (Azərbaycan) keçən marşrut da vacibdir”, - Türkiyə lideri bildirib. 

Ərdoğan əlavə edib ki, türkdilli ölkələr “İqtisadiyyatın yaşıl inkişafı” ekoloji konsepsiyası çərçivəsində birgə layihələr həyata keçirməlidir. 
Ərdoğan sammit iştirakçılarını təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına kömək edəcək Türk Şurasının vahid Mülki Müdafiə Mexanizmini formalaşdırmağa dəvət edib. 

"Türkiyənin Türk Şurasına sədrliyi dövründə biz iqlim dəyişikliyi ilə mübarizədə çoxtərəfli əməkdaşlığın inkişafı üçün fəal səy göstərəcəyik", - Türkiyə lideri əmin edib. 

Türkiyə prezidenti həmçinin Türk dünyasının ayrılmaz hissəsi olan Türk Kiprinin blokadasının aradan qaldırılmasına Türk Şurası ölkələrinin töhfəsinə ümid etdiyini bildirib. 

Prezident Ərdoğan Quzey Kibrıs Türk Cümhuriyyətinin tezliklə Türk Şurasına qəbul olunacağına ümid etdiyini bildirib. 

Ərdoğanın sözlərinə görə, Türk Şurası ölkələri “müasirlik bəlası” ilə – ksenofobiyanın və islamofobiyanın dağıdıcı nəticələri ilə birgə mübarizə aparmalıdır. 

Türkiyə Prezidenti həmçinin terrorizmin təzahürlərinə qarşı, o cümlədən PKK-YPG terrorçuları, İŞİD və FETÖ terror təşkilatı ilə fəal mübarizənin və həmrəyliyin vacibliyini qeyd edib. 

Ərdoğan əlavə edib ki, artıq 4 ildir ki, Türkiyədə uğurla keçirilən TEKNOFEST Aviasiya və Kosmik Texnologiyalar Festivalı gələn il Azərbaycanda təşkil olunacaq.

Avropa.info


Oxunma sayı: 7844

Oxşar yazılar