Ermənistan parlamentində görünməmiş hadisə-Azərbaycan və Türkiyəyə dəstək...

  • 17:42 - 29 Oktyabr

Ermənistan parlamenti 27 oktyabr tarixli qapalı iclasının yekununda “Ermənistan” və “Mənim şərəfim var” müxalifət fraksiyalarının Azərbaycan və Türkiyə əleyhinə fikirlər yer alan bəyanatın mətnini qəbul etməyib. Bu, rəsmi İrəvanın siyasətində rast gəlinən nadir məqamlardan biri kimi diqqət çəkib. Deməli, 44 günlük savaşın dərsləri getdikcə erməni cəmiyyətində qəbul olunmaqdadır. 

Bununla bağlı yayılmış məlumatdan aydın olur ki, Azərbaycanla sərhəd məsələsinə dair qapalı dinləmələrin sonunda müxalifət fraksiyaları Azərbaycan və Türkiyənin “Qarabağda genişmiqyaslı silahlı təcavüzü pisləyən” bəyanatını parlamentdə qəbul etdirmək üçün səsverməyə çıxarıblar. “Mənim Şərəfim var” fraksiyasından olan deputat Tiqran Abramyan səsvermədən əvvəl bəyanatını oxuyub. Hakim “Vətəndaş müqaviləsi” fraksiyası nümayişkaranə şəkildə səsvermədə iştirak etməyib, nəticədə sənəd qəbul olunmayıb. Bu hadisənin 27 oktyabr 1999-cu il tarixində Ermənistan hökumət üzvlərinin iştirakı ilə keçirilən parlamentin növbəti iclası zamanı bir qrup silahlı zala soxularaq, parlament sədri Karen Demirçyanı, baş nazir Vazqen Sarkisyanı və daha 6 nəfəri güllələnməsi gününə təsadüf etməsi də diqqət çəkib. Bu bir faktdır ki, Azərbaycanı və Türkiyəni ittiham edən istənilən sənədi Ermənistan parlamenti həmişə “gözüyumulu” qəbul edib. Eyni zamanda vaxtilə bu parlamentdə Türkiyə ilə sərhədlərin açılmasını özündə ehtiva edən Sürix protokollarının ratifikasiyasından da imtina edilmişdi. Yəni erməni deputatlarda radikallıq ifrat həddə idi. Son baş verənlər isə erməni parlamentinin tarixində bir ilk hesab oluna bilər. Yeri gəlmişkən, həmin iclas zamanı parlament fraksiyalarından birində təmsil olunan deputatlardan biri “kim ki, Qarabağın unutdurulmasına çalışır, satqındır”, deyərək, hakimiyyətdən olan deputatların bostanına daş atmışdı. Bunun əvəzində “Vətəndaş müqaviləsi” blokundan olan vitse-spiker təhlükəsizlik xidməti əməkdaşlarını zala dəvət edərək müxalifətçinin zorla tribunadan düşürdülməsinə nail olmuşdu. Ardınca müxalifətçi – revanşist qüvvələrin layihəsindən də imtina olundu. Elə fövqəladə iclas da məhz onların təşəbbüsü ilə çağırılmışdı. 

Ermənistan Rusiya ilə Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması imkanlarını müzakirə edir, - Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bugünkü brifinqdə deyib. “Biz əlaqələrə başlamağa, Türkiyə ilə münasibətlərin normallaşmasına başlamağa hazırıq. Bu məsələ Rusiya ilə müzakirə olunur, hazırda biz bu prosesdə necə irəliləyə biləcəyimizi müzakirə edirik”, - Qriqoryan deyib. (Virtualaz.org) Onun sözlərinə görə, həm Ermənistan, həm də Türkiyə tərəfləri müsbət impulsların olduğunu qeyd ediblər və ikitərəfli münasibətlər normallaşdırıla bilər. Qeyd edək ki, bu, son günlərdə Qriqoryanın Türkiyə ilə bağlı sayca ikinci mülayim açıqlamasıdır. 

Rəsmi İrəvanın mövqeyinin sabit olmadığını, xüsusilə də N.Paşinyanın hakimiyyətdə olduğu dönəmdə tez-tez sözündən qaçmasının şahidi olmuşuq. Elə 2018-ci ildə Azərbaycan lideri ilə ayaqüstü söhbətində də  konstruktiv mövqe sərgiləyəcəyi barədə vəd verməsinə baxmayaq, sonradan Paşinyan Şuşada qəbulolunmaz davranışlar nümayiş etdirdi, Azərbaycan torpaqlarının ilhaqına “nöqtə” qoymaq istədi və sonucda “Dəmir yumruq” sözünü dedi. Amma görünən budur ki, hazırda Ermənistanın manevr imkanları tam tükənib. Azərbaycan dövlətinin qüdrəti danılmaz faktora çevrilib. Eyni zamanda Türkiyə dövlətinin bölgədə olması Ermənistanı öz ağalarına arxayın olmamağa sövq edən əsas amildir. 

Son iki gündə Türkiyə rəhbərliyi növbəti dəfə İrəvana açıq mövqeyini çatdırdı. “Sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq tanınması zəruridir. Yaxşı qonşuluq əlaqələrinin təməlini də bu anlayış yaradır”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu fikirləri oktyabrın 26-da Zəngilanda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxış edən zaman deyib. “Bu məsələlərdə Ermənistanın Azərbaycanla problemlərini həll etmə yönündə səmimi bir iradə sərgiləməsi lazımdır. Azərbaycanla səmimi bir iradə ortaya qoyacağı təqdirdə Türkiyənin Ermənistanla olan əlaqələrinin də normallaşmasının qarşısında heç bir əngəl qalmayacaq”, - deyə dövlət başçısı vurğulayıb.

Ərdoğan bildirib ki, dünyanın bu gözəl bölgəsində sülh içində yaşamaq mümkündür: "Davamlı sülhün yaradılması istiqamətində atılacaq addımların qarşılığını Türkiyənin də eyni niyyətlə verəcəyini bir daha xüsusi olaraq vurğulayıram”.

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu isə “CNN Türk” telekanalının hazırladığı xüsusi proqramdakı çıxışında deyib ki, Ermənistanla münasibətlərə dair atdığımız addımları Azərbaycanla məsləhətləşməklə müəyyən edirik: “Füzuli səfəri çərçivəsində də bu istiqamətdə müzakirələr apardıq. Ermənistan tərəfindən də önəmli mesajlar gəlib”. Ermənistanın atdığı addımlara Azərbaycan və Türkiyənin məsləhətləşərək qarşılıq verdiyini diqqətə çatdıran nazir vurğulayıb ki, artıq müharibə bitib və sülh sazişi imzalanmalıdır. “Qəbul edəcəyimiz qərarları, atacağımız birgə addımları hər kəs qəbul etməlidir. Ermənistan da artıq bunları qəbul edir”, - deyə Çavuşoğlu qeyd edib. Şuşa Bəyannaməsi ilə müttəfiqliyini daha da sarsılmaz edən Türkiyə və Azərbaycan artıq bütün məsələlərdə müştərək qərarlar verirlər, həmçinin Ermənistanla münasibətlərin perspektivi ilə bağlı. Bundan sonra İrəvanın hansısa aqressiv tonu ancaq və ancaq onun əleyhinə işləyərdi. Bu mənada parlamentdəki aqressivliyə sərt cavab normaldır.

musavat.com


Oxunma sayı: 5281

Oxşar yazılar