Azərbaycanda yaxın günlərdə bayram bayrama qarışa bilər - Əfv Komissiyasının üzvü açıqladı

  • 17:23 - 29 Oktyabr

"Amnistiya aktının qəbul edilməsi ilə bağlı məsələ gündəmdə var".

Avropa.info bildirir ki, bunu milli.az-a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

O bildirib ki, Zəfər günü münasibətilə qəbul edilən amnistiya aktı daha çox məhkumun azad edilməsinə səbəb ola bilər:

"Bu istiqamətdə müzakirələr xeyli müddətdir başlayıb. Əgər doğrudan da baxsaq ki, sonuncu amnistiya aktı Birinci vitse-prezident Mehriban xanımın təşəbbüsü ilə 2016-cı ildə qəbul edilmişdi. Ümumiyyətlə isə son dörd (2007, 2009, 2013 və 2016-cı illər) amnistiya aktının hər biri Mehriban xanımın təşəbbüsü ilə olmuşdu. Bu dörd amnistiya aktı nəticəsində bütövlükdə 40 minə qədər şəxs cəzadan və cinayət məsuliyyətindən azad edilmişdir. Onlar arasında azadlıqdan məhrum etmə cəzasından azad edilən şəxslərin sayı haradasa üst-üstə 6 mindən yuxarıdır. Qalanları cəzadan və digər cinayət məsuliyyətindən azad edilən şəxslərdir.

Amnistiya aktının bütövlükdə qəbuledilmə tezliklərinə baxsaq, görərik ki, 3-4 il müddətindən bir qayda olaraq amnistiya aktı qəbul olunur. Bu il üçün amnistiya aktının qəbul edilməsi üçün çox əlverişli bir imkan da var. Bu da Azərbaycanın 44 günlük müharibəni, Vətən müharibəsini qələbə ilə başavurması və torpaqlarımızın işğaldan azad olunmasıdır. Son 200 ildə ilk dəfədir ki, Azərbaycan öz torpaqlarını ilk dəfədir ki, işğaldan azad edir. Belə bir gün münasibətilə - 8 noyabr münasibətilə əlbəttə ki, amnistiya aktının qəbul edilməsi mümkündür. Artıq bu barədə müzakirələr də gedir. İstisna etməzdim ki, qarşıdakı 8 noyabr ərəfəsində belə bir amnistiya aktı Milli Məclis tərəfindən qəbul oluna bilər. Çünki bu, MM-in müstəsna səlahiyyətinə aid olan bir məsələdir və ümumiyyətlə onu da qeyd edim ki, Azərbaycanda müstəqillik əldə ediləndən bu günə qədər 12 amnistiya aktı qəbul edilmişdir ki, bunun nəticəsində 140 minə qədər şəxs cəzadan və cinayət məsuliyyətindən azad edilmişdi. Bu, çox böyük bir rəqəmdir. Bu, eyni zamanda Azərbaycan dövlətinin səviyyəsini göstərir ki, humanizmə, mərhəmətə və qayğıya söykənən hakimiyyətin idarəçiliyindəyik. Prezident İlham Əliyev hər zaman öz fəaliyyətində vətəndaşa münasibətdə məhz mərhəməti, humanizmi ifadə edib.

Onu da qeyd edim ki, təsadüfü deyil ki, Prezident İlham Əliyev 2003-cü ildən bu günə qədər 34 Əfv Sərəncamı imzalayıb ki, bunun nəticəsində bütövlükdə cəzadan azad edilən şəxslərin sayı 4 mini keçmib. İndi qarşıdakı amnistiya aktını da cəmiyyət, eyni zamanda məhkumlar gözləyirlər. Əvvəlki hər bir amnistiya aktının praktikalarına baxsaq görərik ki, qanun qəbulu nəticəsində cəzadan və cinayət məsuyliyyətindən azad edilən şəxslərin bütövlükdə ümumi sayı 9, 10 min nəfər civarında olurdusa, indi daha geniş miqyasda ola bilər. Ona görə ki, dediyim kimi, bu qələbənin (Zəfər bayramı - 8 noyabr) əhəmiyyəti fərqli bir əhəmiyyətdir. Bu qələbə Azərbaycan xalqının illərlə, onillərlə gözlədiyi qələbə idi ki, bu da nəsib oldu, Azərbaycan xalqının ləyaqət hissi özünə qaytarıldı və Azərbaycanın son 200 illik tarixində çox fərqli bir tarix olaraq qalacaq. Belə bir tarixi gün münasibətilə qəbul edilən amnistiya aktı daha çox cinayət məsuliyyətinə cəlb edilən və məhkum olunmuş şəxslərə şamil edilə bilər. İndi müxtəlif rəqəmlər də düşünülür - 15 min, 16 min civarında da ola bilər". 


Oxunma sayı: 1585

Oxşar yazılar