Moskva bu dəfə də erməni terrorçuların dili ilə danışır? - Qarabağla bağlı yeni sərsəm təklif

  • 14:53 - 13 Oktyabr

Ermənistandakı yarımhərbi təşkilatın rəhbəri Xaçik Asryan Qarabağda Rusiyanın hərbi bazalarının yerləşdirilməsi ilə bağlı çağırış edib.

Qeyd edək ki, X.Asryan “Ermənistan Qartalları. Bütöv Ermənistan” adlı partiyaya başçılıq edir. Lakin o, səhra komandiri və rütbəcə polkovnikdir. Rəhbərlik etdiyi partiya isə siyasiləşmiş yarımhərbi terror təşkilatıdır. Xaçik Asryanın Ermənistan cəmiyyətində siyasi nüfuzu olmasa da, onun kimi revanşist-millətçilərin vasitəsilə Qarabağda Rusiya hərbi bazasının yerləşdirilməsi ideyası gündəmə gətirilir. “Çox güman ki, bu məsələdə əsas maraqlı tərəf Rusiyadır.

“Düşmən dövlətlərin əhatəsində, təhlükəsizliyin inkişafı üçün lazımi maddi, texniki və insan resurslarından məhrum olan Ermənistan və erməni xalqı həmişə Rusiyanın çoxəsrlik dostunun köməyinə arxalanmış və bundan sonra da etibar edəcək”, - deyə Asryan bildirib. O bəyan edib ki, Ermənistanın və erməni xalqının təhlükəsizliyini qorumaq üçün Rusiya Federasiyasının ən güclü hərbi bazaları gecikmədən Qarabağda və Zəngəzurda yerləşməlidir. Asryanın fikrincə, Rusiya hərbi bazaları artan Türkiyə iddialarına qarşı təhlükəsizliyin yeganə etibarlı təminatçısı olacaq, Ermənistanın müstəqilliyinin və erməni xalqının təhlükəsizliyini təmin edəcək.

Avropa.info-nun məlumatına görə, İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri Qafar Çaxmaqlı Cebhe.info-ya açıqlamasında bildirib ki, Ermənistanda siyasi adla çıxış edən xeyli sayda terror təşkilatı mövcuddur.

Bəzi siyasi partiyalar isə terroru özünə fəaliyyət prinsipi seçib:

“Belə təşkilatlardan biri də Jirayr Sefilyanın rəhbərlik etdiyi Milli Qurtuluş Hərəkatıdır. Livan ermənisi olan Sefilyan Birinci Qarabağ müharibəsində iştirak edib. O, 2018-ci ildə Ermənistanda baş vermiş “məxməri inqilab” zamanı çox fəallıq göstərdi. Bundan başqa, 1990-cı illərdə Ermənistanda müharibə veteranlarından ibarət “Yerkrapa” adlı təşkilat var idi. İndi də “Sərdarabad” adlı terror təşkilatı yaradılıb. Bu təşkilatların hamısı Rusiyaya bağlı deyil. Onlar ideoloji mənşəyinə görə “ASALA” terror təşkilatına bağlı olduqlarına görə Qərbə meyillidir. Lakin Rusiya hərbi bazalarının Qarabağda yerləşdirilməsi fikri yalnız Xaçik Asryanın deyil, başqa siyasətçilərin də dilindən səsləndirilir. Bildirilir ki, Rusiyanın əsgəri olmadan ermənilərin təhlükəsiliyi təmin edilə bilməz. Onlardan biri də “İşıqlı Ermənistan” Partiyasının sədri Edmon Marukyandır. O, deyir ki, Rusiya həm Qarabağda, həm də Zəngəzurda hərbi baza yaratmalıdır. İddia edirlər ki, Rusiya hərbçiləri çıxıb getsə, ermənilərin təhlükəsizliyi üçün problem yarana bilər. Rusiya hərbçiləri erməni xalqının təhlükəsizliyinin yeganə təminatçısı olamalıdır”.

Həmsöhbətimiz bildirib ki, bu mövqedən çıxış edənlər Qərbə güvənmir:

“Çünki ATƏT-in Minsk Qrupunun dirçəldilməsinin mümkün olacağını söyləmək çətindir. Regionda baş verən prosesləri, Rusiyanın fəallığını, İranın oyundankənar vəziyyətdən yenidən oyuna daxil olmaq cəhdlərini müzakirə edirlər. Asryan, Marukyan kimi adamların dilindən öz istəklərini deyirlər. Rusiyadan açıqlama gəlmir. Rusiyanın əsas məqsədi Cənubi Qafqazı təsir dairəsində saxlamaqdır. Bu nə siyasi, nə də mədəni baxımdan mümkündür. Rusiya yalnız hərbi cəhətdən bu bölgədə güclü olduğunu düşünür.

Ermənistan mətbuatının yazdığına görə, Rusiya İcevan dəmir yolunu Noyemberyana qədər uzatmaq və Gürcüstana gedən yola nəzarət etmək istəyir. Yəni Rusiyanın məqsədi bölgədəki nəqliyyat və kommunikasiya dəhlizlərinə nəzarəti ələ almaqdır. Moskva Zəngəzur dəhlizinə nəzarəti də ələ keçirmək niyyətindədir. Hazırda Ermənistan mediasında bu məsələ ciddi müzakirə olunur”.


Oxunma sayı: 1827

Oxşar yazılar