İranın başlatdığı gərginliyin pərdəarxası: Tehranı narahat edən nədir? - DETALLAR

  • 14:52 - 01 Oktyabr

Qarabağ savaşı zamanı Ermənistana dəstəyi ilə gündəmə gələn İran bu dəfə Azərbaycan sərhədində keçirdiyi hərbi təlimlərlə ön plana çıxıb. Avropa.info xəbər verir ki, Azərbaycan sərhəddə təlimlər keçirəndən sonra iki ölkə arasında gərginlik artıb. 

Azərbaycanın Prezidenti İlham Əliyev Anadolu Agentliyinə müsahibəsində İranın Azərbaycan sərhədləri yaxınlığında keçirdiyi hərbi təlimlərə münasibət bildirib. Azərbaycanın işğaldan azad edilmiş bölgəyə İran yük maşınlarının göndərilməsi məsələsinə də münasibət bildirən İlham Əliyev, “Sərhədimizin yaxınlığında İran tərəfindən keçirilən hərbi təlimə gəlincə, bu, çox təəccüblü hadisədir. Çünki 30 illik müstəqillik dövründə belə hadisələr baş verməmişdi. İlk növbədə deməliyəm ki, hər bir ölkə öz ərazisində istədiyi hərbi təlimi keçirə bilər. Bu, onun suveren haqqıdır. Buna heç kim bir söz deyə bilməz. Lakin bunu bir zaman kəsimində təhlil etdikdə, bunun heç vaxt baş vermədiyini görürük. Niyə indi və niyə bizim sərhədimizdə? Bu sualları mən deyil, Azərbaycan cəmiyyəti soruşur. Bu sualı dünyadakı azərbaycanlılar verir", deyib.

Baş verənlər  iki ölkə arasında regional gərginliyi artırarkən, İsrailin "Jerusalem Post" qəzeti "İran sərhəddə ordu topladığı üçün Azərbaycanla gərginlik artır" başlığı ilə məqalə yayımlayıb. 

Qarabağdakı qələbədən sonra bölgədəki balansların dəyişməsi İranı narahat edir. 

Türkiyə sərhədində yerləşən və ölkənin qalan hissəsi ilə heç bir əlaqəsi olmayan Naxçıvana quru yolu ilə dəhliz açmağa hazırlaşılır. 30 il ərzində Azərbaycanla Naxçıvan arasında ticarət İran üzərindən aparılıb.  

Üstəlik, yeni dövrdə açılacaq dəhlizlə Türkiyə ilə Orta Asiya arasındakı ticarət yolu tamamilə dəyişə bilər. Türkiyə ilə İran arasında mövcud yol Tehran rəhbərliyi üçün son dərəcə sərfəlidir. Türkiyəyə girən və Türkmənistan sərhədindən çıxan bir yük maşını 1800 kilometrlik bu yol üçün İrana təxminən 700-800 dollar ödəniş edir. 

Türkiyənin Cənubi Qafqazda artan rolu və bölgəyə rus sülhməramlılarının yerləşdirilməsi İran üçün həyəcan təbili çalan digər səbəblərdir. Rusiyanı ortaq olaraq görən İran sonuncu fenomeni daha az narahat etsə də, Tehranın Türkiyənin Qafqazda artan təsirini qəbul etməsi asan deyil. 

SEPAH-la yaxınlığı ilə tanına mühafizəkar "Civan" qəzeti Qarabağ müharibəsində Türkiyənin rolunu təhlil edərkən "Türkiyə, Rusiyanın bölgədəki təsirini azaltmağa çalışır, geosiyasi, iqtisadi və enerji maraqlarını hədəfləyir" ifadəsini işlədərək yazını belə davam etdirir: 

"Türkiyənin yanaşması ümumiyyətlə ABŞ -ın Rusiyanı məhdudlaşdırmaq strategiyasına uyğundur. Yeni bir dəhliz açaraq İranın geopolitik maraqlarını pozmaq ağıllı yanaşma deyil. İran Türkiyə və Azərbaycanın bu cəhdlərinə toleriantlıq göstərməyəcək və bu dəhlizi qəbul etməyəcək". 

İranda Parlamentin açılışında çıxış edən millət vəkili Mahmut Əhmədi Bighaş Türkiyənin bölgədəki siyasi xəritəni dəyişdirdiyini və NATO, İsrail və ABŞ-ın Xəzər dənizinə çatmasına yol açdığını iddia edib.


Oxunma sayı: 2201

Oxşar yazılar