İsrail həbsxanasından tunel qazıb qaçan daha 2 fələstinli məhkum ələ keçdi FOTO

  • 22:45 - 19 Sentyabr

Ötən həftə İsrailin ən çox mühafizə olunan "Gilboa" həbsxanasından tunel qazıb açan altı fələstinli məhbusun son ikisi də ələ keçib.

Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, "İslam Cihad" təşkilatı ilə əlaqəli olan məhbusların İordan çayının qərb sahilindəki Cenin şəhərində tutulduğu açıqlanıb.
Yayılan bəzi məlumatlara görə fələstinli məhbuslar ilə İsrail hüquq -mühafizə orqanları arasında toqquşma olub. Lakin İsrail polisi bu məlumatı təkzib edib, bildirilib ki,  məhbusların hər ikisi heç bir müqavimət göstərilmədən yaxalanıb.

İsrail Baş naziri Naftali Bennett əməliyyatın "təsir edici, qabaqcıl və sürətli" olduğunu deyib.

Xatırladaq ki, ötən bazar ertəsi İsrailin şimalında yerləşən "Gilboa" həbsxanasından 6 fələstinli məhkum qaçmışdı. Polis qaçaqları hava və quru yolu ilə axtarırdı. Qısa müddətdə məhbusların 2-si dayanacaqda dayanan avtomobildə, digər ikisi isə Nazaret şəhəri yaxınlığında ələ keçirilib. Qaçaq 2 məhbusun axtarışı isə bir neçə gün davam edib.

İsrail mətbuatı fələstinli məhbusların qaçmasını səlahiyyətlilərin səhvi kimi qiymətləndirib. Bəzi fələstin qrupları isə qaçan məhbusları  "qəhrəman" adlandırıb.

Məlumata görə məhkumlar qaldıqları palatada aylarla qazdıqları 10 metrlik tuneldən qaçıblar. Qazılan tunel səbəbindən həbsxananın altında dərin boşluqlar əmələ gəlib. Məhbusların həbsxananın xarici divarlarına qədər süründükləri, sonra gözətçi qülləsinin altındakı torpaq yolun ortasına aparan bir tunel qazdıqları bildirilir.

Məhbuslardan birinin vəkilinin sözlərinə görə məhbuslar tunel qazmaq üçün qaşıqlardan, boşqablardan və elektrik çaydanından istifadə ediblər.
 


Oxunma sayı: 2520

Oxşar yazılar