İran yük maşınları Qarabağa qanunsuz yük daşıyır - VİDEOFAKT

  • 17:55 - 11 Sentyabr

Bu ilin avqustunda Azərbaycan tərəfi çoxlu sayda İran yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçdiyi barədə məlumatlar əldə eləmişdi. Belə ki, iyulun 11 -dən avqustun 8-dək 35 İran maşınının (4 yük maşını və 31 yanacaq tankeri) Laçın dəhlizindən 70 dəfə girib-çıxdığı məlum olmuşdu. Giriş-çıxış tarixləri də bəlli idi: 11, 14, 16, 17, 20, 21, 27, 28, 29, 31 iyul və 3, 4, 5, 6, 7 avqust.

Ardınca, bu il avqustun 11 -də İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edildi. Səfirə nota verildi və İran tərəfinin Azərbaycanla bağlı atdığı qanunsuz addımlardan ciddi narahatlıq ifadə olundu. Səbəb həqiqətən də sanballı idi: İran yük maşınları ilə Qarabağa qanunsuz yük daşınması. Səfirin diqqətinə birmənalı şəkildə çatdırıldı ki, Azərbaycan tərəfi iki ölkə münasibətlərinə kölgə salan bu cür faktlardan ciddi şəkildə narahatdır.

“Notada rəsmi Bakının icazəsi olmadan dost İran İslam Respublikasına məxsus müxtəlif nəqliyyat vasitələrinin Azərbaycanın Qarabağ bölgəsinə davamlı olaraq girməsindən narazılıq əksini tapıb. Bir müddət əvvəl İran tərəfinə şifahi şəkildə çatdırılan narazılığımız görüş zamanı yenidən səfir qarşısında qaldırıldı”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilmişdi. Rəsmi Bakı o vaxt bu cür qanunsuz hərəkətlərə son qoyulması üçün yeni İran rəhbərliyindən əməli addımlar gözlədiyini qeyd eləmişdi.

Üstündən düz bir ay keçib. İran tərəfi bu kimi hadisələrin qarşısını almaq üçün təsirli tədbirlər görübmü? Rəsmi Bakı etirazlarını nəzərə alıbmı və zəruri prosedurları həyata keçiribmi?

Əsla! Belə ki, Musvat.com-un məlumatına görə, Caliber.az Bakının kəskin etirazına baxmayaraq, İran yük maşınlarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmağa davam etdiyini göstərən eksklüziv video-görüntülər əldə edib. Sayt bir daha əminlik hasil edib ki, 11 avqustdan 10 sentyabradək müxtəlif məqsədlər üçün İrandan Xankəndinə 58 yük maşını, xüsusilə də yanacaq və sürtgü yağları daşıyan maşınlar daxil olub, onlardan 55-i sonra geri dönüb.
Sayta çatan bilgilərə əsasən iranlılar və ermənilər bu zaman müxtəlif hiylələrə əl atırlar. Məsələn, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına yaxınlaşarkən Xankəndinə gedən İran yük maşınlarının dəqiq sayını gizlətmək üçün İran yük maşınlarına erməni qeydiyyat nömrələri bərkidirlər. Onlara elə gəlirmiş ki, bu cür hiyləgərliklərlə kimisə aldada biləcəklər. Ancaq eyni nömrəni bir yük maşınından digərinə bərkitməklə yanılıb və ilişiblər. Bununla bağlı əldə konkret, təkzibolunmaz fotoşəkil dəlilləri var. İran tərəfi görəsən indi nə deyəcək? Bizimlə dostcasına davranmaya-davranmaya yenə dostluqdanmı danışacaq?

 

Qeyd edək ki, İrandan Qarabağa qeyri-qanuni malların köçürülməsi Bakının müasir video müşahidə sistemlərinə malik olduğu barədə dəfələrlə etdiyi xəbərdarlıqlara rəğmən, davamlı həyata keçirilir. Və əgər bütün bunlar dinc dövrdə, gözümüzün qarşısında baş verərsə, görün indi iranlılar 2-ci Qarabağ müharibəsi zamanı və torpaqlarımızın təxminən 30 illik işğalı zamanı hansı oyunlardan çıxıblar! Bunu təsəvvür etmək belə qorxuncdur! Axı hamı xatırlayır ki, nüfuzlu dünya mediası, xüsusən də “The Economist” zamanında yazmışdı ki, iranlılar Qarabağın işğalı illərində erməni vandalları tərəfindən azərbaycanlıların dağıdılmış və sökülmüş evlərindən çıxarılan hər şeyi - daşları, kərpicləri, əşyaları, hətta ev heyvanlarını, hər şeyi alıblar.

Məntiqlə, iranlılar əgər bu gün - Laçın dəhlizi ovucumuzun içində ola-ola da Qarabağa yanacaq və sürtgü yağları gətirirsə, bu, hərbi əməliyyatlar dövründə erməni tanklarının İran yanacağı ilə işlədiyi anlamına gəlmirmi?

Bu məqamda İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zoxurinin az öncə sərhəd bölgəsinə səfərini xatırlatmaq yerinə düşər. O zaman səfir, işə bir bax, iki ölkə arasında sərhəd mübahisələrinin davam etməsindən narahatlıq ifadə etmişdi. Biz habelə onun Azərbaycanın mövqelərini durbinlə necə müşahidə elədiyini də xatırlayırıq.

Gördüyümüz kimi, cənub qonşumuzun qeyri-dost davranışı dəyişməyib. Bundan əlavə, avqust ayında iranlıların öz vətəndaşlarını Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan ərazilərdə işləmək üçün fəal şəkildə təşviq etdiklərini də xatırlatmaq yerinə düşər.

Biz həmçinin, İran mütəxəssislərinin Azərbaycan tərəfinin Gorus-Qafan avtomobil yolunda nəqliyyatın hərəkətini məhdudlaşdıran məcburi addımından oldquca narahat olduğunu əks etdirən və IRNA dövlət agentliyinin təşkil elədiyi web-seminarı da unutmamışıq. Ancaq onlar öz auditoriyalarına hərəkətin məhdudlaşdırılmasının Azərbaycan sərhədçisinə hücumdan dərhal sonra, yəni asayişi bərpa etmək və ərazini təmizləməklə bağlı olduğunu xatırlatmağı nədənsə unutmuşdular. web-seminar iştirakçıları öz mülahizələrində hətta o həddə çatdılar ki, “İran regional dövlət olaraq, güc balansını qorumalıdır” bəyan elədilər. Yəni Ermənistanı Azərbaycana qarşı dəstəkləməyə açıq şəkildə çağırış elədilər, çünki hazırkı qüvvələr balansı göz qabağındadır.

 

Əvvəlki məqalələrdən birində qeyd edildiyi kimi, İranın ritorikası və təxribatları onun öz daxili qorxularıı və ölçüsüz ambisiyalarından dolayı, ölkəmizə müəyyən mənada meydan oxuduğuna şübhə yeri saxlamır. Bu seçim isə hər şeydən əvvəl onun özü üçün yaxşı bir şey vəd eləmir.

Bu xüsusda biz Rusiya sülhməramlılarının da mövcud olmayan mandatı çərçivəsində qəribə davranışlarını, yumşaq desək, gözardı edə bilmərik. Axı ermənilər və iranlılar bütün bu özbaşınalıqları onların gözlərinin önündə edirlər. O zaman buradan hansı nəticə hasil olur? Ya ruslar onlara etibar edilən Laçın dəhlizinə nəzarət edə bilmirlər, - nəyə ki, inanmaq çətindir, - ya da çox güman ki, bu onların gizli razılığı ilə baş verir. Hətta mümkündür ki, bu, “qara qaş-gözə” görə yox, nağd pul qarşılığında edilir. Əks halda, bunu necə başa düşək ki, sülhməramlılar Qarabağa girənləri yoxlamadıqları halda, Qarabağı tərk etmək istəyənlərə əngəl yaradırlar? Bu günlərdə Şuşaya getmək istəyərkən sülhməramlılar tərəfindən saxlanılaraq separatçılara təslim edilən İzaura Balasanyanın başına gələnləri xatırlamaq kifayətdir.

Əlbəttə, biz gözəl başa düşürük ki, Qarabağda yaşayan ermənilərdən “pasportları”nın əlindən alınması və ya mənzillərinin satışına qadağa qoyulması kimi maneələr erməni əhalisinin bölgədən axınını dayandırmağa xidmət edir. Vizual nəzarət vasitələrinin qeydə aldığı kimi, 11 iyuldan 8 avqusta qədərki dövrdə təxminən 20 min erməni Xankəndini tərk edərək Ermənistana gedib və yalnız 15 min adam bölgəyə gəlib. Bunu sülhməramlılar da görür və başa düşürlər ki, onların müvəqqəti məsuliyyət zonası boş qalarsa, o zaman Qarabağda sülhməramlı missiyanın məqsədəuyğunluğu məsələsi gündəmə gələcək.

Azərbaycan tərəfi isə bu gün hər şeyi görür, sənədləşdirir və müvafiq nəticələr çıxarır. Biz İran tərəfinə təkzibolunmaz, konkret faktlar təqdim etdik. İran şirkətlərinin Şuşadakı Yuxarı Gövhər Ağa məscidini qanunsuz olaraq yenidən inşa edib fars məscidinə “çevirdikləri” günlər artıq geridə qalıb. Rəsmi Tehran isə bunu abırsızcasına təkzib edirdi. Bu gün biz bütün bunlara şahidlik edirik. O halda İran Azərbaycan xalqına necə cavab verəcək görəsən?..


Oxunma sayı: 8713

Oxşar yazılar