Əbülfəz Elçibəyin rus ordusu ilə bağlı çıxışının mətni yayıldı: "Bu ordu işğalçı ordudur..."

  • 11:23 - 10 Sentyabr

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn mərhum prezident Əbülfəz Elçibəyin Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin 26 fevral 1993-cü il sessiyasındakı çıxışının mətnini yayıb. 

Avropa.info-nun məlumatına görə, çıxışında Əbülfəz Elçibəy ölkədə hərbi-siyasi durumun çox gərgin olduğunu vurğulayır: “Biz həmişə demişik – azadlıq uğrunda mübarizə bir xətt boyunca gedə bilməz. Dünya tarixində elə bir hərəkat yoxdur ki, birbaşa getsin. Həmişə dalğavari olur. İndi də bizim mili inkişafımızın bir qabarma mərhələsi gedir”.

Ermənistanla müharibənin davam etdiyini xatırladan Əbülfəz Elçibəy parlament sədri İsa Qəmbərin “Rusiya imperiyasına qarşı vuruşuruq, onun caynağından qurtarmamışıq” sözlərini sitat gətirir: “Almanlar bu günün özündə deyirlər ki, əgər Almaniyada bir rus əsgəri qalıbsa, deməli, Almaniya azad deyil. Biz də deyirik – əgər bizim torpaqda rus, erməni əsgəri varsa, biz azad deyilik.

Rusiya da təbii olaraq əlini çəkmək istəmir. Hətta istəyir əlini lap içəriyə doğru uzatsın. Biz siyasəti elə qururuq ki, bu maneələri dəf edək. Lakin bunun üçün zaman lazımdır.

Hələ Pribaltikadan rus qoşunu tamam çıxmayıb, Gəncədə isə cəmi iki min rus əsgəri qalıb. Azərbaycanın sərhədlərindən rus ordusu elə çıxıb gedib ki, heç kim bilməyib nə təhər çıxıblar. Bunu elə eləmək lazımdır ki, dalğa-dalğa qurtarsın. Amma ruslar da bunu istəmirlər. Onlar Gəncədəki əsgərlərin sayını artırıb saxlamaq istəyirlər. İstəyirlər bu qüvvələr sülhü bərqərar edən qüvvə kimi qiymətləndirilsin və hansı üsulla olur-olsun ordu bu regionda saxlansın. Hər hansı partiya tənqid edə bilər ki, prezident yumşaqlıq edir. Bu belə deyil. Ordu çıxmalıdır. Bu ordu işğalçı ordudur. Əli silahsız bir millət Bakının meydanında rus imperiyasına qarşı dayandı (1990-cı ilin 20 yanvar qırğınına işarə edir – red.). İndi bu rus imperiyasının yarısı qalıb. Biz qələbə qazanacağıq, amma çaş-başlıqla yox. Biz hələ öz qüvvəmizi yarada bilməmişik”.


Oxunma sayı: 4379

Oxşar yazılar