Rusiyanın qorxu yaradan yeni silahının peyk görüntüləri çəkilib

  • 16:31 - 06 Sentyabr

Böyük Britaniyanın “Daily Express” nəşrində Rusiyanın qorxu yaradan nüvə başlıqlı torpedo gəmisinin peyk görüntüləri haqda məqalə dərc  olunub.

Avropa.info-nun novator.az-a istinadən məlumatına görə, müəllif Ceykob Pol Rusiya istehsalı olan “Poseydon” sualtı qayığı barədə əldə edilən bilgilərə istinadla yazır: “Bu döyüş qayığı təxminən bir avtobus uzunluğundadır. ABŞ kəşfiyyatı onu nüvə enerjisi ilə və nüvə başlığı ilə təchiz olunmuş qitələrarası döyüş qayığı kimi qiymətləndirir. 2015-ci ildə Rusiya prezidenti Vladimir Putin öz çıxışında ilk dəfə bu qeyri-adi torpedo gəmisi barədə, yəni şər silahı “Poseydon” haqqında informasiyanı qismən paylaşandan sonra yeni silah təhlükəsizlik ekspertlərinin böyük marağına səbəb olub. Əldə edilən yeni görüntülər Rusiyanın bu müasir silahdan necə istifadə edə biləcəyi barədə xeyli bilgi vəd edir. Ekspertlərin rəyinə görə, “Poseydon”un konstruksiyası ona suyun dərinliyində yüksək sürətlə hərəkət etmək imkanı verir. Artıq belə bir fikir formalaşıb ki, yeni kateqoriyaya aid olan və strateji silahlar sırasına daxil edilən “Poseydon” nüvə təhdidinin xarakterini belə dəyişə bilər”.

Məqalədə bu dəhşətli silahın yaranması səbəbindən də söz açılır və bütün bu prosesin Vladimir Putinin Rusiyanın döyüş arsenalına səsdən sürətli yeni silahın əlavə edilməsi qərarından sonra reallaşdığı vurğulanır.

Müəllif yazır: “Vladimir Putin Rusiya Hərbi-Dəniz Donanmasının hərbi potensialını artırmağa çalışır. Bundan ötrü mövcud olan bütün hərbi bazanın, infrastrukturun, müasir silahların imkanlarından istifadə edilir. Raketlər təkmilləşdirilir, raket konstruksiyaları bürosu, maşınqayırma sahəsi yenilənir, hədəfi 1000 kilometrlik məsafədən məhv etməyə qadir olan, həmçinin səsdən doqquz dəfə sürətlə hərəkət etməyə qabil raket sistemləri yaradılması üçün işlər həyata keçirilir. Əldə edilən peyk şəkillərini “Maxar Technologies” kosmik texnologiyalar şirkəti çəkib. Şirkət bildirib ki, peykdən çəkilən bu avtobus boyda hərbi obyektə bir ay ərzində dəfələrlə Rusiyanın xüsusi təyinatlı hərbi gəmisi “Akademik Aleksandrov” yaxınlaşıb”.

“Daily Express”in yazdığına görə, Rusiyaya məxsus bu hərbi obyekt ölkənin Avropa hissəsindəki Şimali Dvina çayının şimal sahilinə yaxın yerdə, Ağ dənizin axarı istiqamətində durub.

Gəminin yan alması üçün qurulan körpünün tikintisinə 2018-ci ildə başlanıb və işlər 2020-ci ildə tamamlanıb.

Yeni sahil körpüsünün yaxınlığında bir müddət əvvəl böyük bina da tikilib ki, bu tikilinin də “Poseydon”la bağlı olduğu ehtimal edilir.

Nüvə başlıqları daşıyan “Poseydon”, güman ki, bu sahədə ən yeni sualtı qayıq olacaq.

Rusiyanın nüvə raketləri daşıyan ilk sualtı qayıqlardan biri “Belqorod” adlanır. Hazırda yeni körpünün əks istiqamətində, o biri sahildə belə bir gəmi var. Obyektdə həmçinin “Xabarovsk” adlı ikinci sualtı qayığın da inşasına başlanıb.

2007-ci ildə suya buraxılan “Sarov” sualtı qayığı da məhz “Poseydon” ölçüsündə qayığın sınaqdan keçirilməsi məqsədilə yaradılmışdı.

Ən müasir Rusiya sualtı qayıqlarının istehsal edildiyi Severodvinsk şəhərində artıq atom döyüş gəmilərinin hazırlanması “Poseydon”la assosiasiya edilir.

İlk sınaq üçün nəzərdə tutulmuş xüsusi təyinatlı gəmilərin və sualtı qayıqların, yeni rus hərbi obyektlərinin müşahidəsi ekspertlərə Rusiya Hərbi-Dəniz Donanmasının imkanları barədə daha geniş təsəvvür əldə etməyə imkan verir.

Bu müşahidələr həmçinin Rusiyanın yeni yaratdığı proqrama ayıra biləcəyi vəsaitin həcmini öyrənmək fürsəti yaradır.


Oxunma sayı: 3345

Oxşar yazılar