Bu ölkə də LGBT-yə qarşı çıxdı - Müvafiq qanun qüvvəyə mindi

  • 20:50 - 07 İyul

İyulun 7-dən Macarıstanda homoseksuallıq, yaxud cinsin dəyişdirilməsinin azyaşlılara təbliği kimi görünə biləcək materiallar yasaqlanır.

Avropa Birliyinin bir çox üzvləri, lesbian, gey, biseksual və transgenderlərin (LGBT) hüquq müdafiəçiləri isə bu qanunu pisləyir. Ötən ay Macarıstan parlamentinin qəbul etdiyi qanunda televiziya şouları, filmlərdə homoseksuallıq, yaxud genderin dəyişdirilməsinin "göstərilməsi, yaxud təbliği", məktəblərə uşaqlar üçün cinsi maarifləndirmə proqramlarının salınması qadağan olunub. Tənqidçilər qanunu LGBT hüquqlarına hücum adlandırır, cinsi azlıqları çıxdaş etdiyini, seksual oriyentasiya ilə bağlı müzakirəni boğduğunu deyirlər.

"Bütöv regionlar özlərini qeyri-LGBTIQ zonası elan etdiyi vaxtda sakitcə durub baxa bilmərik", - AB Komissiyasının prezidenti Ursula von der Leyen iyulun 7-də tvitində yazıb. "Biz cəmiyyətin hissələrini müdafiə edəndə bütövlükdə cəmiyyəti müdafiə edirik", - o, sözlərinə əlavə edib. Ötən ay Budapeştdə bu qanuna qarşı etirazlar keçirilib. Ötən həftə bir sammitdə isə AB-nin bəzi liderləri baş nazir Viktor Orbanı buna görə tənqid edib. Fransa prezidenti Emmanuel Makron və Niderlandın Baş naziri Mark Rutte deyiblər ki, Orban ya AB-nin dəyərlərinə əməl etməlidir, ya da 27 üzvü olan blokdan çıxmalıdır. Sammitdən öncə AB-nin 17 üzvünün lideri cinsi ayrıseçkiliyin istənilən formasını pisləyən məktub imzalayıblar. "Avropa layihəsinin özəyini sayqı və dözümlülük təşkil edir", - onlar yazıblar.

Məktubda Macarıstanın adı çəkilməsə də, hədəf bəlli idi. Almaniya, Niderland, İsveç, Fransa, Belçika daxil 13 ölkə isə daha da irəli gedərək Macarıstanın hüquqi dəyişikliklərini pisləyib. Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen qanunu "biabırçılıq" adlandırmışdı. Yalnız Polşa və Sloveniyanın Orbanı bu məsələdə dəstəklədiyi bildirilir. Orban isə deyir ki, qanun homoseksuallığa qarşı yönəlməyib, hökumət 18 yaşınadək uşaqların cinsi tərbiyəsini valideynlərin öhdəsinə buraxmaq istəyir. Orbanın sağ qanad hökuməti gələn il seçkiyə gedir. O, qanunu tənqid edən Avropa liderlərini "müstəmləkəçi" kimi davranmaqda suçlayıb.(milli.az) 


 


Oxunma sayı: 4654

Oxşar yazılar