“Avro-2020”: Türkiyə millisi sabah Bakıda Uels yığması ilə üz-üzə gələcək

  • 16:16 - 15 İyun

Futbol üzrə Türkiyə millisi “Avro-2020”nin A qrupunda ikinci görüşünü iyunun 16-da Bakı Olimpiya Stadionunda Uels yığmasına qarşı keçirəcək. Qrupun lideri İtaliya isə Romada Uels komandasını qəbul edəcək.
Avropa.info xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq Türkiyə-Uels oyununun baş hakimi portuqaliyalı Artur Diaş olacaq.
Çempionatın açılış matçında Romada İtaliyaya 0:3 hesabı ilə uduzan “ay-ulduzlular” üçün bu qarşılaşma mühüm əhəmiyyət daşıyır. Uels seçməsi Bakı Olimpiya Stadionunda keçirilən birinci görüşdə İsveçrə ilə heç-heçə edib – 1:1.
“Ay-ulduzlular” Uels ilə sonuncu dəfə 24 il əvvəl üz-üzə gəliblər. İstanbulda oynanılan həmin görüşdə qardaş ölkənin təmsilçiləri 6:4 hesabı ilə qələbə qazanıblar. Komandalar ümumilikdə 6 rəsmi matçda qarşılaşıblar. Həmin oyunların 2-sində qalib gələn Türkiyə yığması 3 görüşdə uduzub. Top nisbəti də Uels yığmasının xeyrinədir – 7:10.
Türkiyə milli komandası Uels ilə oyunda 98 illik tarixində 594-cü oyununa çıxacaq. Həmin görüşlərin 226-sında qalib gələn Türkiyə 225 görüşdən məğlub ayrılıb, 142 oyunda isə heç-heçə edib. Şenol Günəşin rəhbərliyi ilə indiyədək keçirdiyi 54 rəsmi oyunun 30-nu qələbə ilə başa vuran Türkiyə millisi 11 görüşdə uduzub, 13 matçda isə meydandan “sülh”lə ayrılıb. Bu görüşlərdə 96 qol vuran komanda qapısından 51 top buraxıb.
Türkiyə yığması qrupda sonuncu görüşünü iyunun 20-də Bakı Olimpiya Stadionunda İsveçrəyə qarşı keçirəcək.
Bakı Olimpiya Stadionu iyulun 3-də çempionatın dörddəbir final mərhələsinin bir qarşılaşmasına ev sahibliyi edəcək.


Oxunma sayı: 1343

Oxşar yazılar