Koçaryanın rüşvət şəbəkəsi: Seçicilər pulla ələ alınır

  • 22:54 - 10 İyun

Ermənistanda növbədənkənar parlament seçkilərinin təşviqat kampaniyası davam edir. Seçkiyə qatılan sabiq prezidentlər qarşılıqlı ittiham, təhqir, şərəf və ləyaqəti alçaldan ifadələr işlətməklə kifayətlənməyib, seçiciləri rüşvətlə ələ almağa başlayıblar.

Artıq bununla bağlı müxtəlif məlumatlar yayılmaqdadır. Xüsusilə sabiq prezident Robert Koçaryanın seçicilərə pul payladığı barədə faktlar üzə çıxır.

Xatırladaq ki, 20 iyunda keçiriləcək erkən seçkilərdə əsas rəqiblər məhz baş nazir vəzifəsini icra edən Nikol Paşinyan və “Daşnaksutyun”la “Dirçələn Ermənistan” partiyalar blokuna rəhbərlik edən, ikinci prezident Robert Koçaryan hesab olunur. Koçaryan Ermənistana rəhbərlik etdiyi 1998-2008-ci illərdə ölkədə sözün əsl mənasında cinayətkar xunta rejimi yaratmışdı. Onun hakimiyyəti dövründə Ermənistanda korrupsiya, qanunsuzluq, vətəndaşlara qarşı represiyalar geniş yayılmışdı. Bütün bunlar əlbəttə ki, yaxın tarixdir və Koçaryan demokratik yolla seçkilərdə qalib gələ bilməyəcəyinə əmin olduğu üçün həm qara piardan, həm də rüşvət amilindən geniş istifadə edir.

Əvvəlcə Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku Paşinyanı bu taktikadan istifadə etməkdə günahlandırırdı. Blokun seçki qərargahının nümayəndəsi Aram Vardavanyan Sünik (Zəngəzur - red.), Qeqarkunik bölgələrindəki kəndlilərə subsidiyaları nəyə görəsə məhz indi paylanmağa başlayıb. Onun fikrincə, bu, seçicilərin ələ alınması cəhdidir.

Lakin digər məlumatlara görə, seçicilərin ələ alınması mexanizmini məhz Robert Koçaryan işə salıb. Belə ki, Koçaryan bu məqsədlə böyük vəsait ayırıb və onun adamları seçicilərə “Ermənistan” blokuna səs vermək üçün pul təklif edir.

Başqa bir məlumata əsasən, Koçaryan fəal şəkildə seçkilərə Qarabağda yaşayan erməniləri də cəlb edir. Rusiya sülhməramlılarının nəzarət zonasında olan erməni sakinlər Gorus şəhərinə aparılır və burada onlar seçici kimi qeydiyyata alınır. Bu da təsadüfi hesab olunmur. Çünki uzun illər ərzində Koçaryan Serj Sarkisyanla birlikdə Ermənistanın siyasi quruluşunda Qarabağ klanına rəhbərlik edib. İşğal illərində Dağlıq Qarabağda yaşayan ermənilərin demək olar ki, hamısı qanunsuz olaraq Ermənistan pasportlarını almışdılar. Onlar indi də Ermənistan vətəndaşları hesab olunurlar. Beləliklə, Qarabağdakı ermənilərin Ermənistanda səs vermək imkanları var və Koçaryan bu fürsəti əldən vermək niyyətində deyil.

Siyasi polittexnoloq Karen Koçaryan deyir ki, seçicilərin pulla ələ alınması geniş yayılıb, lakin Ermənistanda bu taktika xüsusilə kobud şəkildə həyata keçirilir. O, seçicilərə pul paylama hallarının əvvəlki seçkilərdə də geniş yayıldığını xatırladıb.

Şübhəsiz ki, Koçaryan maliyyə imkanlarına görə digər namizədlərdən üstündür. "Qarabağın səhra komandirlərinin klanı" 1998-ci ildən bu yana hakimiyyətin korrupsiya piramidası sayəsində xeyli güclənmişdi. Bundan əlavə, Koçaryan sistemli korrupsiya yolu ilə əldə etdiyi kapitalın bir hissəsini Rusiyanın “Sistema” maliyyə şirkətinin səhmlərinə yatırıb və bu yaxınlaradək şirkətin direktorlar şurasının üzvü idi. Ermənistanın keçmiş prezidenti böyük siyasətə qayıtdıqdan sonra və qarşıdakı seçkilərdə iştirakına görə direktorlar şurasından istefa vermək məcburiyyətində qalıb.

Məlumat üçün bildirək ki, seçicilərin pulla alınması "təcrübəsindən" daha əvvəl iş adamı Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası tərəfindən istifadə olunub. Hətta Tsarukyan 2017-ci il parlament seçkilərində seçiciləri pulla ələ almaqda ittiham edilərək, həbs təhlükəsi ilə üzləşmişdi. Bu baxımdan Ermənistanda seçkiöncəsi rüşvət oyunu və saxtakarlıq halları ənənəvi hal alır. Bu gün də oxşar tendensiyalar müşahidə edilir.

Ümumilikdə isə seçki günü yaxınlaşdıqca Ermənistanda qanunsuz halların daha da artacağı və seçki qarşıdurmasının güclənəcəyi istisna deyil.

Azvision.az


Oxunma sayı: 2366

Oxşar yazılar