Xarici tərəfdaşlar Mərkəzi Elmi Kitabxananın fəaliyyətini yüksək qiymətləndirir

  • 14:50 - 09 İyun

AMEA Mərkəzi Elmi Kitabxanasının beynəlxalq əməkdaşlıq istiqamətində fəaliyyəti yüksələn xətlə inkişaf edir. Kitabxana öz xarici ölkə tərəfdaşları ilə aparılan sorğu mübadiləsi və yazışmalara əsaslanaraq beynəlxalq nəşr mübadiləsini uğurla həyata keçirir. 

Müraciət edilən hər bir sorğu araşdırılır, müvafiq ədəbiyyatların əldə edilməsi istiqamətində tədbirlər görülür və qarşı tərəfin məmnuniyyətini yüksək səviyyədə qorumaq üçün xüsusi addımlar ön plana çəkilir. Görülən tədbirlər nəticəsində tərəfdaşların məmnuniyyəti təmin edilir. 

Avropa.info xəbər verir ki, son günlər Rusiya Milli Kitabxanası, Çin Milli Kitabxanası, Almaniyanın Senkenberq Tədqiqat Cəmiyyəti və Frankfurt Təbiətşünaslıq Muzeyinin sorğuları nəticəsində göndərilən jurnal və kitablar sözügedən tərəfdaşlar tərəfindən müsbət qarşılanmış və bu istiqamətdə öz təşəkkürlərini ifadə etmişlər. Tərəfdaşlar hər bir nəşrin öz istifadəçi kütləsi tərəfindən maraqla qarşılandığını və nəşrlərin fondların zənginləşdirilməsindəki rolunu xüsusi vurğulayıblar. 

Bununla yanaşı, hər zaman ölkəmizdə işıq üzü görən nəşrlərə maraqlarını ifadə etmiş, tezliklə AMEA-nın Elmi-Tədqiqat İnstitutlarının digər elmi nəşrlərini, eləcə də universitet materiallarını əldə etmək istəyində olduğunu bildiriblər. 

Məlumat üçün bildirək ki, MEK tərəfindən Rusiya Milli Kitabxanasına tarix və dilçilik elminə dair 4 kitab, Almaniyanın Senkenberq Tədqiqat Cəmiyyəti və Frankfurt Təbiətşünaslıq Muzeyinə biologiya elmlərinə dair 2 kitab və 27 sayda jurnal göndərilmiş, habelə Çin Milli Kitabxanasına dəqiq elmlərə dair 2000-2021-ci illərin tammətnli elmi jurnallarının bütün nömrələrini özündə cəmləyən 8 elektron bazadan yararlanmaq imkanı üçün linklər təqdim edilmişdir. 

Qeyd edək ki, beynəlxalq mübadilə çərçivəsində xarici tərəfdaşlara təklif edilən nəşrlər çap formatında və ya elektron şəkildə təqdim edilir.


Oxunma sayı: 1981

Oxşar yazılar