Rusiya COVİD ölümlərini neçə dəfə az göstərir? – “The Times”

  • 17:19 - 04 İyun

Böyük Britaniyanın “The Times” qəzeti Rusiyanın COVİD-19 infeksiyasından ölənlərin sayını saxtalaşdırdığını yazır.

Avropa.info-nun novator.az-a istinadən məlmatına görə, qəzet bildirir ki, Rusiya koronavirus infeksiyası səbəbindən ölənlərin sayını olduğundan az göstərən ölkələr sırasındadır.

Rəsmi statistikaya əsasən, Rusiyada virusa yoluxmuş 5 milyondan çox insanın 123 minə yaxını vəfat edib. Ancaq “The Times” yazır ki, Rusiyada COVİD-dən ölənlərin real sayı bundan 5,1 dəfə artıqdır.

Hazırda Perunun dünyada koronavirusdan ən çox əziyyət çəkən ölkələrdən biri olduğunu qeyd edən “The Times” vurğulayır: “Rusiyadan fərqli olaraq Peru öz rəsmi statistikasına yenidən baxıb. Məlum olub ki, Peruda koronavirusa görə adambaşına düşən ölüm sayı çox yüksək həddədir. Rəsmi statistikanın təftiş olunması nəticəsində aydınlaşıb ki, Peruda COVİD-dən ölənlərin sayı 69 min yox, 180 min nəfərdir. Beləliklə, Peru pandemiya başlanandan bəri koronavirusdan ölənlərin sayına rəsmən ən böyük düzəliş etmiş bir ölkəyə çevrilib. Peruda hazırda elan olunan rəqəm Braziliyada koronavirusa görə adambaşına düşən ölüm sayından iki dəfə çoxdur.

Peruda aparılan təftiş Latın Amerikasında koronavirusla bağlı statistikanın düzgün tərtib edilmədiyi barədə çoxdan hökm sürən şübhələri təsdiqləmiş oldu. Artıq Latın Amerikasının digər ölkələri də rəsmi statistikaya yenidən baxmağa başlayıb. Meksikada əldə olunan ilkin nəticələr ötən il bu ölkədə koronavirusdan ölənlərin sayının o zaman təqdim edilmiş statistikada göstəriləndən ən azı 60% çox olduğu qənaətinə gəlməyə əsas verir”.

“The Times” xatırladır ki, ötən ilin dekabrında Rusiya baş nazirinin səhiyyə sahəsinə məsul müavini Tatyana Qolikova 2020-ci ilin yanvar-noyabr aylarında ölkədə baş vermiş 230 mindən artıq ölümün 81%-nə koronavirusun səbəb olduğunu söyləmişdi. Rusiyada koronavirusa görə ölümlərin əksərinin baş nazir müavininin açıqlamasından sonraya təsadüf etdiyini vurğulayan “The Times” qəzeti Moskvanı koronavirusdan ölənlərin sayını olduğundan az göstərməkdə ittiham edir və Rusiya hökumətini rəsmi statistikaya yenidən baxmağa çağırır.


Oxunma sayı: 3059

Oxşar yazılar