Azərbaycanda 400-dən çox quş növü müəyyənləşib - Nazirlik

  • 15:34 - 10 May

Azərbaycanda 400-dən çox quş növünün 60 faizi köçəri quşlardır.

Bunu Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyib.

O bildirib ki, Azərbaycan quşların faunası baxımından zəngindir: "Bu gün ekoloji təqvimə köçəri quşların mühafizəsi günü kimi daxil edilib. 2006-ci ildən başlayaraq qlobal səviyyədə qeyd olunan bu günün əsas mahiyyəti həm dövlət, həm də qeyri-dövlət təşkilatlarının, eyni zamanda sadə vətəndaşların diqqətini köçəri quşların mühafizəsinə cəlb etməkdən ibarətdir. Ölkəmiz quşların faunası baxımından olduqca zəngindir, buna ornitofauna deyirlər. Ornitofaunamızda alimlər tərəfindən 17 dəstə və 60 fəsləyə mənsub olan 400-dən çox quş növü daxil edilib. Onların 40 faizi oturaq növ olmaqla Azərbaycanda ilboyu müşahidə edilir, digər növlər isə qışlayan və köç vaxtı ölkəmizdə qeydə alınan növlərdir. Azərbaycan ərazisinə bütün Avrasiyadan ən böyük quşların miqrasiya yollarından biri keçir, şərqi Avropa və Qərbi Sibirdən Cənuba və Şərqi Afrikaya, Cənub-Qərbi Asiyaya və əksinə milyonlarla quş köç edir".

 

KRəis müavini bildirib ki, hər il Azərbaycan ərazisindən 20 milyondan çox təkcə su-bataqlıq quşu keçir: "Həm istirahət, həm yemlənmək, həm də dayanacaq kimi buradan istifadə edirlər. Ölkəmizdə su-bataqlıq quşlarının qorunması məqsədilə Qızılağac, Ağgöl, Abşeron və Şirvan milli parkları təşkil edilmişdir. Həmçinin Azərbaycan Ramsar konvensiyasının üzv ölkələrindən biridir. Qeyd etməliyəm ki, sadalanan milli parkların ərazisində ekoloji turizmin istiqaməti olan birdwatching, yəni quşların müşahidəsi üçün geniş imkanlar var. Milli parklarımızı ziyarət edən turistlər burada ilboyu həm qışlama, həm köç, həm də yuvalama zamanı quşların müşahidəsini həyata keçirə bilərlər".


Oxunma sayı: 1101

Oxşar yazılar