Azərbaycan güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar

  • 23:37 - 20 Aprel

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatında ikinci günə yekun vurulub. 

Sərbəst güləşçilərin ilk medal günündə 5 dəst mükafat öz sahibini tapıb. 

Azərbaycan millisinin 5 pəhləvanı həlledici görüşə çıxıb. 

Güləşçilərimizdən Əfqan Xaşalov (57 kq) bürünc medal uğrunda görüşdə belaruslu Aryan Tsiutrinlə qarşılaşıb. Son saniyələrdə sevimli fəndini uğurla yerinə yetirən (2:2) təmsilçimiz karyerasında ilk dəfə böyüklər arasında Avropa üçüncüsü olub. Vətən müharibəsinin iştirakçısı olan Xaşalov güləş xalçasına qayıtdıqdan sonra ilk nüfuzlu yarışda Avropa çempionatının bürünc medalını qazanıb.

65 kq çəki dərəcəsində mübarizə aparan Əli Rəhimzadə Andrey Sviridlə (Ukrayna) gərgin mübarizə şəraitində keçən qarşılaşmada sevinən tərəf olub – 3:2. Nəticədə o, ardıcıl ikinci dəfə Avropa çempionatının bürünc medalına sahib çıxıb.

Böyüklərin Avropa çempionatında debüt edən Turan Bayramov (70 kq) finaladək rəqib tanımayıb. Həmyerlimiz həlledici görüşdə İsrail Kasumovla (Rusiya) üz-üzə gəlib. Təəssüf ki, Bayramov uğurlu seriyasını davam etdirə bilməyib. 1:3 hesabı ilə uduzan güləşçimiz gümüş medalla kifayətlənib. 

Finalın bir addımlığında büdrəyən Rəşad Yusifli (79 kq) bürünc medal uğrunda görüşdən də məğlub ayrılıb. O, Alans Amirovsla (Latviya) qarşılaşmada hesabda öndə olsa da, sonda 3:4 hesabı ilə uduzaraq, çempionatı mükafatsız başa vurub. 

Yığmamızın heyətində günün son görüşünə isə Şamil Zubairov çıxıb. 97 kq çəkidə mübarizə aparan milliləşmiş legioner təsəlliverici qarşılaşmada Radu Lefterə (Moldova) 14:9 qalib gəldikdən sonra 3-cü yer uğrunda Elizbar Odikadze (Gürcüstan) ilə güləşib. O da məğlubiyyətdən qaça bilməyib (0:5) və yarışı medalsız bitirib. 

Beləliklə, millimiz ilk medal gününü 1 gümüş və 2 bürünc medalla başa vurub. 

Qeyd edək ki, bu gün baş tutan görüşlərdən sonra daha 3 təmsilçimizin bürünc medal şansı qalıb. Onlar mükafat üçün sabah mübarizə aparacaqlar. 


Oxunma sayı: 1816

Oxşar yazılar