Dünya çempionu Şəhriyar Məmmədyarovu ikinci dəfə turnirinə çağırdı - FOTO

  • 20:15 - 16 Aprel

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkilatçısı olduğu onlayn Çempionlar Turunun beşinci mərhələsində iştirak edəcək idmançıların adları açıqlanıb.

Oxu.Az xəbər verir ki, 24 aprel - 2 may tarixlərində baş tutacaq yarışda Azərbaycanın iki şahmatçısı da çıxış edəcək.

Belə ki, Şəhriyar Məmmədyarov ardıcıl ikinci dəfə xüsusi dəvətlə (vayldkard) turnirdə iştirak edəcək və yarışda reytinqinə görə üçüncü şahmatçı olacaq. Teymur Rəcəbov isə ardıcıl beşinci dəfə bu turnirin mərhələ yarışında mübarizə aparacaq. Reytinqə görə mərhələnin beşinci qrossmeysteri olan Teymur yarışın ümumi turnir cədvəlində üçüncüdür.

Digər 14 iştirakçının siyahısı: Maqnus Karlsen (Norveç, turnirin ikincisidir), Levon Aronyan (Ermənistan, turnirin altıncısıdır), Vesli So (ABŞ, turnirin birincisidir), Əlirza Firuzca (FIDE, səsvermə ilə dəvət olunub), Leynyer Dominqes (ABŞ, vayldkard), Sergey Karyakin (Rusiya, vayldkard), Hikaru Nakamura (ABŞ, turnirin səkkizincisidir), Yan-Kjıştof Duda (Polşa, vayldkard), Vidit Qucrati (Hindistan, vayldkard), Le Kuanq Lim (Vyetnam, vayldkard), Qeveyn Cons (İngiltərə, vayldkard), Aryan Tari, Yohan-Sebastian Kristiansen (hər ikisi Norveç, vayldkard), Praqnananda (Hindistan, Polqar Çelenc turnirinin qalibi kimi).

Aniş Qiri (Niderland), Yan Nepomnyaşi (Rusiya) və Maksim Vaşye-Laqrav (Fransa) Namizədlər Turnirində (19-28 aprel) yarışdığından, onlar bu dəfə Çempionlar Turunda yer almayacaqlar. Ona görə də bu dəfə xüsusi dəvətlə yarışda iştirak edənlərin sayı çoxdur. Bunlardan Qeveyn Cons, Maqnus Karlsenin həmyerliləri – Aryan Tari və Yohan-Sebastian Kristiansen bu yarışda debüt edəcək. Sonuncu şahmatçı dördüncü mərhələdə iştirak etməli olsa da, səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirildiyindən, iştirak edə bilməmişdi.

Qeyd edək ki, turnirin mükafat fondu 100 min dollardır. Qalib 30 min, ikinci 15 min, üçüncü yerin sahibi isə 8 500 dollar qazanacaq.


Oxunma sayı: 3444

Oxşar yazılar