"Metsamor"un bağlanılması tələb edilən Ermənistanda Rusiya yeni AES tikə bilərmi... - SİYASİ ŞƏRHÇİ AZƏR RƏŞİDOĞLUNUN ANALİZİ

  • 13:33 - 08 Aprel

"Ermənistanda “Metsamor” Atom Elektirk Stansiyası mövcuddur. Rusların nəzarətindədir. Burada xatırlamaq lazımdır ki, hələ 1999-cu ilin sentyabrında, Ermənistan və Aİ arasında 2004-cü ildə “Metsamor” AES-in bağlanmasına dair bir müqavilə imzalanmışdı. Ermənistan, onsuz da 25 yanvar 2001-ci ildə Avropa Şurasına üzv olduqdan sonra, 2004-cü ildə nüvə stansiyasını bağlayacağı barədə bir öhdəlik götürdü. Ancaq bu öhdəliyi yerinə yetirmədi."

Bu sözləri Avropa.info-ya açıqlamasında siyasi şərhçi Azər Rəşidoğlu deyib. Rəşidoğlu, Ermənistan baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə görüşdə yeni atom elektirik stansiyası tikiləməsi təklifinin reallıqla uzlaşmadığını bildirib.

"2014-cü ildə Avropa Komisiyyası Ermənistanı nüvə stansiyasını ən qısa müddətdə bağlamağa çağırdı. 2015-ci ildə Ermənistanın Enerji və Təbii Sərvətlər naziri Armen Movsisyan “Metsamor”un istifadə müddətinin 2026-cı ilə qədər uzadılacağını bildirdi. İndi isə Ermənistan hakimiyyəti yeni bir tarixdən danışır - 2037-ci ilə qədər “Metsamor”un yaşatmaq istəyir. RF prezidenti Vladimir Putinlə görüş zamanı Paşinyan rusları Ermənistanda yeni AES tikməyə çağırdı. Göründüyü kimi, Paşinyan “Türkiyə yolu” gedir. Rusiya Türkiyədə Akkuyu Atom Elektrik Stansiyası tikir. Ermənistanda tikiləcək (əgər tikiləcəksə) yeni AES üçün böyük pullar lazımdır. Tikintiyə çəkilən xərcləri Rusiya ödəyəcəksə, o, bu pulu çıxartmaq istəyəcək. Lakin Qərb Ermənsitanda yeni AES tikintisinə seyrçi qala bilməz. Qərb “Metsamor”un isitfadə müddətinin uzadılması məsələsi ilə çətinliklə razılaşdı, yeni AES-ə “Sem dayı”nın razı olacağını düşünmürəm.

Azərbaycan Müdafiə Nazirliyinin rəsmisindən Ermənistana Metsamor AES  xəbərdarlığı - Poliqon.az

Bəs, bu söhbətin qaynağı nədir? Ermənistan gələcəkdə Qərbə doğru reverans eləsə, 2026-cı ildən sonra elektirk enerjisini İrəvan haradan alacaq? Rusların ermənilərə elektirk enerjisi vermək fikri yoxdur, ermənilərin də başqa yerdən almağa pulları yoxdur. Ermənilər ona ümid edir ki, əgər Avropa dotasiya verərsə, və ya İrəvan Türkiyə ilə sərhədi açarsa, ondan da elektrik enerjisi ala bilər. Bu zaman Ermənistan Azərbaycanla da barışmaq zorunda qalacaq. Lakin “Metsamor” məsələsində Ermənistan hakim elitasında ciddi narahatlıq var. Ölkənin enerji ehtiyaclarının 40% dən çoxunu qarşılayan AES bağlanarsa, İrəvan asanlıqla ona əvəz edən mənbə tapa bilməyəcək. İstənilə halda “Metsamor”un taleyi həll edilib. Təsadüfi deyil ki, Ermənistan və Aİ arasında “Hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq haqqında” müqavilədə irəli sürülən şərtə əsasən Ermənistan AES-in mövcud enerji blokunun istismardan çıxarılması üçün "yol xəritəsi" hazırlamalıdır. Maraqlıdır ki, bu məsələdə geosiyasi və iqtisadi maraqlarla yanaşı, regionun qlobal təhlükəsiliyi məsələsi də əsas rollardan birini oynayır. “Metsamor”dan, onun hazırkı vəziyyətindən hamı narazıdır: Avropa, ABŞ, Azərbaycan, Türkiyə, və hətta İran da. “Metsamor” AES-I tikiləndə, onun istismar müddəti 40 il nəzərdə tutulmuşdu. Bu, nüvə reaktorunun optimal ömründən 10 il çoxdur. Ancaq Ermənistan hakimiyyəti nüvə reaktorunu modernləşdirərək, istismar müddətini uzatmaqda israr etməyə davam edirdi. Eyni zamanda, Ermənistanda AES tullantılarının saxlanması və atılması üçün heç bir mexanizm yoxdur. 

Bəzi məlumatlara görə, qatı tullantılar Azərbaycanın işğal olunmuş ərazilərində də saxlanılırdı. 2015-ci ildə İran parlamentinin ətraf mühitin qorunması komitəsinin sözçüsü Kəmaləddin Pirmuzzin Araz çayına atılan “Metsamor” AES-dən çıxan zəhərli tullantıların hər il minlərlə iranlıda xərçəng xəstəliyinə tutulmasına səbəb olduğunu söyləmişdi. Təhlükəli tullantılarla bağlı problemlə yanaşı, atom elektrik stansiyalarının təhlükəsizliyinin təmin edilməsi məsələsi də aktualdır. 1992-1997-ci illərdə Qlobal Seysmik Təhlükənin Qiymətləndirilməsi proqramı çərçivəsində Cənubi Qafqaz bölgəsini və qonşu ölkələri əhatə edən böyük bir ərazinin seysmik təhlükəsi araşdırıldı. Aktiv tektonik qırılmaların xəritəsini tərtib etdikdən sonra mütəxəssislər bildirdilər ki, böyük və aktiv tektonik qırılmalar zonası İrəvan şəhəri və “Metsamor” atom elektrik stansiyası yaxınlığında Ermənistan ərazisindən keçir. Nüvə elektrik stansiyasının belə bir ərazidə yerləşdirilməsi özlüyündə ciddi bir problemdir. Nüvə stansiyasındakı hər hansı bir fövqəladə vəziyyətin planetar miqyasında bir fəlakətə səbəb ola biləcəyini də qeyd etmək lazımdır. 

Maraqlıdır ki, Paşinyanın Putinə təklifi əslində mahiyyətcə yeni deyil. Hələ 2010-cu ildə, Serj Sarkisyanın prezidentliyi dövründə Ermənistanda, ölkənin Prezidenti yanında Atom Enerjisi Təhlükəsizliyi Şurasının iclasında yeni bir atom elektrik stansiyasının inşası ilə bağlı son qərar verilmişdi. Hal-hazırda Metsamor qəsəbəsində (İrəvandan 25 km aralıda) fəaliyyət göstərən 407,5 MVt gücündə stansiya əvəzinə Ermənistan təxminən 1000 MVt gücündə yeni bir atom elektrik stansiyası inşa etməyi planlaşdırırdı. Bu layihənin icrası üçün 4,5 ilə 5 milyard ABŞ dolları arasında xərcləmə planlaşdırılırdı. Ermənistan hökuməti hətta bunun üçün texnologiyaların seçilməsinə qərar vermiş və Avropa təhlükəsizlik sertifikatı alan Rusiyanın “AES-92” layihəsini təsdiqləmişdi. O zaman səlahiyyətli orqanlar investor qıtlığı olmayacağına əmin idilər. Amma, o zaman nə qlobal iqtisadi krizis, nə pandemiya vardı, nə də bölgədə qüvvələr balansını dəyişən 44 günlük müharibə...", deyə siyasi şərhçi açıqlamasında qeyd edib.

AVROPA.İNFO


Oxunma sayı: 2696

Oxşar yazılar