"Populistlər deyir ki, rüşvətxor məmurdan hər şeyi al yoxsula payla, bu gediləsi yol deyil" - İlqar Məmmədov müxalifətdəki rəqiblərini ittiham edir

  • 16:33 - 07 Aprel

"Populistlərin gündəmini indi məhv etməsək, seçkidə onların öhdəsindən gəlmək hər kəsə daha da çətin olacaq. Seçkiyə hələ var, ona görə xalqı aldadan, yerinə yetirilməsi mümkün olmayan ya da uzunmüddətli inkişafa zərərli sosial şüarlar indidən ifşa edilməli, bu şüarların seçki şansları indidən heçə endirilməlidir."

Avropa.info xəbər verir ki, bunu REAL partiyasının sədri İlqar Məmmədov facebook hesabında yazıb. Partiya sədri daha sonra bildirir:

"Məsələn, populistlər bir çox azərbaycanlının şüuruna yeridiblər ki, ali və orta məmurların və onların yaxın-uzaq qohum-əqrabasının birbaşa ya da dolayısı ilə korrupsiyadan əldə etdikləri var-dövlət müsadirə olunarsa və yoxsullara birbaşa yardıma sərf edilərsə, xalq yaxşı yaşayacaq.

Bu böyüklükdə yalanı tarixdə ancaq kommunistlər xalqa danışmışdı, sonra isə elə həmin xalqı güllələmiş ya da acından öldürmüşdülər.

Sovetin dağılmasından sonra kapitalın ayrı-ayrı ictimai nöqtələrdə cəmləşməsinə tarix=xalq şərait yaradıb. Bu cəmləşmə bütün ölkələrdə baş vermiş bir hadisədir (daha çox orta əsrlərin sonunda, yeni tarixin əvvəlində). Amma onu milli inkişaf məqsədləri üçün istafədə etməyi bacarmış və bacarmamış xalqlar var.

Populistlər deyir ki, rüşvətxor məmurdan və onun biznesdəki ortağından hər şeyi al, yoxsula payla. Bu, gediləsi yol idisə, kommunistlər tarixdə özlərini doğrultmuş olardı.

Bəs nə etməliyik? Kapitalın cəmləşməsi faktını milli inkişafın xidmətinə qoymalıyıq. Qismən maliyyə amnistiyası, qismən müsadirə, əsasən isə bu cəmləşmiş var-dövlət iş yerləri, elm və mədəniyyətə təkan verəcək sərmayələrə çevrilməlidir. Bəzən lap elə dövlətin yumşaq məcburlama alətlərindən istifadə etməklə. Amma bütün bunlar qanun aliliyi və sərmayə üçün digər cazibəli xüsusiyyətləri olan iqlimdə edilməlidir."

Qeyd edək ki, İlqar Məmmədovun facebook-dakı bu açıqlaması digər müxalifət partiyalarının fəalları tərəfindən tənqid olunub.

AVROPA.İNFO 


Oxunma sayı: 4753

Oxşar yazılar