ABŞ hökumətindən dələduzluqla 7,4 milyon dollar almaqda ittiham olunan azərbaycanlılar kimdir? - FOTO VİDEO

  • 17:02 - 24 Mart

ABŞ-ın Ohaio ştatında yaşayan azərbaycanlı ailə fırıldaqçılıqda ittiham olunur.

Kələntərovlar ailəsi pandemiya dövründə dəstək kreditləri vasitəsi ilə onlarla saxta əkinçilik müəssisəsi yaratmaqda və bununla bağlı dövlətdən 7,4 milyon dollar kredit almaqda təqsirli bilinir.

Ailənin iki üzvü - Aydın Kələntərov və Günay Kələntərli yanvarın 25-də Kaliforniyada həbs olunub.

ABŞ prokurorluğu ailənin digər üzvlərinin - Zaur, Nigar və Əli Kələntərlilərin də bu işdə əli olduğunu güman edir.

Fırıldaqçılıqda ittiham olunan ailə üzvləri haqqında ətraflı məlumatı Qafqazinfo təqdim edib.

Bəs birdən-birə gündəmə gələn Kələntərovlar kimlərdir?

Kələntərovlar ailədə üç qardaşdırlar: Aydın, Zaur və Əli Kələntərlilər.

Aydın Kələntərov ABŞ-a tələbə olaraq 2010-cu ildə yollanıb. Zaur və Əlinin Amerika macərası isə “Green card”la bağlıdır. Ailə üç dəfə çoxlarının xəyalı olan “Green card”ı udub. 2012, 2013 və 2014-cü illərdə. Birinci il nəticələr ləğv olunub, ikinci il sıxlıq səbəbindən onların xəyalları gerçəkləşməyib, üçüncü il isə nəhayət, onların Amerika hekayəsi başlayıb.

Aydın Kələntərov

Qardaşların ABŞ-a getmək həvəsi birdən-birə yaranmayıb.

Onların atası Bakıdakı ilk özəl nəşriyyat şirkətlərindən birinin sahibi olub.

Ancaq ailə biznesinin yerləşdiyi ərazi 2011-2012-ci illərdə Bakıdakı genişmiqyaslı tikinti işləri çərçivəsində plana düşüb və onların ABŞ-a yollanmaq həvəsi də bundan sonra meydana çıxıb. Onlar getdikləri bölgədə Bakıdakı ailə ənənələrini davam etdirmək qərarına gəliblər, ancaq bir qədər fərqli aspektdə.

Zaur Kələntərli

Belə ki, qardaşlar müxtəlif geyim növləri üzərində çap işləri xidmətləri təklif ediblər və bunun üçün əməli fəaliyyətə başlayıblar.

“Kalantarlı Brothers”in böyüyən biznes hekayələri Los-Ancelesdən start götürüb.

Qardaşların uğur qazanmasının köklərinə ensək, görərik ki, onları bir-birini tamamlayan fərqlilikləri uğura aparıb.

Aydın Kələntərov qrafik dizayner, internet, proqramlaşdırma üzrə peşəkarlaşıb. Zaur maliyyənin və biznesin qurulması, idarəsindən məsul olub. Kiçik qardaş Əli isə cihazlarla, xüsusən elektronika ilə işləməyi yaxşı bacarıb. Onlar güclərini və qabiliyyətlərini birləşdirməklə rəqibləri qarşısında üstünlük əldə etməyə nail olublar.

Əli Kələntərli

Qardaşlar çap sahəsində özlərini təsdiqləyəndən sonra bizneslərini fərqli sahələrə daşımaq qərarına gəliblər. Bunun üçün Ohayo ştatını daha əlverişli hesab edən Kələntərovlar burada daşınmaz əmlak işinə başlayıblar. Onlar evləri nisbətən ucuz qiymətə alıb, təmir-tikinti işlərini gördükdən sonra satışa çıxarıblar.

Ailənin fırıldaqçılıqda ittiham olunması məsələsinə gəldikdə, bunun kökləri hələlik qeyri-müəyyən olsa da, məhz daşınmaz əmlak bazarına daxil olmaları ilə bağlamaq mümkündür. Çünki ailə məhz saxta fermalar yaratmaqda ittiham edilir.

ABŞ Prokurorluğu ailənin digər dörd üzvünə - Zaur Kələntərli, Nigar Kələntərli, Əli Kələntərli, Kandi Rodrigezə qarşı da ittiham irəli sürüləcəyi istisna etmir.

Xatırladaq ki, ailənin hökumətdən ümumi məbləği 7 milyon 447 min 400 dollar olan 53 yardım krediti aldığı bildirilir.

Belə ki, dövlətin pandemiya dövründə verdiyi kreditlər ötən ilin fevralın 1-dək yaradılmış şirkətlərə şamil olunur. Sözügedən şirkətlər isə apreldə yaradılıb.


Oxşar yazılar