Alman şirkətləri Azərbaycanda dəmir yolu layihələrinə investisiya yatırmaqda maraqlıdır

  • 20:50 - 04 Mart

Alman şirkətləri Azərbaycanda dəmir yolu layihələrinə investisiya yatırmaqda maraqlıdır. 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən (QSC) Avropa.info-ya bildirilib ki, bu sözləri QSC-nin sədri Cavid Qurbanovla keçirilən görüşdə Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq deyib. 

C.Qurbanov qonağa son dövrlərdə dəmir yollarında aparılan islahatlar, beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində görülən işlər, perspektiv vəzifələr haqqında ətraflı məlumat verib. 

Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin rolu, inkişaf strategiyası, beynəlxalq nəqliyyat dəhlizi üzrə sərnişin və yük daşımaları, iştirakçı ölkələrlə bu istiqamətdə əməkdaşlıq məsələləri müzakirə olunub. Qeyd edilib ki, bu dəhliz həmin marşrut ilə ixrac-idxal əməliyyatlarını həyata keçirərək ticarət dövriyyəsini artıran digər region ölkələrinin də inkişafında əhəmiyyətli rol oynayacaq və iqtisadi əlaqələri genişləndirəcək. 

QSC sədri bildirib ki, dəmir yollarında kontakt şəbəkəsinin yenilənməsi, rabitə-işarəvermə sisteminin, enerji təsərrüfatının layihələndirilməsi və yenidən qurulması işlərinin satınalınması məqsədilə tender prosesi davam etdirilir. Tenderdə Almaniya şirkətinin də iştirak etdiyi vurğulanıb. 

Məlumat verilib ki, “Azərbaycan Dəmir Yolları” QSC Almaniya, İsveçrə, Avstriya kimi ölkələrin beynəlxalq nüfuzlu şirkətləri ilə əməkdaşlıq edir. 

Səfir V.Maniq isə “Alman Dəmir Yolu” SC-nin yaranma tarixi, inkişaf mərhələləri haqqında ətraflı məlumat verib. O, ikitərəfli əlaqələrin genişləndirilməsində, alman şirkətlərinin Azərbaycanda dəmir yolu sahəsində gerçəkləşdiriləcək layihələrə investisiya yatırımında maraqlı olduğunu qeyd edib. 

Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri və mümkün istiqamətləri müzakirə olunub.


Oxunma sayı: 12354

Oxşar yazılar