Rusiya Dumasının ermənipərəst deputatı Zatulin yenə həddini aşdı : "Rusiya Dağlıq Qarabağda sonsuza qədər qalacaq..."

  • 00:45 - 04 Mart

"Rusiya rəsmi olaraq 5 il müddətinə Dağlıq Qarabağa gəldi, amma əslində sonsuza qədər gəldiyini düşünürəm."

Avropa.info xəbər verir ki, belə bir hədsiz açıqlama ilə Rusiya Federasiyası Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsi sədrinin birinci müavini, ermənipərəst mövqeyi ilə seçilən Konstantin Zatulin çıxış edib. Hər zaman Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən Zatulin, Qarabağda hazırda 2 min rus sülhməramlısının olduğunu xatırladıb.

"İnanıram ki, bəlkə də bir müddətdən sonra, Sünikdə (Zəngəzur:red) Rusiya hərbi gücünün artırılmasından danışmalıyıq. Mənə elə gəlir ki, vəziyyət Ermənistanda qalıcı olmaq üçün bunu tələb edir", deyə Zatulin bildirib. 

Zatulin, Rusiyanın Gümrüdəki 5 min əsgər və zabitlə Ermənistanda varlıq hüququnu özündə saxladığını xatırladıb.

"Ermənistanla birgə silahlı qüvvələrin qurulması məsələsinə gəldikdə, bu, KTMT-nin inkişafı ilə bağlıdır", - Zatulin əlavə edib.

Qeyd edək ki, 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış atəşkəs sazişinə görə, Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağdakı təmas xətti boyunca və Laçın dəhlizi boyunca yerləşdirilib. Sülhməramlı kontingentinin qalma müddəti 5 ildir. Bununla yanaşı Ağdamda Atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi qurulub. Bu səbəbdən də Zatulinin dediklərinin heç bir hüquqi əsası yoxdur və rus deputatın növbəti sayıqlamalarıdır. 

Zatulin bundan öncə də dəfələrlə Azərbaycana qarşı qərəzli açıqlamalarla çıxış edib və rəsmi Bakı tərəfindən gərəkən cavabı alıb. Bundan öncəki illərdə dəfələrlə erməni separatçılarının tədbirlərində iştirak edən Zatulin, Azərbaycana qarşı qərəzli açıqlamalarla çıxış edib. Hətta Zatulinin bu hədsiz açıqlamalarına görə, Azərbaycan XİN bundan öncəki illərdə rəsmən Rusiya XİN-ə nota göndərib.

Avropa.info


Oxunma sayı: 11320

Oxşar yazılar