Üçüncü dalğanın ya bu ay, ya da apreldə olacağı gözlənilir – Karantin sərtləşdilir?

  • 15:54 - 03 Mart

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün dünyada koronavirusa yoluxanların ümumi sayında dekabr, yanvar ayına nisbətən ciddi azalma olduğunu açıqlasa da, alimlər üçüncü dalğanın olacağını istisna etmir. ÜST rəsmisi Mayk Rayan da deyib ki, pandemiyanın 2021-ci ilin sonunda bitəcəyini gözləmək real deyil: 

“Məsələ bizim virusu nəzarət altına ala bilməyimizdir. Ancaq hazırda nəzarət daha çox virusdadır”. Bəzi mütəxəssislər isə üçüncü dalğanın mart-aprel ayında olacağını proqnozlaşdırır. Çinli alimlər hələ ötən il müxtəlif ölkələrdə koronavirusun yayılma zirvələri ilə bağlı araşdırma aparıblar və nəticədə patogenin ötürülməsi üçün optimal temperaturun 5 ilə 8.72 dərəcə, havanın rütubətinin isə 35 ilə 50 faiz arasında olduğunu sübut ediblər. Bundan belə aydın olub ki, baharın əvvəlləri SARS-CoV-2 virusunun səbəb olduğu COVİD-19 infeksiyasının yayılması üçün demək olar ki, ideal şərait yarada bilər. Deməli, soyuq qışdan çıxmış zəif immunetli əhali yaz aylarında yenidən virusa yoluxa bilər.

Bəs görəsən, azərbaycanlı mütəxəssislər bununla bağlı nə fikirdədir? Bizdə də virusun yeni dalğası gözlənilirmi? Bu arada  məktəblərdə, bağçalarda virusun yayıldığı, bu səbəbdən yaxın zamanda təhsilin distant şəkildə davam etdiriləcəyi barədə söhbətlər də gəzir. İnfeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Yoluxma sayında hər gün artımlar olur. Dünən bu sayın az olmasına baxmayaraq ümumilikdə rəqəmlər artmağa meyllidir. Karantin qaydalarının yumşaldılması özünü artıq göstərir. Bundan əvvəl ikinci dalğa zamanı ümidsiz idik, çünki üzü qışa gedirdik. Amma bundan sonrakı dövrlə bağlı o qədər pessimist düşünmürük. Üçüncü dalğa olsa da, yay fəslinə keçirik deyə problem olmamalıdır. Aprel ayında yoluxma sayında artım ola bilər, amma yaya doğru azalmalar olacaq. Çünki günəşin aktivliyi artacaq,  bu da açıq havada virusu öldürəcək. Evlərdə otaqlar tez-tez havalandırılacaq, bu amil də virusun yayılmasının qarşısını alacaq. Hava şəraiti epidemiyanın əleyhinə olacaq”.

İnfeksionist deyib ki, insanlar bayram ərəfəsində daha diqqətli olmalıdırlar: "Düşünmürəm ki, sərt karantin rejiminə keçilməlidir. Qarşıdan bayram gəlir, qaydaları sərtləşdirmək olar. Çünki insanlar toplaşacaq, bir-birinə qonaq gedəcək. Hazırda buna yol vermək olmaz. Virusun sayında artma  ola bilər. Bayram ərəfəsində insanlar evdə otursa, daha yaxşı olar. İndi vaksinasiya prosesi də davam etdirilir. Yayın gəlməsi bir tərəfdən, digər tərəfdən də vaksinasiya tədbirləri ümidlər verir. Düzdür, 2-3 milyon insanı eyni vaxtda vaksin eləmək mümkün deyil. Bu yəqin ki, yeddi ay və ya bir il çəkə bilər. Amma ən azı hər gün yeni-yeni insanlar peyvənd olunur. Bu da müsbət təsirini göstərəcək. Yəni hazırda 250 nəfər yoluxma qeydə alınıb, bu cür davam eləsə, sərt karantin tətbiq etməyə ehtiyac yoxdur. Amma yoluxma sayı artsa, bayram ərəfəsində qısamüddətli karantin tətbiq oluna bilər".

M.Əliyevin sözlərinə görə, son günlər uşaqların virusa yoluxması halları artıb: “Bizə koronavirusa yoluxma ilə bağlı azyaşlılar gətirilir. Məktəblərdə  yoluxmanın olması təbiidir, şagirdlər toplu şəkildə yığılırsa, yoluxma da qaçılmazdır. Məktəblərin də bir neçəsi bu səbəbdən bağlandı. Belə davam edərsə, distant təhsil sisteminə keçilə bilər. Amma qarşıdan yay gəldiyi üçün uzunmüddətli karantinin olacağını düşünmürəm. Bununla belə, ağır xəstələr gəlmir. Noyabr, dekabr aylarında dəhşətli dərəcədə ağır xəstələr var idi. Əksəriyyət pnevmoniya ilə gəlirdi. Hazırda pnevmoniya ilə bir gündən bir müraciət edən olur, bəzən heç olmur. Ağırlaşma kimi hallar yoxdur”.

Pediatr Kəmalə Əmrahova isə hesab edir ki, məktəblərin, bağçaların açılması virusun yayılma riskini artırır: “Hazırda uşaqların koronavirusa yoluxub-yoluxmaması dəqiq bilinmir. Elə uşaq ola bilər ki, immun sistemi güclüdür, onda xəstəlik özünü göstərmir. Belə olarsa, digərlərini yoluxdurma  ehtimalı yüksəkdir. Hazırda uşaqların əksəriyyətində qusma, ishal kimi əlamətlər müşahidə olunur ki, bu da COVİD-19 əlaməti sayıla bilər.  Amma əksər valideynlər analiz verməkdən imtina etdiyinə görə  təsdiqlənmiş sayılmır”.

Pediatr uşaqların məktəbə getməsini tövsiyə etmir: "Çünki infeksiyalar hava-damcı yolu ilə yayılır. Bunun qarşını almaq üçün evdə qalmaları daha məsləhətlidir. Bunun əvəzində evdə immuniteti artıran qidalardan, təbii məhsullardan istifadə etsinlər. Amma ümumiyyətlə, əvvəlki aylara nisbətən xəstələrin sayı azalıb".

Təhsil Nazirliyi orta məktəblərdə əyani dərslərin martın 3-dən 9-dək dayandırılacağı ilə bağlı məlumatlara aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, sosial şəbəkələrdə və bəzi KİV-lərdə yayılan məlumatlar həqiqəti əks etdirmir. “Xahiş edirəm, ötənilki məlumatı bu ilə uyğunlaşdırmayasınız. Tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı. Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir”, - deyə nazirlik rəsmisi qeyd edib.

Cəsarət Valehov həmçinin bağça və universitetlərin də bağlanması barədə xəbərləri təkzib edib.


Oxunma sayı: 2333

Oxşar yazılar