Müsavat deputatlığa namizəd olmuş üzvünə töhmət verdi

  • 12:12 - 11 Noyabr

Noyabrın 10-da Müsavat Partiyası Divanının iclası keçirilib. Partiyadan Avropa.info-ya verilən xəbərə görə, Divan üzvü Nailə Yaqublu Türkiyənin Ankara şəhərində M.Ə.Rəsulzadənin silahdaşı, Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil Ünalla görüşü barədə məlumat verib. 

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı seçkilərlə əlaqədar məhkəmə prosesləri haqda məlumat verərək bildirib ki, namizədliyi qeydə alınmayan müsavatçıların məhkəmə instansiyaları üzrə şikayətləri yekunlaşıb. Bütün şikayətlərlə bağlı Mərkəzi Seçki Komissiyasının əsassız qərarları qüvvədə saxlanılıb. Məhkəmə qərarlarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət ərizələri hazırlanıb.

Məlumat verilib ki, Müsavat Partiyasının seçkidən çəkilməklə bağlı qərarına əsasən namizədliyini geri götürən müsavatçılar haqqında MSK-nın qanunsuz qərarlarından verilən şikayətlər Apelyasiya və Ali Məhkəmə instansiyalarında davam edir.

Müsavat başqanının müavini Tofiq Yaqublunun həbsinin qanunsuz olması haqqında Avropa İnsan Haqları Məhkəməsinin qəbul etdiyi qərar barədə Divan üzvləri məlumatlandırılıb. Ədalətin tanınması yönündə qəbul edilən bu qərar təqdir olunub. Bu şikayətin məhkəmə instansiyalarını uğurla keçməsi üçün vəkil Nemət Kərimlinin fəaliyyəti yüksək qiymətləndirilib.

Məlumatda sonra deyilir ki, Müsavatın seçkidə iştirakdan imtina haqqında 28 oktyabr 2015-ci il tarixli qərarına rəğmən seçkidə iştirakını davam etdirən 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizədi İltizam Əkbərlinin partiya intizamı məsələsinə baxılıb. Partiyadan xaric edilməsi və ona töhmət verilməsi təklifləri səsə qoyulub. Səs çoxluğu ilə İltizam Əkbərliyə töhmət verilməsi barədə qərar qəbul olunub.

Divan Sabunçu Rayon Polis İdarəsinin qarşısına toplaşmış inanclı şəxslərə qarşı güc tətbiq edilməsini və yol verilən zorakılıqları qətiyyətlə pisləyib. Müsavat Partiyası Cənubi Azərbaycanın bir çox şəhərlərində baş tutan aksiyalarda həbs olunan fəalların dərhal azadlığa buraxılmasını tələb edib.


Oxunma sayı: 5545

Oxşar yazılar