Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Göyçaydan olan 166 xəstənin müraciətini geri çevirdi – Şikayət

  • 14:05 - 28 Fevral

Göyçay şəhərində 167 xəstə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə öz xəstəlikləri ilə bağlı etdikləri müraciətdən 166-sına "siz xəstə deyilsiz" cavabı verilib.

Avropa.info xəbər verir ki, bu barədə Göyçaydan olan bir qrup sakinin müraciətində bildirilib.

Vətəndaşlar müraciətində qeyd ediblər ki, həmin 167 nəfərdən yalnız bir nəfərin müraciətinə müsbət cavab verilib. 

“Nə qədər ədalətli olduqlarını isə 64 yaşından 7 ay keçmiş yaşlı qadının müraciətinə verdikləri cavabdan anlamaq olar. Həm də pensiyaya çıxmağına 5 ay qalmış. Nazirliyin vətəndaşlara verdiyi cavabdan bu qənaətə gəlmək olar ki, 166 nəfər şəxs sağlamlığını bərpa edə biləcəyi halda, yenə əvvəlki vəziyyətdə həyatlarına davam edəcəklər, - deyə müraciət müəllifləri qeyd edir. 

Müraciət müəllifləri bildiriblər ki, həmin 167 nəfərin arasında olanlardan biri anadangəlmə xəstədir: “Bu adam anadangəlmə xəstəliklə doğulub. Şəkər xəstəsidir. Artıq çəkidən əziyyət çəkir. Həmin şəxs indiyədək pensiya aldığı halda, məlum olmayan səbəblərdən pensiya təminatı dayandırılıb. Bu cür xəstəliklə bağlı pensiya təminatında heç bir fasilə ola bilməz və təkrar müayinə üçün xəstəxanaya göndərilməsi də məqsəduyğun deyil”. 

Göyçay şəhər xəstəxanasından vətəndaşların müraciətini təsdiqləyiblər. Adının çəkilməməsini istəyən həkimlərdən biri nazirliyin vətəndaşların müraciətinə mənfi cavab verməsinin təəccüblü olduğunu bildirib. Qeyd edilib ki, həmin xəstələrin müraciəti nəzərə alınmalı idi. 

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə yaratmaq mümkün olmadı. Mövzunun aktuallığını nəzərə alıb, nazirliyin də bu məsələ ilə bağlı mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.

Sima Babayeva
Avropa.info


Oxunma sayı: 3059

Oxşar yazılar