Bakı niyə qışa hazır deyil? – Deputatdan açıqlama

  • 15:38 - 25 Fevral

Bakıya yağan ilk qar paytaxtımızın “makiyaj”ının silinməsinə səbəb oldu. Nəqliyyatın hərəkətində, yollarda, kommunal xidmətlərin göstərilməsində yaranan ciddi problemlər açıq göstərdi ki, şəhər təsərrüfatı bu duruma qətiyyən hazır deyilmiş. Halbuki bir neçə gün öncədən sinoptiklər qarlı, şaxtalı hava dalğasının yaxınlaşdığı barədə xəbərdarlıq etmişdilər.

Avropa.info-nun məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı “Press Klub”a açıqlamasında ölkə miqyasında qarın yağması ilə bağlı yaranan vəziyyəti izlədiyini söyləyib.

“Bakı şəhərində görülən təhlükəsizlik işləri təqdirəlayiqdir. Bakı Şəhər İcra Hakimiyyəti küçələrin, yolların buz bağlamaması, istər avtomobillərin, istərsə də piyadaların təhlükəsizliyi üçün bütün işləri görüb. Eyni zamanda, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov mütəmadi olaraq sürücülərə öz xəbərdarlığını çatdırır. Amma dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, vətəndaşlar şəxsi avtomobillərindən istifadə edirlər. Nəticədə qəza hadisələrinin şahidi olduq və oluruq”, -deyə o bildirib.

Deputat hesab edir ki, yol-nəqliyyat hadisələrinin səbəbkarları sürücülərdir:

“Bu, hər birimizin qışa hazırlıqlı olmamağımızla bağlıdır. İnsanlar düşünür ki, Bakıda qış o qədər də sərt keçirmir, qar çox yağmır. Maşınlar üçün qışda xüsusi olaraq istifadə edilən təkərlər var. Sürüşməyə meylli olmayan, çıxıntıları daha çox olan təkərələrdən istifadə olunmalıdır. Biz isə buna əməl etmirik”.

F.Ağamalının fikrincə, qışı sərt keçən ölkələrin təcrübəsi öyrənilməlidir. Bu məsələ orada hansı formada tənzimlənirsə, ona uyğun olaraq qanunvericilikdə dəyişiklik etmək olar:

“Qışı sərt keçən ölkələrdə bu məsələnin necə tənzimləndiyini araşdırmaq və həmin təcrübəyə söykənərək lazım gəlsə, Milli Məclisdə bununla bağlı məsələ qaldırmaq, “Yol hərəkəti haqqında” qanuna müvafiq əlavələr etmək mümkündür”.


Oxunma sayı: 2014

Oxşar yazılar