Bakıda daha bir məktəb bağlandı, Təhsil Nazirliyi valideynlərə müraciət etdi - RƏSMİ

  • 10:41 - 23 Fevral

Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlanıb.

Avropa.info xəbər verir ki, Respublika İncəsənət Gimnaziyasında 8 müəllim və bir neçə şagirdin COVİD testi müsbət çıxıb. Bu səbəbdən məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.

Məktəbin fəaliyyəti 14 günlük müddətinə təxirə salınıb və dərslərin distant formada tədris olunması qərara alınıb.

Qeyd edək ki, bundan əvvəl Nərimanov rayonundakı 82 nömrəli məktəb də eyni səbəbdən iki həftəlik bağlanıb.

Bakı məktəblərində dərslər koronavirusa görə martın 1-dən distant formaya keçir?

Bu və digər məsələlərə aydınlıq gətirmək üçün ilk öncə Nazirlər Kabinetinə müraciət etdik. Qurumdan bildirildi ki, hələlik bu məsələ ilə bağlı müzakirələr aparılmır. Bu barədə rəsmi məlumat yoxdur.

Təhsil Nazirliyindən isə vəziyyətin qənaətbəxş olduğu bildirilir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun BAKU.WS-ə verdiyi məlumata görə, yayılan fikirlərin heç bir əsası yoxdur.

“Məktəblərdə vəziyyət stabildir. Əgər belə lokal qapanmalar olsa da, təhlükəli hədd deyil. Bununla bağlı təhsil müəssisələri ilə təlimlər, maarifləndirmə işləri aparılır. Cəmiyyətə baş verən hadisələr barədə operativ məlumatlar verilir. Xüsusi gərginliyə ehtiyac yoxdur.

Hər kəs bilir ki, hansısa məktəbdə yoluxma qeydə alınan zaman valideynlərlə əlaqə saxlanılır. Həmin şagird və ya müəllim lokallaşdırılır.

O şəxs karantinə götürülür. Karantin müddəti bitdikdən sonra yoluxmuş şəxs yenidən test verir. Cavab neqativ çıxdıqdan sonra həmin şəxs təhsilə davam edir. Dünyada da, o cümlədən Azərbaycanda da belədir”, - deyə Cəsarət Valehov bildirib.

Təhsil Nazirliyinin rəsmisi valideyn, şagird və müəllimlərə müraciət edib:

“Bütün məktəblərdə ciddi nəzarət və müşahidələr var. Ona görə də narahatlığa və gərginliyə əsas yoxdur. Valideynlər rahat şəkildə övladlarını məktəblərə göndərə bilərlər. Təhsil müəssisələrində heç bir gizli proses getmir.

Valideynlər də bilirlər ki, məktəbdə xəstələnən var. Məlumatlar əsasında təhsilin distant formaya keçirilməsi barədə qərar verilir”.


Oxunma sayı: 452

Oxşar yazılar