London merinə namizəd azərbaycanlı kimdir? – ŞOK FAKTLAR

  • 14:24 - 22 Fevral

May ayında Britaniya paytaxtının sakinləri London Məclisinin üzvlərini və şəhərin bələdiyyə başçısını seçəcəklər. London meri vəzifəsi uğrunda mübarizə aparan 20-dək namizəddən biri də azərbaycanlı Kamran Balayevdir. Onun namizədliyini 2017-ci ildə yaradılmış "Renew" mərkəzçi partiyası irəli sürüb.

Yaylan xəbərlərdən sonra Cambridge və London iqtisadiyyat və siyasi elmlər məktəbinin məzunu olan 39 yaşlı hüquqşünas Kamran Balayevin personasına Azərbaycanda da maraq artıb.

Avropa.info xəbər verir ki, Kamran Balayev isə BBC-yə açıqlamasında seçkilərdə çox ciddi namizədlərlə qarşı-qarşıya gəldiyini deyir. Belə ki, ənənəvi olaraq, London iki iri partiyanın - Leyboristlərlə Mühafizəkarların siyasi rəqabət səhnəsinə çevrilir.

Hazırda şəhərə Leyboristlərin nümayəndəsi Sadiq Khan rəhbərlik edir. O, bu vəzifədə hazırkı Baş nazir, Mühafizəkarlar Partiyasının lideri Boris Johnson-u əvəzləyib.

"Britaniyada çox vaxt seçicilər şəxsiyyətə yox, partiyaya səs verirlər. Hətta bəzən namizədin kim olduğunu bilməsələr də, öz partiyalarının nümayəndəsini dəstəkləyirlər," - Kamran Balayev  bildirib.

Onun sözlərinə görə, çox sayda tərəfdarı olan aparıcı partiyalar üzərində qələbə qazanmaq olduqca çətindir.

"Şansımız aşağıdır, amma təbii ki, udmaq istəyirik" - Kamran Balayev deyir.

Ancaq o, qələbə qazanmağın yeganə məqsəd olmadığını deyir: "Hesab edirəm ki, platformamız seçicilər üçün maraqlıdır. Digər partiyalar görəndə ki, belə proqramımız var, onu mənimsəyib, tətbiq edə bilərlər. Bu cəmiyyət üçün faydalı olan bir şeydir".

London bələdiyyə seçkilərində səs vermək üçün 6 milyondan çox seçici qeydiyyatdan keçib. Səsvermə 6 mayda keçirilməlidir. Sonuncu seçkilər 2016-ci ildə baş tutub.


Oxunma sayı: 2916

Oxşar yazılar