Fövqəladə Hallar Nazirliyi vətəndaşlara müraciət etdi – VİDEO

  • 20:55 - 25 Yanvar

Fövqəladə Hallar Nazirliyinin dağlıq ərazilərdə yaşayan və dağlara səfər edən insanlara müraciət edib.

Bildirilib ki, bəzən insanların müxtəlif məqsədlərlə – ov etmək, təbiət gözəlliyinin dadını çıxarmaq və s. üçün yaşayış yerindən uzaqlaşaraq qarla örtülmüş yüksək dağlıq və meşəlik ərazilərə üz tutması sonda arzuolunmaz nəticələrə gətirib çıxara bilir. Belə ki, qış aylarında dağlıq ərazilər üçün xarakterik olan qar uçqunu, yolu azma, vəhşi heyvanların hücumu və s. insan həyatı və sağlamlığı üçün real təhlükə yaradır.

Qeyd olunanları nəzərə alaraq, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, yaşayış məntəqəsini tərk etmək zərurəti yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı, olduğunuz yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi tövsiyə edirik. Həmçinin, yadda saxlamaq lazımdır ki, ilk baxışdan aldadıcı görünsə də günəşli havada qar uçqununun baş vermə ehtimalı daha da artır.

 Əgər qar uçqunu başlayıbsa:

1.Qar uçqunu xeyli yüksəklikdə başlayıbsa, dərhal qaçaraq onun hərəkət trayektoriyasından kənara çıxmağa çalışın, yaxınlıqdakı qayanın çıxıntısı altında gizlənin;
2.Uçqundan qaçıb qurtarmaq mümkün deyilsə, çanta və bu kimi digər əşyaları kənara atın, çömələrək dizlərinizi qarnınıza sıxıb bədəninizi axının hərəkət istiqamətinə yönəldin.

Uçqun sizi yaxalayıbsa:

1.Nəfəs yollarını qardan qorumaq üçün ağız və burnunuzu şərf, əlcək, yaxud paltarın yaxalığı ilə örtün;
2.Qollarınızla suda üzən kimi hərəkət edərək uçqunun səthinə və ya kənarına çıxmağa çalışın;
3.Axın dayandıqda qar altında rahat nəfəs almaq üçün qollarınızla döş qəfəsi və üz ətrafında boşluq yaratmağa çalışın;
4.Uçqunun səthinə tərəf hərəkət etməyə çalışın (səthin harada olduğunu ağızdan axan selikin istiqamətinə görə təyin etmək olar);
5.Qar altından müstəqil çıxa bilmirsinizsə, qışqırmaq və sair hərəkətlər etməyin. Bu, sizin qüvvənizi, ətrafınızdakı oksigeni və istiliyi azaldır;
6.Soyuqqanlılığınızı itirmədən xilasediciləri gözləyin, yuxuya getməyin.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!


Oxunma sayı: 2135

Oxşar yazılar