“Üşüyür duyğularım” və ya Zöhrab Mehdi yaradıcılığına bir baxış

  • 18:14 - 23 Yanvar

Zöhrab Mehdini “itirəcəyimizdən” yaman qorxmuşduq. Bir şair kimi təbii. Tələbəlik həyatımızdan sonra onun səs-səmiri çıxmadı. İçərisində “təlatümlər” yaşayan bir yazarın qəfil və uzunmüddətli susqunluğu ilə barışmalı olduq. Amma şübhələrimiz yerindəydi...

...Şübhələrimiz əbəs deyilmiş. Sən demə ZAMAN öz işini görübmüş. İstedadlı şair də şeirin, küllən ədəbi yaradıcılığın qiymətdən düşməsini bir az da bəhanə eləyərək küncə çəkilibmiş... Müştərək dostlarımız - tələbə və otaq yoldaşlarımız Bahadır Şəfi, İlham Zeynallı, Məzahir Məmmədli, Vaqif Nəcəfov, lap elə məşhur telerejissor Nadir Diridağlı bu fikirləri oxuyanda, yəqin deyəcəklər bizim ənənəvi Zöhrabımız yorulduğundan yazmırmış. Amma...amma şübhələr buna əsas qoymur. Zöhrabın şeirlərində başqa qoxu var. Hamımızın müəlliməsi, istedadlı söz adamı, mərhum Mailə xanım Muradxanlının təbirincə yanaşsaq, bu qoxu “müxtəlif dövrlərçün fərqli çalarlar kəsb edən sandıq ədəbiyyatları silsiləsinin” çağdaş davamçılığına yaman bənzəyir... 

Əlqərəz, bizim köhnə şairimizi bu dəfə Markın Facebook-u istedadı sönməmiş, tamamilə yeni, müasirləşmiş bir qiyafədə üzə çıxarıb. Sosial şəbəkənin dünyanı bürüyən fırtınalı dalğası Zöhrabdan da yan keçməyib, onu ləpələrinin üzərinə çıxararaq göz önünə gətirib. Sağ olsun. Yaxşı ki batırmayıb... 

Böyük təhlillər, eləcə də ədəbi tənqidin ədəbiyyata təlqin edəcəyi analizlər hələ qabaqdadı. Amma dostumuz, indi artıq orta yaşlı nəslin təmsilçisi Zöhrab Mehdinin “adsız şerlər”indən seçdiyim 

“Üşüyür duyğularım – 

Daş sükutun içində... ” 

və ya 

“Bu, talanlar içində,

Bu, yalanlar içində - 

Ömürə həvəs tükənib... ”, 

eləcə də 

“İkisi də gözəldir – 

Qalmışam arasında-

Ölüm ilə həyatın...

-kimi sətirlərin müəllifinin yaradıcılığını çağdaş mətbuatın gündəmindən kənarda qoysaq yəqin ZAMAN bizi bağışlamaz. Həm də...onun ilhamını bir də yuxuya versək, təkrar oyatmağa ZAMANIMIZ yetərmi?!..

Nəzirməmməd Zöhrablı
jurnalist-publisist

Zöhrab Mehdi

... Bu gecə, 

Yuyub, sərmişəm duyğularımı, 

Tanrıya yaxın olsun deyə-

göy üzünə...

Bu gecə, məndən qorxma, 

Keç üstümdən...

Bu gecə, bambaşqayam-

Lap qarğa, söy üzümə...

... Bu gecə,

Əqrəbinin ucundan

Asmışam yuxumu-

Divardakı saatın...

... Baxıram, 

İkisi də, gözəldir - 

Qalmışam arasında-

Ölüm ilə həyatın...

İçimə düşən işıq-

Ruhumdur,

Əl sallayır-

Sökülən dan yerindən?

...Yoxsa,

Elə min ildir,.. 

Min ildir- Dayanmışam,

Baxıram pəncərəmdən? 

... Yıxılıram, az qala

Heyrətimin  son həddindən. 

... Çırpınır, əlləşir-

Bayaqdan, fağır gecə...

     Pəncərəmin önündə

Sönür, ulduz-ulduz,..

Gözümün qabağında-

Səhəri doğur, gecə...

...

... İlahi,

Bu nədir belə?

Burda nə çox qəbir var,

Hər tərəf baş daşıdı...

... Yarı sevdiklərinə,

Yarı da, sənə xətir, 

Zaman-zaman adamlar

Bura hey, daş daşıdı... 

Ağ daş,

Boz daş, qara daş-

Qismətə bax, bəxtə bax

Burda dönüb baş olub...

Əvəzində,

Neçə baxış, təbəssüm,

Neçə çiyin, neçə baş

Daş üstündə, daş olub...

Üşüyür duyğularım

Daş sükutun içində...

Elə bil, hər şey... 

Zaman da, daşa dönüb... 

Yoxsa, 

Burdan çıxmışdı yola,

Gəzib, dolanıb-yenə:

Adamlar başa dönüb?.. 

... Olan olub... 

Keçən keçib- bax, orda-

Gözüm tutub bayaqdan-

Boşdur bir yer, ilahi...

Qərarsızam,

Gedim, qalım bilmirəm

Nə deyirsən? - 

Sən qərar ver, ilahi...


Oxunma sayı: 4049

Oxşar yazılar