Vaşinqtonda 20 Yanvar şəhidlərinin xatirəsi anıldı – Foto

  • 10:00 - 23 Yanvar

Yanvarın 22-də Azərbaycanın ABŞ-dakı səfirliyində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Avropa.info xəbər verir ki, ABŞ-da yaşayan azərbaycanlı fəallar və səfirliyin əməkdaşları tədbirdə iştirak ediblər.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqə sükutla yad olunub.

Azərbaycan ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək bu günün ilk dəfədir qalib dövlət kimi qeyd edildiyini diqqətə çatdırıb. Səfir 20 Yanvar hadisələrinin ölkəmizin müstəqilliyinin əldə edilməsində müstəsna əhəmiyyət daşıdığını vurğulayıb. Diplomat etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün azərbaycanlıların müstəqillik və azadlıq uğrunda mübarizə apardıqlarını, öz canları bahasına müstəqilliyə nail olduqlarını diqqətə çatdırıb.

Qeyd edilib ki, qanlı 20 Yanvar hadisələri xalqımıza qarşı törədilmiş cinayətdir. Faciə zamanı çoxsaylı günahsız dinc insanın qətlə yetirilməsi Azərbaycan xalqını qorxutmadı, əksinə, onun müstəqillik iradəsini daha da möhkəmləndirdi.

Səfir ulu öndər Heydər Əliyevin hadisələrdən dərhal sonra – yanvarın 21-də Moskvada mətbuat konfransı keçirərək Sovet İttifaqının rəhbərliyini ciddi tənqid etdiyini, bu faciəni törədənlərin cəzalandırılmasını tələb etdiyini xatırladıb və Moskvada tələbə olarkən həmin tədbirdə iştirak etdiyini bildirib. Ulu Öndərin bu çıxışının millətimizin birliyinin formalaşmasında əhəmiyyətli rola malik olduğunu, bu birliyin ölkəmizin Prezidenti və Ali Baş Komandanının rəhbərliyi ilə ötən ilin iyulunda və 44 günlük Vətən müharibəsi zamanı bir daha nümayiş etdirildiyini vurğulayıb. Elin Süleymanov iyul döyüşlərində general Polad Həşimovun və digər şəhidlərimizin bu birliyin möhkəmlənməsində xidmətlərini diqqətə çatdırıb və bütün şəhidlərimizin əziz xatirəsini yad edib. Vətən müharibəsində Ali Baş Komandanın əmri ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsini bütün dünyaya nümunə olduğunu bildirib.

ABŞ-dakı Azərbaycan diasporunun fəal və tanınmış nümayəndəsi Həbib Azərsina 20 Yanvarla bağlı məlumatların Amerikada geniş ictimaiyyətə çatdırılması istiqamətində göstərilən səylərdən, Amerikada yaşayan azərbaycanlıların o vaxtkı fəaliyyətlərindən danışıb. Həbib Azərsina o zaman Amerika mətbuatında Sovet İttifaqında gedən proseslərin böyük diqqətlə izləndiyini bildirib. O, həmin vaxt ABŞ-da hələ yaxşı təşkilatlanmamış azərbaycanlıların 20 Yanvar faciəsinə etiraz əlaməti olaraq Vaşinqtonda Sovet İttifaqının səfirliyi qarşısında keçirdiyi yürüş haqda da danışıb. Bildirib ki, 20 Yanvar hadisələri bütün dünyada, o cümlədən ABŞ-da azərbaycanlıları birləşdirən bir amil olub və hadisələrin gedişi Sovet İttifaqının süqutuna gətirib çıxarıb.

Tədbirdə, həmçinin səfirliyin müşaviri Ayxan Hacızadə çıxış edərək 20 Yanvar faciəsinin nəinki ölkəmizin müstəqillik uğrunda mübarizəsinə, habelə Baltikyanı ölkələrdə və Sovet İttifaqının digər ölkələrində milli hərəkatlara təkan verdiyini, SSRİ-nin süqutuna gətirib çıxardığını, bu hadisələrin tarixi əhəmiyyətə malik olduğunu, habelə azərbaycanlıların əzmkarlıq göstərdiyini vurğulayıb. Qanlı 20 Yanvar faciəsinin Azərbaycanda və regionumuzda yeni dövrün təməlini qoyduğunu, Vətən müharibəsində xalqımızın öz qətiyyətini və şücaətini bir daha nümayiş etdirdiyini bildirib.

Sonra icma üzvlərindən Gündüz Tahirli çıxış edərək 20 Yanvar hadisələrində və 44 günlük Vətən müharibəsində canlarını qurban vermiş şəhidlərimizin eyni amal uğrunda şəhidlik zirvəsinə ucaldıqlarını bildirib, onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd edib.


Oxunma sayı: 716

Oxşar yazılar