Qarabağda növbəti erməni vəhşiliyi: Cəbrayıldakı qəbiristanlıqları eşib, insan sümüklərini çıxarıblar – FOTO

  • 11:27 - 22 Yanvar

“Uzun müddət işğal altında olan digər bölgələrimiz kimi, Cəbrayıl rayonunda da ermənilər bütün infrastrukturu yerlə yeksan ediblər. Abad şəhərin yalnız qalıqları qalıb, şəhərdən əsər-əlamət yoxdur. Onlar bununla kifayətlənməyərək Cəbrayıldakı qəbirstanlıqları da dağıdıblar. Diriləri vəhşicəsinə qətlə yetirən zəhərli ideologiya və xəstə təxəyyül sahibləri ölüləri də qəbirlərində rahat uyumağa qoymayıblar. Qəbirləri eşərək əcdadlarımızın sümüklərini çıxarıb təhqir ediblər”.

Avropa.info-nun məlumatına görə, bunu Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov bildirib.

Deputat deyib ki, ermənilərin vəhşiliyi və amansızlığı bununla bitməyib. Onlar Cəbrayıl rayonunun məscidlərini də dağıdıblar.

“Cəbrayıl rayonunun mərkəzində isə kilsə tikiblər. Əslində bütün dinlərdə məscid, kilsə və sinaqoq Allahın evi sayılır. Ermənilər üçün isə müqəddəs heç nə yoxdur. Bir tərəfdən müsəlman məscidlərini dağıdır, digər tərəfdən Allaha ibadət üçün kilsə tikirlər. Əslində isə hər ikisi Allah evidir, Allaha dua və ibadət etmək üçün inşa olunur”.

C.Məmmədov rəsmi məlumatlara əsasən deyib ki, işğala qədər Cəbrayıl rayonunda 5 tarixi məscid var idi.

“Həmin məscidlər Daşkəsən, Süleymanlı, Məzrə, Çələbilər və Papı kəndlərində yerləşirdi. Əldə etdiyimiz şəkillərə əsasən, həmin məscidlərdən yalnız Papı və Süleymanlı kəndlərindəki ibadətgahların qalıqları qalıb. Ermənilər bu məscidləri də yerlə yeksan ediblər. Bu, bir daha bu xalqın hansı mənəviyyat, əxlaq və tərbiyə sahibi olduğunu göstərir”.

Deputat xatırladıb ki, Ermənilərdən fərqli olaraq Azərbaycan Bakının mərkəzindəki erməni kilsəsini və içərisindəki erməni dilində olan 5 minə yaxın ədəbiyyatı qoruyub saxlayır.

“Budur iki xalq arasındakı böyük fərq. Bu eyni zamanda, Azərbaycan xalqının böyüklüyündən, yüksək mədəniyyətindən digər din və mədəniyyətlərə dözümlü münasibətindən xəbər verir. Çünki Azərbaycan xalqı zəngin tarixə və multikultural dəyərlərə malik xalqdır, gözü toxdur, heç kimə qarşı torpaq iddiası yoxdur.

Prezident İlham Əliyevin çıxışlarında dəfələrlə qeyd edildiyi kimi, Azərbaycan ermənilərin dağıtdıqları bütün mədəniyyət abidələrini, ibadət ocalqarını, məscidləri yenidən bərpa edəcək, onlara tarixi əzəmətini qaytaracaq. Artıq Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu layihələndirmə işlərinə başlayıb. Tezliklə konkret layihələrin icrasına başlanılacaq”.

 

 

 


Oxunma sayı: 5424

Oxşar yazılar