Türkmənistan Prezidenti: Xəzərdə birgə uğurlu fəaliyyətin əsas rəhni türkmən və Azərbaycan xalqlarının möhkəm qardaşlıq telləridir

  • 18:57 - 21 Yanvar

Uzun illər ərzində Türkmənistan və Azərbaycan iki müstəqil dövlət kimi ən geniş istiqamətlər spektri üzrə münasibətləri ardıcıl olaraq inkişaf etdirirlər. İkitərəfli səmərəli əlaqələrin əsasını ən yüksək dövlət səviyyəsində qurulan açıq, konstruktiv və səmimi siyasi dialoq təşkil edir.

Bu barədə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyev ilə videokonfrans formatında keçirilən görüşdə bildirib.

Azərbaycan Prezidenti ilə mütəmadi görüşlərinin gedişində siyasi-diplomatik, ticari-iqtisadi, mədəni-humanitar və sair sahələrdə ikitərəfli tərəfdaşlığa dair mühüm mövzuların müzakirə olunduğunu qeyd edən Qurbanqulu Berdiməhəmmədov deyib: “Sözsüz ki, belə əlaqələrin nəticələri iki dövlətin hökumət və xarici siyasət idarələrinin sonrakı fəaliyyətinin predmetinə çevrilir. Mən bu kontekstdə Türkmənistanın və Azərbaycanın dövlət strukturlarının, yəni Prezidentlər səviyyəsində əldə olunan razılaşmaların icrasına məsuliyyət daşıyan qurumların fəaliyyətinin aktivləşdirilməsini məmnuniyyətlə qeyd etmək istərdim. Bu, öz növbəsində, hər iki tərəfi Türkmənistan-Azərbaycan əməkdaşlığında böyük potensial imkanlardan istifadəyə yönəlmiş yeni ideyaların və təşəbbüslərin axtarılmasına və icrasına stimullaşdırmalıdır”.

Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun əhəmiyyətinə toxunan Türkmənistan Prezidenti bir daha vurğulayıb ki, bu sənəd strateji istiqamətdə - enerji sahəsində ölkələrimizin tərəfdaşlığında prinsipcə yeni mərhələ açır. Bunun üçün zəruri olan hər şey - həm siyasi iradə, həm texniki və texnoloji təchizatın yüksək səviyyəsi, yüksək ixtisaslı kadrlar və neft-qaz sahəsində zəngin iş təcrübəsi var. Lakin Xəzərdə birgə uğurlu fəaliyyətin əsas rəhni əsrlərboyu türkmən və Azərbaycan xalqlarında mövcud olan möhkəm qardaşlıq telləridir.


Oxunma sayı: 2740

Oxşar yazılar