“Dostluq” yatağı: Neft-qaz strategiyamızın inkişafında yeni mərhələ - TƏHLİL

  • 17:28 - 21 Yanvar

Azərbaycanda neft sənayesinin tərəqqisi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi 1970-1980-ci illər Xəzər dənizində yeni yataqların kəşf olunması, ölkəmizin neft emalı, neft-kimya sənayesinin yenidən qurulması və modernləşdirilməsində dönüş mərhələsi kimi dəyərləndirilir.

1970-ci illərə qədər Xəzər dənizində istifadə olunan texniki vasitələr yalnız dənizin dərinlikləri 40 m-ə qədər olan sahələrdə işləməyə imkan verib. 1970-1980-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə respublikaya dəniz yataqlarının işlənilməsi üçün yeni müasir avadanlıqlar - qazma qurğuları, borudüzən gəmilər, 2500 ton yük qaldıra bilən "Azərbaycan" kran gəmisi, geofiziki kəşfiyyat işləri aparan gəmilər və başqa texniki vasitələr gətirilib.

1970-ci ildə “Xəzərdənizneft” İstehsalat Birliyi (İB) yaranıb və SSRİ Neft Sənayesi Nazirliyi Xəzərin bütün sektorlarında geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və digər işlərin aparılmasını Azərbaycan neftçilərinə həvalə edib. Dənizin 200 m dərinliyindəki sahələrdə işləməyə imkan verən “Şelf” tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yaranıb.

1975-ci ildə "Bulla-dəniz" yatağının işlənilməsinə başlanıb, 1979-cu ildə «Günəşli», 1985-ci ildə "Çıraq", 1988-ci ildə «Azəri», 1989-cu ildə "Kəpəz" yatağı aşkar edilib. Azərbaycan hər zaman Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üzrə səylər göstərib.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra aparılmış uzaqgörən siyasət nəticəsində 1994-cü il sentyabrın 20-də Bakı şəhərində tarixə “Əsrin müqaviləsi” kimi daxil olmuş, Xəzər dənizində neft yataqlarının işlənilməsi və hasilatın pay bölgüsü haqqında müqavilələrin imzalanmasına nail olunmuşdur. “Əsrin müqaviləsi”nin imzalanması Xəzər dənizinin mineral sərvətlərindən istifadə üçün dünyanın aparıcı neft şirkətlərinin və xarici investisiyaların cəlb edilməsi üzrə çox mühüm siyasi addım olmuş, bu istiqamətdə ilk dəfə olaraq Xəzər dənizində beynəlxalq əməkdaşlığa yol açılmışdır.

Azərbaycan Respublikası hər zaman Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üzrə səylər göstərmişdir və Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ilk təşəbbüs göstərən ölkələrdən biri kimi çıxış etmişdir. Bu səylər Xəzər dənizində bölgü məsələləri üzrə bütün sahilyanı ölkələrin mövqelərinin yaxınlaşdırılmasına və ümumi razılığın əldə edilməsinə xidmət etmişdir.

Xəzər dənizində bölgü məsələləri üzrə sahilyanı ölkələr arasında dialoq üçün ikitərəfli və çoxtərəfli formatlara üstünlük verilmişdir. Bu çərçivədə 29 noyabr 2001-ci il tarixində “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Saziş”, 23 sentyabr 2002-ci il tarixində “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında Saziş” və 14 may 2003-cü il tarixində “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgü xətlərinin kəsişmə nöqtəsi haqqında Saziş”in imzalanmasına nail olunmuşdur.

Xəzər dənizinin şimal hissəsinin dibinin bölünməsi üzrə razılaşma əldə olunmuşdur ki, bu da öz növbəsində bütün sahilyanı ölkələr arasında Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə beştərəfli formatda aparılan prosesə güclü təkan vermişdir. Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 12 avqust 2018-ci il tarixində “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanmışdır. Xəzər dənizinin hüquqi statusu üzrə ümumi razılaşmanın əldə edilməsi Azərbaycanın Xəzər dənizi üzrə sərgilədiyi strategiyanın məqsədyönlü və əsaslı olduğuna dəlalət edir.

Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı və zəngin neft-qaz ehtiyatlarının olduğu yataq iki ölkənin dəniz sərhədində yerləşir. Yataq SSRİ dövründə azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb.

Ümumiyyətlə, Xəzər dənizində geologiya-kəşfiyyat işlərinin aparılması, yeni yataqların aşkarlanması bilavasitə Azərbaycan neftçilərinin, geoloqlarının adı ilə bağlıdır. Xoşbəxt Yusifzadə, Qurban Abbasov, Bəhmən Hacıyev və digər neftçilərimiz bu işdə böyük rol oynamışlar (bu istiqamət üzrə tarixə nəzər salmaq, Xəzər dənizinin neft-qaz ehtiyatlarının aşkar olunması, hasilatı, işlənilməsində Azərbaycan neftçilərinin rolu barədə materiallar vermək). SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün "Promejutoçnoe", yəni “Aralıq” adlanırılıb. “Dostluq” yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb.

1998-ci ildə Xəzər dənizinin orta xətti koordinatları üzrə Azərbaycan Respublikası ilə Türkmənistan arasında danışıqlar aparılması üçün ekspert qrupu yaradılıb. Dövlət başçıları arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli üçün etibarlı zəmin yaradıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfərləri: 28-29 noyabr 2008-ci il, 21-22 noyabr 2018-ci il, 10 oktyabr 2019-cu il.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərləri: 19-20 may 2008-ci il, 18 noyabr 2010-cu il, 12 iyun 2015-ci il, 8-9 avqust 2017-ci il, 25 oktyabr 2019-cu il, 11 mart 2020-ci il;

Memorandumun imzalanmasının əhəmiyyəti

Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə əldə olunmuş razılaşmaya əsasən, 21 yanvar 2021-ci il tarixində Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanmışdır. Yatağın “Dostluq” adlandırılması iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsidir.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın neft-qaz hasilatı, nəqli, ölkəmizin enerji potensialının daha da yüksəldilməsi istiqamətində yeniliklərin olacağını anons etmişdi. Memorandumun imzalanması tarixi hadisədir, Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir. Yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl və əhatəli infrastrukturu və ixrac kəmərləri vasitəsilə daşınacaq.

Neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini artıracaq. Sənədin imzalanması Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılmasında çox önəmli addımdır. Sənəd həmçinin Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Bu layihənin çox böyük beynəlxalq və regional əhəmiyyəti vardır.

Sözügedən sənədin imzalanması sübut edir ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll oluna bilər. Sənəd Xəzər dənizi regionunda enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə və xarici investorların bu layihələrə cəlb edilməsinə, habelə Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsinə yeni imkanlar yaradır. Razılaşmanın əldə edilməsi eyni zamanda Xəzər dənizinin sülh, mehriban qonşuluq və dostluq dənizi olmasını möhkəmləndirir və Xəzər dənizində əməkdaşlıq və qarşılıqlı etimad mühitinin gücləndirilməsinə töhfə verir.

2021-ci ildə Türkmənistanın təşəbbüsü ilə keçiriləcək Xəzəryanı dövlətlərin dövlət başçılarının növbəti Zirvə Toplantısı ərəfəsində bu Memorandumun imzalanması Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsinin bariz nümunəsi kimi səciyyələndirilir.

Avropa.info


Oxunma sayı: 1178

Oxşar yazılar