Avropa Parlamentindən Qarabağ çağırışı – Plenar iclasda müzakirə olunan illik hesabatda Azərbaycanla bağlı mühüm detal

  • 21:11 - 19 Yanvar

Bu gün Avropa Parlamentinin plenar iclasında Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə İllik Hesabat müzakirə olunur. Hesabat Avropa Parlamentinin Beynəlxalq Əlaqələr Komitəsi tərəfindən hazırlanıb və komitənin sədri Mac Allister tərəfindən müzakirəyə təqdim olunur. Hesabat Avropa Komissiyasının 2021-ci ldə Xarici Siyasət və Təhlükəsizlik istiqamətində fəaliyyəti üçün əsas prioritetləri müəyyənləşdirir və Avropa hökümətinə tövsiyə xarakteri daşıyır.

Bu barədə Avropa.info-ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib ki, hesabatda Şərq Tərəfdaşlığı ölkələri ilə bağlı ayrıca fəsil yer alır və bu fəsildə Şərq Tərəfdaşlığı ölkələrində mövcud problemlərin həlli ilə bağlı Avropa İttifaqının mövqeyinə dair müddəalar var.

Deputatın sözlərinə görə, hesabat layihəsinin 23-cü bəndində Şərq Tərəfdaşlığına daxil olan ölkələrin suverenliyinə, müstəqilliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına Avropa İttifaqı tərəfindən dəstək verilməsinin vacibliyi qeyd olunub:

"24-cü bənddə 9 noyabr 2020-ci ildə Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan Baş nazirinin imzaladığı Birgə Bəyanat əsasında atəşkəsə nail olunması alqışlanır. Avropa Parlamenti münaqişə zonasında status-kvonun sülh yolu ilə deyil, hərbi əməliyyatlar vasitəsilə dəyişdirilməsindən təəssüf etdiyini bildirir, sülh prosesini ATƏT-in Minsk Qrupu formatında davam etdirməyə çağırır. Avropa Parlamenti hər iki tərəfdən mülki şəxslərin ölümünə səbəb olan hadisələri qətiyyətlə pisləyir, qaçqın və məcburi köçkünlərin öz yerlərinə qayıtması üçün zəruri şərait yaradılmasını, müharibə cinayətləri barədə səsləndirilən iddiaların araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edir. Avropa Parlamenti Avropa İttifaqı hökümətini münaqişənin həllində daha fəal mövqe nümayiş etdirməyə və regionun taleyini başqa güclərin ixtiyarına buraxmamağa çağırır".

Hesabat layihəsi hazırda müzakirə olunur və yaxın saatlarda səsverməyə çıxarılacaq.


Oxunma sayı: 3653

Oxşar yazılar