Bayden Dövlət Departamenti rəhbərinin birinci müavini vəzifəsinə Vendi Şermanın namizədliyini irəli sürüb

  • 17:10 - 18 Yanvar

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden ABŞ Dövlət Departamenti rəhbərinin birinci müavini vəzifəsinə Vendi Şermanın namizədliyini irəli sürüb.

AZƏRTAC xəbər verir ki, xanım Şerman Barak Obama administrasiyasında ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini olub və ABŞ ilə İran arasında nüvə proqramına dair danışıqlarda həmin danışıqları aparanlar qrupuna rəhbərlik edib. Bundan əlavə, o, Bill Klinton administrasiyasının Şimali Koreyada yürütdüyü siyasətin əlaqələndiricisi olub. Vendi Şerman həm də Dövlət Departamentində müşavir və qanunvericilik məsələləri üzrə dövlət katibinin köməkçisi vəzifələrində çalışıb. Hazırda o, Harvard Kennedi məktəbi yanında İctimai Liderlik Mərkəzinin direktoru və “Albright Stonebridge Group” konsaltinq şirkətində böyük məsləhətçidir.

Bayden daha sonra elan edib ki, dövlət katibinin siyasi məsələlər üzrə müavini vəzifəsinə Viktoriya Nulandın namizədliyi irəli sürülüb. Nuland əvvəllər Obama administrasiyasında dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsində çalışıb.

Bayden Şerman və Nulanddan əlavə dövlət katibinin idarəçilik və büdcə məsələləri üzrə müavini kimi Brayan MakKeonun, dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini kimi Bonni Cenkinsin, habelə dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini kimi Ueru Zeyyunun namizədliyini nəzərdən keçirir. Bu potensial namizədlərin hamısı Obama administrasiyasında yüksək vəzifələr tutublar.


Oxunma sayı: 3114

Oxşar yazılar